“Azərbaycan-Rusiya əlaqələrinin inkişafı mühüm töhfələr verməkdə davam edəcək”. Siyasət

“Azərbaycan-Rusiya əlaqələrinin inkişafı mühüm töhfələr verməkdə davam edəcək”.

"Prezident İlham Əliyev Rusiya televiziyasına müsahibəsində 2018-ci ilin iqtisadi yekunları və 2018-ci ildəki Rusiya-Azərbaycan əlaqələrindən geniş bəhs edib". Bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili Prezident İlham Əliyevin "Rossiya-24" kanalına müsahibəsi haqda danışarkən deyib. Millət vəkilinin sözlərinə görə, 2018-ci il Azərbaycan iqtisadiyyatı üçün çox mühüm il oldu:
"Bu il uğurlu və iqtisadi cəhətdən aktiv il kimi yaddaşlarda qalacaq. Çünki bu keçən il müddətində ÜDM 1%, qeyri-neft sektorundan əldə olunan gəlir 1,3 %, qeyri-neft sənayesi 9%-dən çox artıb. Bu il əhalinin gəlirləri 9%-dən çox artıb".
Millət vəkili qeyd edib ki, Rusiya-Azərbaycan əlaqələrindən bəhs edərkən bu gün iki ölkə arasında iqtisadi və siyasi əlaqələrin kifayət qədər yüksək səviyyədə olmasını demək lazımdır: "Yəni Rusiya və Azərbaycan bir çox iqtisadi layihələri artıq birlikdə həyata keçirir. Azərbaycandakı bir çox layihələri hətta Rusiya bankları maliyyələşdirilir. Bütövlükdə Azərbaycanın həyata keçirdiyi iqtisadi islahatların əsas məqsədi qeyri-neft sektorunun inkişafı, ixracyönümlü iqtisadi modelin daha da dayanıqlı və güclü olması, ixracın coğrafiyasının, istehsalın isə həcminin artırılmasıdır".
T.Mirkişilinin sözlərinə görə, Rusiya-Azərbaycan əlaqələri qeyri-neft sektorunun inkişafı üçün əvəzedilməz potensial vəd edir: "Həm Rusiya özü kifayət qədər geniş bazara malikdir, həm də Rusiyanın digər ölkələrlə iqtisadi əlaqələrində Azərbaycan hazırda mühüm vasitəçi rolu oynamağa başlayıb. Çünki Azərbaycanın həyata keçirdiyi Şimal-Cənub və Şərq-Qərb dəhlizi layihələri Rusiyanın özü üçün də digər ölkələrlə münasibətdə daha ucuz və rəqabət qabiliyyətli marşrutdan istifadə etmək potensialı yaradır. Bu da Azərbaycan-Rusiya əlaqələrində xüsusi əhəmiyyət daşıyır".
Millət vəkili bildirib ki, bu gün Azərbaycana gələn turistlərin sayında da Rusiya birinci yerdə durur: "Bu gün Rusiya-Azərbaycan münasibətlərində daha çox etibarın yaranması, iki ölkənin dövlət qurumlarının və özəl sahibkarlıq subyektlərinin bir-birinə daha çox etimad göstərməsi hər iki ölkənin maraqlarına xidmət edir. Nəzərə alaq ki, Azərbaycanın ilk ticarət evlərinin biri məhz Rusiyada açılıb. Yəni Rusiya-Azərbaycan əlaqələrində ticarət evləri, ixrac missiyaları, idxal və ixrac əməliyyatlarında sadələşmiş keçidlərin təmin olunması hər iki ölkənin sahibkarları üçün böyük bir təşviq mexanizmidir. Bu mexanizmlərin yaranmasına hər iki dövlətin rəhbərlərinin arasında yüksək etimadın olması imkan yaradıb. Bu istiqamətdə Azərbaycan-Rusiya əlaqələrinin inkişafı gələcəkdə də hər iki ölkənin qeyri-neft sektorunun inkişafına mühüm töhfələr verməkdə davam edəcək".