“Düşmən ölkədə gedən proseslər daha çox İranı blokadaya almaq üçündür” Siyasət

“Düşmən ölkədə gedən proseslər daha çox İranı blokadaya almaq üçündür”

Politoloq Nəzakət Məmmədova Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirib. "Cənubi Qafqaz regionu 2018-ci ilin yekunları və 2019-cu ildən gözləntilər" mövzusunda keçirilən mətbuat konfransınsda politoloq bir sıra məsələlərə aydınlıq gətirməyə çalkışıb.
Nəzakət Məmmədova bu il regionda Azərbaycan üçün çox ciddi proseslərin getdiyini bildirdi: "Bu il ölkəmizdə növbədənkənar prezident seçkiləri keçirildi. İlham Əliyev seçicilərin əksəriyyətinin səsi ilə qalib gəldi. Ermənistanda da ciddi proseslər baş verdi. İnqilab yolu ilə hakimiyyət dəyişiklikləri yaşandı. Bu il ən ciddi hadisə düşünürəm ki, Rusiya ilə Ermənistan arasında 200 ildən çoxdur davam edən yaxın münasibətlərin çat verməsi oldu. Bundan əlavə, Amerika ilə Rusiya ilə Ermənistana nəzarət uğrunda mübarizə daha da qızışdı. Düşmən ölkədə gedən proseslər daha çox İranı blokadaya almaq üçündür".
Politoloq bildirib ki, cənub qonşumuzun sıxışdırılması prosesi geridə qoyacağımız ildə sürətləndi. 2018-ci il üçün regionda ən zəif bənd Ermənistan oldu. Bu il Cənubi Qafqazın hər üç ölkəsində seçkilər baş verdi: "Gələn il barədə onu deyə bilərəm ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müsbətə doğru ciddi dəyişikliklər baş verəcək. Düşünürəm ki, Minsk qrupundakı həmsədrlərlə bağlı dəyişikliklər baş versə, müsbətə doğru münaqişənin həllində dəyişiklərin şahidi olarıq. Gələn il Ermənistanın Amerika və Avropa Birliyinə yaxınlaşması baş verəcək. Qarabağdakı qondarma rejim isə son ümid yeri kimi Rusiyanı görəcək".