Prezident İlham Əliyev ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin birinci müavinini qəbul edib Siyasət

Prezident İlham Əliyev ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin birinci müavinini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin birinci müavini xanım Alis Uelsi qəbul edib. Xanım Alis Uels Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısına Azərbaycanın ev sahibliyi etməsi ilə bağlı minnətdarlığını bildirdi və bu tədbirin böyük önəm daşıdığını dedi.
Dövlətimizin başçısı xanım Alis Uelsin bu tədirdə iştirak etməsindən məmnunluğunu bildirdi. Xanım Alis Uels bu yaxınlarda qeyd olunmuş Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi və Şahdəniz-2 layihəsinin rəsmi açılışı kimi çox tarixi tədbirlərdən az keçmiş Azərbaycana səfər etməsindən məmnunluğunu bildirdi. O, bu mühüm hadisələrlə bağlı ABŞ Prezidenti Donald Trampın Azərbaycan Respublikası Prezidentinə təbrik məktubları göndərdiyini xatırlayaraq bu münasibətlə öz təbriklərini də çatdırdı.
Dövlətimizin başçısı Amerika Prezidenti Donald Trampın bu iki mühüm hadisə ilə bağlı göndərdiyi məktublara və orada ölkəmiz və ikitərəfli münasibətlərimizlə əlaqədar ifadə etdiyi xoş fikirlərə görə minnətdarlığını bildirdi və bunun əlaqələrimizin strateji önəmini bir daha nümayiş etdirdiyini dedi və qeyd etdi ki, Azərbaycan tərəfi ABŞ Prezidentinin ölkəmizə olan münasibətini yüksək qiymətləndirir. Eyni zamanda Prezident İlham Əliyev Azərbaycanın həyata keçirdiyi nəhəng enerji layihələrinin reallaşmasına ABŞ hökumətinin verdiyi dəstəyin böyük önəm daşıdığını vurğuladı və bildirdi ki, Azərbaycan hər zaman müxtəlif enerji layihələri, o cümlədən böyük əhəmiyyət daşıyan Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasında bu dəstəyi hiss etmişdir.
Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan Əfqanıstan hökumətinə birbaşa və beynəlxalq səylər çərçivəsində dəstək göstərir, və eyni zamanda NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək missiyasına öz töhfəsini verir və bu missiyada Azərbaycan hərbçilərinin sayı artırılmışdır və Azərbaycan gələcəkdə də öz hərbçilərinin sayını artırmağa hazırdır. Prezident İlham Əliyev daha sonra qeyd etdi ki, xüsusilə Bakı-Tbilisi-Qars dəmir yol xətti işə düşdükdən sonra Azərbaycan Əfqanıstana böyük önəm daşıyan logistik dəstəyi təmin edir. Prezident İlham Əliyev bütün bunların Əfqanıstan hökuməti tərəfindən yüksək qiymətləndirildiyini dedi. Dövlətimizin başçısı qeyd etdi ki, Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısı bunu bir daha nümayiş etdirəcək və Əfqanıstanda vəziyyətin sabitləşdirilməsi işinə böyük töhfə verəcək.
Xanım Alis Uelsi Azərbaycan Prezidenti ilə görüşün Əfqanıstana dair məsələlər ətrafında fikir mübadiləsi aparmaq üçün yaxşı imkan yaratdığını dedi. O, Azərbaycanın Əfqanıstana və Əfqanıstan xalqına davamlı dəstəyini, və eləcə də Əfqanıstandakı Qətiyyətli Dəstək missiyasında Azərbaycan hərbçilərinin sayının artırılmasının ABŞ tərəfindən yüksək qiymətləndirildiyini bildirdi.
Söhbət zamanı Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin, siyasi, iqtiosasdi, enerji və təhlükəsizlik sahələrində uğurla inkişaf etdiyi qeyd olundu, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə edildi.