“Dünyada bu kimi bəyanatları ciddi qəbul etmirlər” Siyasət

“Dünyada bu kimi bəyanatları ciddi qəbul etmirlər”

Səməd Seyidov: "Ermənistan danışıqlar prosesinin içindədir"

"Nikol Paşinyanın bu cür bəyanatları onun zəifliyindən qaynaqlanır". Bunu Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov bildirib. Onun sözlərinə görə, Paşinyanın bu cür sərsəm bəyanatlar səsləndirməsinin bir səbəbi də onun apardığı "siyasətin" uğursuzluğundan irəli gəlir. "Birincisi, Ermənistanın baş nazirinin səsləndirdiyi fikirlər beynəlxalq qanunlara, danışıqlar prosesinə, tamamilə ziddir. Ümumiyyətlə, dünyada bu kimi bəyanatları ciddi qəbul etmirlər. Ermənistan danışıqlar prosesinin içindədir. Paşinyanın bu cür bəyanatlar səsləndirməsi danışıqlar prosesinə güclü zərbə vurur. Təhdid altında qoyur. Danışıqlar prosesinə ciddi təsir edir. İkincisi, bu bəyanatlar Ermənistanın danışıqlar prosesində ciddi ölkə kimi iştirakını sual altında qoyur.Üçüncüsü, Nikol Paşinyanı qeyri-ciddi siyasətçi kimi təqdim edir. Dördüncüsü, bu bəyanatla Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi məsələsi tam məsuliyyətlə Ermənistanın üzərinə qoyulur. Nəhayət, beşincisi, beynəlxalq təşkilatlarda Azərbaycana imkanlar yaradır ki, Ermənistanın apardığı siyasəti ifşa edək. Eyni zamanda, dünyaya özünü islahatçı, demokrat göstərmək istəyən şəxsin əsl mahiyyətini, iç üzünü açaq. Onun danışıqlar prosesinə zərbə vurub Ermənistanın tamamilə Avropa dəyərlərindən kənar istiqamətə sürükləyən bir diktator kimi təqdim edək".
Bir çox ekspertlər isə hesab edir ki, Nikol Paşinyanın uğursuz Rusiya səfərindən sonra Dağlıq Qarabağa gedərək sərsəm fikirlər səsləndirməsi, işğalçı ölkədə öz hakimiyyətini möhkəmləndirməyə, daxildəki sosial və siyasi böhran ab-havasını sakitləşdirməyə yönəlib.