26 Noyabr 13:32
11:29
266
“Bizi tarixi zəfərə aparan əsas amillərdən biri tarixi yaddaşımız olub. Bu baxımdan, tarixi zəfərimizin milli qürurunu yaşadığımız noyabr günlərində həmin qələbəyə aparan yola yenidən nəzər salmalıyıq”.
Xalqcəbhəsi.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Hikmət Babaoğlu parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, müasir dövrdə ideoloji təxribatlara qarşı milli immunitetin gücləndirilməsi baxımından tarixi yaddaşın qorunması xüsusi əhəmiyyət daşıyır.
O, XIX əsrin sonlarında türk dünyasının böyük ideoloqu İsmayıl bəy Qaspıralının irəli sürdüyü “Dildə, fikirdə, işdə birlik” prinsipini xatırladıb. Qeyd edib ki, XX əsrin əvvəllərində Əli bəy Hüseynzadə bu ideyaları türkçülük və turançılıq məfkurəsi ilə əlaqələndirib, Əhməd bəy Ağaoğlu isə onlara müstəqillik və azadlıq komponentlərini əlavə edib.
H.Babaoğlunun sözlərinə görə, bu ideyalar yalnız etnik və milli düşüncə ilə məhdudlaşmayıb, Orta Asiyadan Anadoluya qədər uzanan geniş coğrafiyada yaşayan xalqların rifahını və mənafeyini əhatə edib.
Deputat vurğulayıb ki, həmin tarixi məfkurə mirasının siyasi müstəvidə reallaşdırılmasında Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi rolu olub.
O bildirib ki, 2009-cu ildə Naxçıvanda türkdilli dövlətlərin əməkdaşlıq təşkilatının yaradılması ilə İsmayıl bəy Qaspıralının “Dildə, fikirdə, işdə birlik” ideyasının institusional və siyasi təşkilatlanmış forması yaradılıb.
H.Babaoğlu qeyd edib ki, 2020-ci ildə əldə edilən tarixi Zəfər Əli bəy Hüseynzadənin ideallarının, 2023-cü il sentyabrın 20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri isə Əhməd bəy Ağaoğlunun müstəqillik və azadlıq ideyalarının reallaşması baxımından mühüm mərhələ olub.
Deputatın sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev tarixi mütəfəkkirlərin irəli sürdüyü üç əsas prinsipi siyasi məfkurə və dövlətçilik fəlsəfəsi kontekstində həyata keçirib:
“Bayrağımızın üç rəngində öz əksini tapan hər üç prinsipin tarixi mütəfəkkirlərimizin irəli sürdüyü tezislər əsasında siyasi məfkurə kontekstində həyata keçirən Azərbaycan Prezidenti oldu, Müzəffər Ali Baş Komandanımız oldu”.
Günel Elxan
11:20
343
26 Noyabr 16:09
1 337
26 Noyabr 13:32
1 554