26 Noyabr 13:32
Bəhruz Məhərrəmov: “Azərbaycana qarşı planlı fəaliyyətlər araşdırılmalıdır”
Bakıda Estoniya səfirliyinin rəsmi açılış mərasimi keçirilir - FOTO
Estoniya XİN rəhbəri: Bakıda səfirlik açacağımıza söz vermişdik, vədimizi yerinə yetirdik
Məleykə Abbaszadə C bloku ilə bağlı məsələni nəzarətə götürüb, işçi qrupu yaradılıb
11:12
196
“Estoniyanın Bakıda səfirliyinin açılması ölkələrimiz arasında dostluq münasibətlərinə və uzunmüddətli əməkdaşlığa sadiqliyimizin göstəricisidir”.
Bunu Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna Bakıda ölkəsinin səfirliyinin rəsmi açılış mərasimində çıxışı zamanı bildirib.
Nazir Estoniya üçün Azərbaycanda səfirliyin açılmasının prioritet məsələlərdən biri olduğunu vurğulayıb.
“Yeni səfirliklərin açılması heç də asan məsələ deyil. Bunun üçün maliyyə vəsaitinin ayrılması ilə bağlı danışıqlar aparmaq lazım gəlir. Lakin bizim üçün yeni səfirliklərin açılması çox vacib idi və Azərbaycan prioritetlərimizdən biri olub. Azərbaycan həm regional, həm də tarixi baxımdan bizim üçün çox mühüm tərəfdaşdır. Xalqlarımız bir-birini tanıyır, ölkələrimiz arasında işgüzar əlaqələr inkişaf edir”, – Tsaxkna qeyd edib.
Estoniya XİN başçısı ötən il Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevə Bakıda səfirlik açılacağı ilə bağlı söz verdiyini xatırladıb.
“Ötən il burada olarkən Prezident İlham Əliyevə söz vermişdim ki, gələn il yenidən Azərbaycana gələcəyəm və səfirliyimizi açacağıq. İndi Prezident İlham Əliyevlə görüşdən gəlirəm və deyə bilərəm ki, biz estoniyalılar sözümüzün üstündə dururuq. Bu, bizim üçün çox vacibdir”, – nazir vurğulayıb.
Marqus Tsaxkna Estoniyanın Azərbaycandan öyrənə biləcəyi çox şeyin olduğunu da bildirib.
“Qonşularla necə münasibət qurmaq, diplomatiya, demokratiya, iqtisadi inkişaf və regional proseslərdə necə lider olmaq, eləcə də dostluq münasibətlərini necə inkişaf etdirmək baxımından Azərbaycandan öyrənə biləcəyimiz çox şey var”, – o deyib.
Nazir iki ölkə arasında uzunmüddətli əməkdaşlığın gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.
“Estoniyalı ilə bir dəfə dost oldunuzsa, bu dostluq əbədi davam edəcək. Mən bunu yaxşı bilirəm. Xarici işlər naziri ilə də dostluq münasibətlərimiz var və əminəm ki, gələcəkdə Azərbaycanda daha çox dostumuz olacaq”, – Tsaxkna əlavə edib.