“Təlimlər Ermənistan üçün son xəbərdarlıqdır“ Siyasət

“Təlimlər Ermənistan üçün son xəbərdarlıqdır“

Azərbaycan Ordusu geniş hərbi təlimlərə başlamaqla Ermənistan rəhbərliyi və cəmiyyətində narahatlıq və qorxu yaradıb.
Bunu analitik Ehtiram Aşırlı deyib. Analitik qeyd edib ki, Azərbaycan Ordusunda sentyabrın 17-dən 22-dək davam edəcək təlimlərə 20 mindən artıq şəxsi heyət, 200-dən çox tank və digər zirehli texnika, 120-dən çox müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 10-dək qırıcı və bombardmançı, 20-dək müxtəlif təyinatlı ordu aviasiyasının cəlb edilməsi Ermənistan cəmiyyətinin həyacanlanmasına səbəb olub.
"Bu genişmiqyaslı təlimlər, regionda analoqu görülməyən hərbi təlimlərdən biridir. Azərbaycan Ordusu hərbi-texniki imkanlarına görə regionda yalnız Rusiya ordusundan sonra belə təlimlər keçirmə potensialına sahibdir. Hesab edirəm ki, bu təlimlər Ermənistan hökuməti üçün Azərbaycanın son xəbərdarlığı ola bilər. Azərbaycan Ordusu genişmiqyaslı hərbi təlimlər keçirməklə hər zaman müharibəyə hazır olduğunu göstərib. Biz bunu xüsusilə, Aprel döyüşlərində və Günnüt əməliyyatlarında əldə olunan uğurlu hərbi əməliyyatların timsalında şahidi olduq. Digər tərəfdən, Nikol Paşinyan qeyd edir ki, heç bir güzəştə getməyəcək. Bu danışıqların məhvinə yönəlik hesablanmış addımlardır".
E.Aşırlı vurğulayıb ki, ATƏT-ın Minsk qrupunun həmsədrləri səssizliyini qoruyur və Ermənistan hokumətinin danışıqlardan yayınmaq cəhdinə heç bir reaksiya vermirlər:"Görünür, Qərb münaqişənin həllində maraqlı deyil. Lakin Azərbaycan tərəfi də bu səssizliyini çox qorumaya bilər. Hazırda Ermənistanın baş nazirinin Qarabağ danışıqlarından yayınmaq cəhdləri, Azərbaycana imkan verir ki, növbəti əks-hücumla bir neçə rayonu işğaldan azad etsin. Azərbaycan Ordusu çevik hərbi əməliyyatlara başlayarsa, Aprel döyüşlərində və Günnüt əməliyyatlarında olduğu kimi Ermənistan ordusu növbəti dəfə ordumuzun gücünə yaxından bələd olacaq".