“ABŞ həmişə Avropanı məcbur edib ki...” Siyasət

“ABŞ həmişə Avropanı məcbur edib ki...”

Vüqar Zifəroğlu: "Yaxın Şərq siyasətini Vaşinqtonun siyasi maraqları ilə uzlaşdırsın"

"Rusiya və İran Yaxın Şərq siyasətində həmişə Qərbi Avropanın daha aktiv olmasında müəyyən qədər maraqlı olublar. Qərbi Avropa deyiləndə isə ilk növbədə Almaniya və Fransa başa düşülür. Onlar Qərbi Avropanın aktiv siyasi mövqe sərgiləməsi yolu ilə onu bir növ ABŞ-a alternativ qüvvə kimi təqdim etməyə cəhd göstəriblər". Bunu siyasi analitik Vüqar Zifəroğlu deyib. O qeyd edib ki, hətta İran və Rusiya rəsmilərinin bununla bağlı kifayət qədər açıqlamaları və sərgilədikləri mövqe var: "Görünür, indiki məqamda Suriya böhranının nizamlanması məsələsində Almaniyanın Avropa İttifaqı adından daha aktiv mövqe sərgiləməsi ilə bağlı onların öz aralarında razılıq əldə edilib. Məsələ ancaq bu cür ola bilər. Düşünmürəm ki, Fransa burada məqsədli şəkildə ya Türkiyənin, ya Rusiyanın, ya da İranın planı ilə arxa fona keçirilib. Amma ABŞ həmişə Avropanı məcbur edib ki, Yaxın Şərq siyasətini Vaşinqtonun siyasi maraqları ilə uzlaşdırsın". Vüqar Zifəroğlunun sözlərinə görə, burada bir maraqlı məqam ondan ibarətdir ki, ABŞ-ın bu məcburetmə siyasəti nə dərəcədə alına bilər: "Çünki Yaxın Şərqə ötən əsrin 70-ci illərindən başlayaraq faktiki olaraq ciddi mənada ayaq basan bir Amerika faktoru və təqribən 200 ildir Yaxın Şərqi öyrənən, orda müəyyən planlar quran və hətta bu planların nəticəsində müəyyən hədəflərinə çatmış olan Avropa var. Yəni, bu mənada bu müqayisəni apardığımız zaman biz əslində Avropanın xeyrinə bir təcrübəni görmüş oluruq, nəinki ABŞ-ın. Rusiya və Türkiyə də təbii ki, bu təcrübəni bilir və qəbul edirlər. Bu mənada mən düşünmürəm ki, Fransa hər hansı məqsədli şəkildə kənarda saxlanlılıb. Ola bilsin ki, sırf Avropa adına Almaniyanın bu danışıqlarda iştirakı daha qabarıq göstərilsin. Çünki Almaniya və Fransa Yaxın Şərq siyasətini ciddi şəkildə bir-birləri ilə uzlaşdırırlar və onların mövqeləri bu məsələdə çox yaxındır".
Vüqar Zifəroğlu onu da bildirib ki, "G-20" ölkələrinin sammiti zamanı Fransa nümayəndələrinin istər özəl görüşlərdə, istərsə də ümumi müzakirələr zamanı Camal Qaşıqçının qətlə yetirilməsi ilə bağlı aktiv mövqe sərgiləmələri də Parisin Yaxın Şərq siyasətində passiv mövqedə olmadığını göstərir: "Passiv mövqedə olacağını gözləmək də yanlışlıq olardı. Görünür, Uşakovun açıqlama zamanı Fransanın adını çəkməməsi ya texniki səbəblə bağlıdır, ya da Almaniya və Fransa arasında olan razılığın nəticəsi olaraq qiymətləndirilə bilər. Ancaq bu, heç bir halda Fransanın passiv mövqe tutmasının nəticəsi ola bilməz".