Paşinyan Kremlə dirsək göstərir, situasiya Azərbaycanın lehinə dəyişir Siyasət

Paşinyan Kremlə dirsək göstərir, situasiya Azərbaycanın lehinə dəyişir

Artıq ən müxtəlif xəbər agentlikləri baş nazir Nikol Paşinyanın istefa xəbərini yaydılar. Beləcə, təxminən iki aylıq müddətə ölkə seçki dövrünü yaşamalı olacaq. Analitik Hüseynbala Səlimovun fikrincə, ən qəribəsi isə budur ki, bu normal anlamda bir seçki yox, nəticəsi irəlicədən bəlli olan, razılaşdırılmış səsvermə olacaq. Belə ki, N.Paşinyanın Robert Koçaryan kimi əsas rəqiblərinin seçkiyə qatılmaması bir tərəfə, digər partiyalar da indidən baş nazir postuna namizəd irəli sürməyəcəkləri haqqında vədlər verirlər.
Ona görə də güman etmək olar ki, seçki nəhayət ki, erməni "məxməri inqilabı"nın nəticələrini rəsmiləşdirəcək və neçə aydır ki, bu ölkədə küçə və meydanlarda mövcud olan hakimiyyətə axır ki, institusional məzmun və forma verəcək. Ona görə də əksər təhlilçilər diqqəti indidən seçkidən sonrakı dövrə yönəltməyə çalışırlar: məlumdur ki, Paşinyan nəhayət "seçilmiş" baş nazir olacaq. Bəs bu, Ermənistanın siyasətində, xüsusən də onun regional müstəvisində, ən başlıcası da bu ölkənin Rusiya ilə münasibətlərində nə kimi nəticələrə gətirib çıxaracaq?
Bu günlərin söhbəti olar. Ermənistanla bağlı bir xəbər diqqətimizi cəlb etdi. Söhbət İrəvandakı Rus Dram Teatrı ilə bağlı idi. Ermənilər ölkələrində artıq rus dilli teatra ehtiyac görmürlər. Bəlkə də bu xəbər bir qədər ictimai, siyasətə bilavasitə dəxli olmayan xəbər kimi görünə bilər, amma düşmən ölkəni Rusiyadan ayıran bu cür amillər getdikcə çoxalır. Ruslar İrəvanda Q.Njdeyə qoyulmuş heykəldən hələ danışmaqda davam edirlər. Amma ermənilərin onu götürmək fikirləri yoxdur...
O ki qaldı məsələnin bilavasitə siyasi tərəflərinə, xatırlayırsınızsa, bu yaxınlardaca prezident A.Sarkisyan Moskvaya səfər etmişdi. Məqsəd də KTMT-da general Y.Xaçaturovu başqa bir ermənilə əvəz etmək üçün Kremli razı salmaq idi. Amma tərəflər razılaşa bilmədilər. Qərəz, müxtəlif məzmunlu bu iki informasiyanı qeyd etməkdə məqsədimiz əski forpostla Moskva arasında dərinləşən ixtilaflara diqqət çəkmək idi. Biz hələ İrəvanın frankofoniya içrə qərar tutmaq istəyindən yazmadıq,- İrəvan nə az, nə də çox, fransız dilli ölkələrin ailəsində qərar tutmaqda israrlıdır...
Bir sözlə, bu bir neçə qeydi ümumiləşdirərək demək olar ki, bir tərəfdən İrəvanı Kremldən ayıran amillər artır, digər bir tərəfdən də Ermənistanın özünə yeni dostlar və ya hamilər axtarmaq istəyi güclənir. Elə biz özümüz də əvvələr dəfələrlə yazmışdıq ki, gec-tez iki yaxın müttəfiq arasında dərin "çat"lar yaranacaq, çünki bunu zəruri edən bir neçə ciddi amil var.
Birincisi, Kremlin regiondakı maraqlarını tamamilə onların məqsədlərinə tabe etməməsi, Moskvanın Azərbaycanla da yaxşı münasibətlər saxlamağa çalışması, xüsusən də son dövrlərdə Ankara ilə yaxınlaşması erməniləri çox əndişələndirir və onlar bununla bağlı narazılıqlarını da imkan düşəndə izhar etməkdən çəkinmirlər.
İkincisi, İrəvanı Moskvaya bağlayan əsas amil Qarabağdır. Nə Avrasiya İttifaqı, nə Gömrük Birliyi Ermənistanın çökmüş iqtidadiyyatı üçün yaxşı heç nə vəd etmir. Haylar başa düşür ki, Kremlin dostluğundan və quru vədlərindən çörək hasil olmayacaq və elə bunun üçün də yeni dostlar və hamilər axtarırlar.
Üçüncüsü, Qərb tərəfdarı olan ermənilərlə Rusiya tərəfdarı olan ermənilər arasında çoxdandır ki, savaş gedir. Ötən il hətta S.Sarqsyanın Avropa Birliyilə saziş imzalmasına məcbur olması bir növ Qərbdəki erməniləri də razı salmaq istəyilə bağlı idi. Üstəlik, "məxməri inqilab" o deməkdir ki, bu savaşda Qərb tərəfdarı olan ermənilər qalib gəldilər, ona görə ki, Ermənistanın özündə də, Rusiyada da N.Paşinyanı və onun tərəfdarlarını "Sorosun uşaqları" və "Ağ Evin uşaqları" deyə çağırırlar.
Odur ki, növbəti ildən başlayaraq böyük ehtimalla Ermənistanla Rusiya arasında ciddi qarşıdurmalar yaşanacaq. Aydın məsələdir ki, Kremldə də boş dayanmırlar, güman ki, müxtəlif ssenarilər hazırlayırlar. Kremlin son qərarı bu idi ki, Paşinyan Rusiyanın adamı olmasa da, İrəvan Rusiyanındır və gələcəkdə də onun olmalıdır. Bu səbəbdən də bu yaxınlarda Bakıda səfərdə olan prezident Vladimir Putin İrəvana da səfər etməli idi, amma bəlli olduğu kimi Rusiya prezidenti N.Paşinyanla Düşənbədə görüşməyə qərar verdi ki, bu da ermənilərə daha bir işarə idi.
Aydındır ki, İrəvanla Moskva arasındakı ixtilaf dərinləşsə Kreml ən əvvəl bunu içəridən həll etməyə çalışacaq. Amma içəridə hələki Paşinyanın dayaqları güclüdür və güman ki, Kreml strateqləri də bunu nəzərə alırlar. İkinci təzyiq üsulu isə əlbəttə ki, Qarabağdır və bunu reallaşdırmağın ən asan yolu da bu məsələdə İrəvanın arxasından çəkilmək və onu Azərbaycanla təkbətək qoymaqdır. Amma düşünürük ki, bu halda Kreml Bakıdan da nəsə qoparmağa çalışacaq və bu əlbəttə ki, ilk növbədə KTMT-na və Avrasiya İttifaqına üzvlüklə bağlı ola bilər.
Bəs bu halda Azərbaycan nə etməlidir? Əslində Bakı öz hərbi-siyasi statusunu müəyyən edərkən, hərbi bloklara qoşulmayan dövlətlərin hərəkatına üzv olarkən Moskvanın maraqlarını nəzərə alıbdı - Bakı nə qonşu Tbilisi kimi buralara NATO-nu çəkib gətirmək fikrindədir, nə də İrəvan kimi özünə yeni hamilər aramır. Əsas odur, Bakı ilə ittifaqda bir müəyyənlik və stabillik var və düşünürük ki, Kreml nəhayət ki, bunu dəyərləndirməyi bacarmalıdır...