“İran Azərbaycanın dost və qardaş münasibətlərini yüksək dəyərləndirir” Siyasət

“İran Azərbaycanın dost və qardaş münasibətlərini yüksək dəyərləndirir”

ABŞ-ın İrana qarşı təxminən 40 ildir davam edən sanksiyaları, nəhəyət ki, iki-üç il əvvəl ləğv ediləndə, hamımız artıq Yaxın Şərqdə sülhün güclənəcəyini zənn etdik. Amma bu belə olmadı, Donald Trampın simasında Respublikaçıların hakimiyyəti Barak Obamanın simasında Demokratların istər ölkə daxilində, istərsə də xaricdə qazandığı uğurların bir-bir üzərindən xətt çəkməyə başladı. Bunlardan biri də 5+1 ölkələrinin İranın nüvə proqramına dair imzaladığı çözüm sazişindən çıxmasıdır. Arxasınca da İrana qarşı əvvəlki sanksiyaları bir az daha sərt formada tətbiq edib. Bununla da bölgəmiz, hətta dolyasıyla bütün dünya ciddi sıxıntılara girməkdədir. Bəs bu vəziyyətdə dünya hara gedir, sonumuz nə olacaq? Bir çox məsələdə Demokratların üstün olduğu Konqresin dəstəkləmədiyi Tramp çaşdırıcı qərarları ilə dünyanın səmtini hara çevirir?
İranın ölkəmizdəki səfiri Cavad Cahangirzadə bildirib ki, Amerikanın İranla üz-üzə dayanması, aralarında ixtilaf yeni deyil: bir tarix 40 il əvvəldən, başqa bir tarix 70 il əvvəldən başlayır: "O vaxt İranın milli hökumətinə qarşı çıxan Birləşmiş Ştatlar baş nazir Məhəmməd Musaddıqı devirib, şahı yenidən hakimiyyətə gətirdi. O zamandan ölkələrimiz arasında problem var. Şah devrində Amerikanın ölkəmizdə yüzlərlə müşaviri vardı. İqtisadiyyatın demək olar ki, bütün sahələri üzrə müşavirləri çalışırdı. Onlar istəyirdi ki, İranı istədikləri kimi idarə etsinlər. Amma İran xalqı buna razı deyildi, istəmirdi ki, kimsə onun iç işlərinə qarışsın. İslam inqilabının baş verməsi ilə Amerika İran üzərində nəzarətini tamam itirdi. Amma bilin ki, İran Asiyanın və Yaxın Şərqin ən vacib ölkələrindən biridir və ABŞ onun əhəmiyyətini ciddi anlayırdı. Ona görə də bu itki ilə razılaşa bilmirdi".
Diplomat qeyd edib ki, inqilabdan sonra İraqla İran arasında 8 il davam edən müharibə başladı. Həmin dövrdə də ABŞ və digər qüvvələr İranı məğlub eləsin deyə İraqa hər cür dəstək verirdilər. İndi deyirlər Amerika ilə İran arasında etimadsızlıq divarı var. Bu neçə ildə həmin divarı dağıtmaq üçün nəinki bircə kərpic götürülməyib, əksinə, Trampın məlum qərarı ilə həmin divar daha da möhkəmləndirildi: "Harda görünüb ki, 5-6 dövlətlə bir ölkə iki il boyunca bənd-bənd, kəlmə-kəlmə danışıqlar aparsın, sonda da bir sənədə qol çəkilib, razılıq bağlansın, amma sonda bir nəfər çıxıb desin ki, mən Amerikanın prezidentiyəm, bu proses onu qane eləmir və sənədi cırsın. Beynəlxalq qaydaları bundan artıq heçə saymaq mümkün deyil. Bu İrana və onun timsalında bütün ölkələrə mənfi ismarıcdır. Yəni ABŞ demək istəyir ki, bundan sonra harda və hansı dövlətlə danışıqlar aparılsa, mütləq Ağ Evdən icazə alınsın. Müqavilələr dövlətlər arasında bağlanır, prezidentlər sadəcə icraçıdır. Məsələn, tutaq ki, İran və Azərbaycan prezidentləri arasında müqavilələr imzalanıb, amma cənab Ruhani bir neçə il sonra dövlət başçısı postundan gedəcək. Çünki İranda yalnız iki dövrə prezident seçilmək olar. Belə çıxır ki, o gedəndən sonra ölkələrimiz arasındakı sazişlərə xitam verilməlidir, əlbəttə ki, yox. Burada söhbət bilirsiniz necədir, Obama prezident olanda Tramp onu tənqid edirdi, deyirdi ki, o, Amerikanı zəiflədərək dünyanın birinci dövləti statusundan məhrum edib. Ona görə də Tramp dediyinin üstündə dayanır və birinciliyi qaytarmağa çalışır. ABŞ onun hakimiyyəti dövründə bir sıra qlobal sazişlərdən çıxdığını elan edib".
