“Türkdilli dövlət başçılarının görüşləri çox vacibdir” Siyasət

“Türkdilli dövlət başçılarının görüşləri çox vacibdir”

"Türkdilli dövlət başçılarının görüşləri çox vacibdir. Bu Türkdilli dövlətlər arasında inteqrasiyanı gücləndirmək məqsədilə həyata keçirilən görüşlərdir". Bunu politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, konkret olaraq sazişlər imzalanmasa da fikir mübadiləsinin aparılması özlüyündə vacibdir: "Bəzən olurdu ki, hansısa ölkələr arasındakı münasibətlərdə müəyyən suallar yaranırdı. Məsələn, Özbəkistanın prezidenti vaxtilə bu birlikdən bir qədər kənar dayanmışdı. Yeni prezident yenidən Özbəkistanı türk birliyinə gətirdi. Eləcə də Türkiyənin, Qırğızıstanın siyasəti ilə bağlı müəyyən suallar var idi. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın özü də səsləndirdi ki, Qırğızıstan gərək bu proseslərdə aktivləşsin. Yəni bütün bu məsələlərin müzakirəsinə ehtiyac var.
Hətta bu yaxınlarda Xəzərin hüquqi statusu ilə bağlı Konvensiya imzalandı. Burada da üç türkdilli dövlət - Azərbaycan, Qazaxıstan və Türkmənistan iştirak edirdi. Xəzər hövzəsində bu üç dövlətin əməkdaşlığı yaxın gələcəkdə genişləndirilə bilər. Bu həm enerji resursları istiqamətində əməkdaşlıq ola bilər, həm də yükdaşımaların artırılması ola bilər. Yəni bu məsələlərin müzakirəsinə çox ehtiyac var. Türkdilli dövlətlərin bu sammitləri heç bir dövlətə qarşı deyil. Bu proses əvvəllər təzə başlayanda bəziləri ehtiyyat edirdi ki, guya bölgədə "Turan" ideyası güclənir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) hərbi blok deyil. Bu ancaq bir platformadır".
Qeyd edək ki, bu gün Qırğız Respublikasının Çolpon-Ata şəhərindəki Çingiz Aytmatov adına "Rux Ordo" Mədəniyyət Mərkəzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Sammiti işə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də Sammitdə iştirak edir.