Putin-Paşinyan görüşündə Qarabağ prioritet mövzu ola bilər Siyasət

Putin-Paşinyan görüşündə Qarabağ prioritet mövzu ola bilər

Azərbaycan Rusiya ilə siyasi, iqtisadi, mədəni, hərbi sahədə tərəfdaşdırlar. Bu gün iki dövlət birgə böyük proqramlar icra edir. Azərbaycan Rusiya üçün həm də strateji partnyor kimi gərəklidir.
Politoloq Arzu Nağıyev belə deyib.
Onun sözlərinə görə, logistik daşınmaları həyata keçirmək üçün Rusiya Azərbaycan ərazisindəki tranzit dəhlizlərdən istifadə edə bilər: "Bunu karbohidrogen, neft sənayesi ilə bağlı məsələlərə də aid etmək olar. Hərbi cəhətdən Rusiya silahının ən böyük alıcısıyıq. Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan üçün prioritet istiqamət olaraq qalmaqdadır, ATƏT-in Minsk Qrupunun həmsədrləri sırasında Rusiya açar fiqurdur.
Buna görə də Rusiya ilə Azərbaycanın qarşılıqlı münasibətləri mühüm əhəmiyyət kəsb edir. Qonşuyuq, uzun sərhədimiz var, iqtisadi əməkdaşlığa dair birlikdə yol xəritələri cızılıb, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizində Rusiyaya qarşı sanksiyalar fonunda müəyyən problemlərin həllində qarşılıqlı münasibət saxlaya bilərik.
Eləcə də Azərbaycanda Rusiya mədəniyyətinə yüksək səviyyədə diqqət yetirilir, rus dilinin inkişafı, digər etniklərə qarşı tolerant davranış, multikultural dəyərlər qorunur".
Ermənistan baş naziri Nikol Paşinyanın sentyabrın 8-də Rusiya prezidenti ilə keçirilməsi nəzərdə tutulan görüşə toxunan politoloq bu görüşün sayca üçüncü olacağını qeyd edib: "Birinci dəfə tanışlıq məqsədilə, ikinci görüş dünya çempionatının açılış mərasimində baş tutmuşdu, üçüncü görüş isə daha ciddi olacaq. Gündəlikdə son vaxtlar müzakirə edilən Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müşahidəçi qismində üzvlüyü məsələsi ola bilər.
Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistana təsir etməlidir. Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşündən sonra ərazi bütövlüyü ilə bağlı məsələyə diqqət yetirilməlidir. "Qarabağ klanı"nın həbsləri, hətta sabiq prezident Robert Köçəryanın həbsi məsələsi gündəmdə ola bilər. Bundan əvvəl Putinin Köçəryana zəngi ilə bağlı müəyyən anonslar verilmişdi".
Arzu Nağıyevin fikrincə, əsas müzakirə mövzusu regional təhlükəsizlik, Dağlıq Qarabağ münaqişəsinin həlli və müəyyən təlimatların alınması ilə bağlı olacaq: "Paşinyan həm Rusiya, həm də Qərblə danışıqlara gedir. İrəvanda Qərbdən maliyyələşən QHT-lərin sayı artmaqda davam edir. Bu kontekstdə söhbətlərlə yanaşı, Qarabağ məsələsi də danışığın prioritet istiqaməti ola bilər".