Səfir onu da qeyd edib ki, ABŞ-da keçirilən seçkilərdən sonra Tramp iqtidarının mövqeyi bir az yumşalma hiss olunur: "Seçkidən sonra qüvvələr nisbəti bir az dəyişib, baxaq görən nə olacaq. Amerikanın öz daxilində də müxalif mövqeli insanlar var. Məsələn, Pompeo, Bolton və sair belələrindəndir. Son seçkidən sonra fərqli hadisələrin baş verməsi gözləniləndir. Çünki Amerika bu syasəti ilə bir yana çıxası deyil. Gözləyək görək nə olur".
Səfirin fikrincə, Vaşinqtonun yeni sanksiyaları İranda əvvəlki sahələrə tətbiq olunur: "Düzdür, təxminən üç il olardı ki, həmin embarqolar qaldırılmışdı, Tramp onları yenidən geri qaytarıb. Deyirlər ki, dava-dərmana, kənd təsərrüfatı məhsullarına və sair sanksiya tətbiq olunmur, amma yalandır. Axı həmin məhsulları alıb gətirmək üçün valyutanın dövr etməsi lazımdır. Əgər pul əməliyyatları dayandırılırsa, o zaman necə alaq dərmanı? Düzdür, İran dərmana olan ehtiyacının 97 faizini yerli istehsal hesabına ödəyir, amma qalan üç faiz var ki, onları Avropadan alırıq. Bunlar çox ağır onkoloji və sair xəstəliklər üçün olan dərmanlardır. Bu gün dünyanın hər yerində, ö cümlədən Azərbaycanda, Türkiyədə, Avropada, Amerikada tələbələrimiz təhsil alır, onlara pul necə göndərilsin, axı bank köçürmələri dayandırılır. Söz açdığımız hadisələr bu gün İranın başına gəlir, amma digər ölkələr də sığortalanmayıb, sabah onlar da bununla üzləşə bilərlər. Onu da deyim ki, əvvəlki sanksiyalar indikindən daha yüngül və miqyası dar idi. İndi vəziyyət çox çətindir. Amerika istəyir ki, kənardan təzyiqləri artırmaqla ölkə daxilində xalqı ayağa qaldırsın. Bu onların uzun illərdir həyata keçirmək istədiyi plandır, amma İran xalqı bunu başa düşür və təxribata uymayacaq. Deyiblər 2019-cu ilədək İran hakimiyyətini dəyişəcəklər, iki ay qalır 2019-cu ilə, baxaq görək gücləri çatacaqmı. İran müzakirələrə tərəfdardır və neçə ildir ki, danışıqlarda fəal iştirakı ilə bunu isbatlayıb. Biz deyirik ki, bəli, sülh müharibədən yaxşıdır, danışmaq da susmaqdan yaxşıdır. Amma sonunda mütləq nəticə olmalıdır, boş yerə vaxt itirilməməlidir".
Səfir onu da vuirğulayıb ki, nüvə proqramı üzrə müzakirələrin tərəfi olan ölkələr əvvəldən bildiriblər ki, ABŞ-ın mövqeyi ilə razı deyillər. Eyni münasibəti Beynəlxalq Atom Enerjisi Agentliyi də bildirib. Rusiya, Çin də ədalətli mövqe nümayiş etdirir bu məslədə. Biz həmin dövlətlərdən gözləyirik, görək dediklərinə əməl edə biləcəklərmi. Ümumiyyətlə, bütün dost və tərəfdaş ölkələrdən gözləntilərimiz var.
Onu da qeyd edək ki, prezident Ruhaninin Fransaya səfəri zamanı 100 Airbus təyyarənin alınmasına dair saziş bağladı. Səfir bildirib ki, təyyarələrdən beşi artıq İrana gətirlib. Amma qalanlarının da tezliklə gətiriləcəyi gözlənilmir: "Bu qalır qarşı tərəfin verdiyi sözü tutmasına".
