Bəhruz Məhərrəmov: “Azərbaycana qarşı planlı fəaliyyətlər araşdırılmalıdır” Gündəm

Bəhruz Məhərrəmov: “Azərbaycana qarşı planlı fəaliyyətlər araşdırılmalıdır”

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Bəhruz Məhərrəmov Azərbaycana qarşı beynəlxalq müstəvidə həyata keçirilən fəaliyyətlərdən, dövlət qurumlarının daxili yazışmalarının xarici dairələrin əlinə keçməsi hallarından danışıb.

Deputat parlamentin bugünkü plenar iclasında çıxışı zamanı bildirib ki, Ermənistanda yeni Konstitusiya layihəsinin dərc olunması, Zəngəzur dəhlizinin praktiki icrası istiqamətində irəliləyiş və iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında birbaşa təmaslar Azərbaycanın irəli sürdüyü sülh şərtlərinin regionda reallığa çevrildiyini göstərir.

O qeyd edib ki, Fransadan və Avropa Parlamentindən gələn bəzi qərəzli yanaşmalar regionda sülh və etimad quruculuğu prosesinə mane olmağa çalışan dairələrin hələ də aktiv olduğunu göstərir.

Deputat vurğulayıb ki, Azərbaycanda separatçıların və ağır cinayətlərdə ittiham olunan şəxslərin məhkəmə proseslərinin beynəlxalq mediada siyasiləşdirilməsi cəhdləri də bu fəaliyyətlərin tərkib hissəsidir.

B.Məhərrəmovun sözlərinə görə, 30 il ərzində bir milyon insanın fundamental hüquqlarının pozulmasına göz yuman beynəlxalq qurumların bu gün ayrı-ayrı məhkəmə proseslərinə fokuslanması insan hüquqlarına səmimi yanaşma hesab edilə bilməz.

Deputat dövlət qurumlarının daxili yazışmalarının və qapalı məlumatlarının Avropadakı anti-Azərbaycan dairələrin və media şəbəkələrinin əlinə keçməsi məsələsinə də diqqət çəkib.

O bildirib ki, belə hallar yalnız qanunvericiliyin pozulması, vəzifə səlahiyyətlərindən sui-istifadə və ya səhlənkarlıq kimi qiymətləndirilməməlidir. Bu faktlar milli təhlükəsizlik və dövlət idarəçiliyinin hüquqi-institusional bütövlüyü baxımından ciddi araşdırma tələb edir.

Deputat qeyd edib ki, məlumatların hansı səbəbdən ötürüldüyü, bunun fərdi ambisiyalar, idarələrarası rəqabət, korporativ maraqlar, yoxsa siyasi sifarişlə bağlı olduğu mütləq araşdırılmalıdır.

B.Məhərrəmov əlavə edib ki, bütün bu cəhdlər Azərbaycanın yaratdığı reallıqlara təsir göstərə bilməz. Onun sözlərinə görə, Azərbaycan Cənubi Qafqazda sabitliyin qarantı, qlobal təhlükəsizlik dialoqunun aparıcı aktoru, Avrasiyanın enerji, nəqliyyat və təhlükəsizlik arxitekturasında isə əvəzolunmaz tərəfdaş kimi mövqeyini daha da gücləndirir.

Günel Elxan