Diplomat onu da qeyd edib ki, İsrail, Səudiyyə Ərəbistanı və bir neçə kiçik ərəb ölkəsindən başqa ABŞ-ın İrana qarşı sanksiyalarıni açıq dəstəkləyən dövlət yoxdur: "Bayaq da dedim, istər Avropa olsun, istər Çin, Rusiya, Hindistan və ya İranın yaxın qonşuları, hər biri Vaşinqtonun qərarına qarşı çıxdığını bildirib. O ölkələr ki, Vaşinqtonu açıq şəkildə, cani-dildən dəstəkləyirlər, sayları çox azdır. Hesab edirəm həmin ölkələrin İranla əlaqələri o qədər də geniş deyil. Təbii ki, az da olsa ziyana düşmələri qaçılmazdır. Amma mən deyərdim ki, ən böyük ziyan ümumilikdə dünyaya dəyəcək. Özü də bunun iqtisadi ziyanları siyasi zərərlərdən çox aşağıdır. Çünki belə getsə, dünyada heç kimin heç kimə etibarı qalmayacaq".
Səfirin sözlərinə görə, İranla Azərbaycan arasında neft sahəsində müqavilə mövcuddur. Hesab edirən Amerika məhz bu sahədə güzəşt edəcəyini bildirir. Eləcə də Türkiyə ilə aramızda neftin daşınmasına dair saziş var və 6 ay müddətinə həmin məsələyə də güzəşt nəzərdə tutulur: "Əlbəttə ki, İran Amerika ilə üz-üzə dayanaraq yaşayacaq. Bu dünyada yaşamaq ancaq Amerikanın, Trampın və çevrəsindəkilərin haqqı deyil. Biz deyirik: əgər xalq istəyirsə ki, hökuməti qalsın, qalmalıdır. Amerika indi dollardan siyasi məqsədlər üçün istifadə edir. Emmanuel Makron da Parisdə keçirilən I Dünya Müharibəsinin başa çatmasının 100 illiyinə dair tədbirdə dedi ki, hazırda dollar dünya üzərində güclü təsir imkanlarına malikdir. Bu sözü Rusiya da deyir, Çin də, İran da, Türkiyə də, başqaları da. Ona görə də lazımdır ki, dövlətlərimiz arasında iqtisadi-ticarət əlaqələrini öz milli valyutalarımızla aparaq. Məsələn, rublla, yuanla, lirə ilə, rialla və sair. İranın böyük uğurları var. Bu gün dünya üzrə 5,6 milyon iranlı tələbə var. İran raket sənayesində uğurlar əldə edib. İran qaz ehtiyyatlarının həcminə görə dünyada ikinci yerdədir. Eləcə də neft ehtiyyatlarına, mədənlərinin həcminə görə də İran qabaqcıl ölkələrdəndir. Kənd təsərrüfatı sahəsində böyük uğurlarımız var. Qeyd edim ki, bu sahədə hər il ümumilikdə 120 milyon ton məhsul toplanılır İranda. Bu gün ölkəmizdə irili-xırdalı 700 min müəssisə fəaliyyət göstərməkdədir. İran ildə 2,5 milyon maşın istehsal etməklə bu sahədə dünyada 7, ya da 8-ci yeri tutur. Bütün bu uğurlara biz hələ 40 ildir davam edən embarqolar şəraitində nail olmuşuq. Sanksiyalar götürülsə dövlətimizin inkişafı daha da sürətlənəcək. Yeri gəlmişkən, mən Elmar Məmmədyarova da təşəkkür edirəm ki, Türkiyədə keçirilən üçtərəfli görüşdə açəq bəyanat verib, Azərbaycanın İrana münasibətdə müstəqil siyasət yürütdüyünü bildirib. Prezidentlər Həsən Ruhani və İlham Əliyevin son illərdə dəfələrlə keçirdikləri görüşlər də ölkələrimiz arasında əlaqələrin nə qədər güclü olmasına isbatdır. Bizim prezident həmişə deyib ki, Azərbaycanın təhlükəsizliyi İranın, İranın təhlükəsizliyi Azərbaycanın təhlükəsizliyi, İranın inkişafı Azərbaycanın, Azərbaycanın inkişafı İranın inkişafıdır. Biz İran xalqı və dövləti olaraq Azərbaycanın dost və qardaş münasibətlərini yüksək dəyərləndirir və heç vaxt unutmayacağıq".
Cavid