Prezidentin idarəetmə sistemində ciddi islahatların aparılmasının anonsunu verməsi alqışlanır Siyasət

Prezidentin idarəetmə sistemində ciddi islahatların aparılmasının anonsunu verməsi alqışlanır

"Ciddi islahatların aparılması Azərbaycanın idarəçilik sistemində çevikliyi gücləndirəcək, operativliyi daha da artıracaq, müasir çağırışlara uyğunluğu təmin edəcək".
Bunu Milli Məclisin deputatı, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı deyib.
O xatırladıb ki, ötən həftə Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında bu il üçün idarəetmə sistemində ciddi islahatların aparılmasının anonsunu vermişdi: "Bir neçə gün keçdikdən sonra ölkə başçısının söylədiyi fikirlərin konkret nəticələrini özündə ehtiva edən fərmanlar imzaladığının şahidi olduq. Hesab edirəm ki, bu, davamlı olacaq və sistemli xarakter daşıyacaq. Artıq bir neçə qurum, adı olan, lakin fəaliyyəti görünməyən, dövlətçiliyə bu və ya digər şəkildə xidmət göstərə bilməyən strukturlar ləğv edildi. Bir sıra lokal şəkildə fəaliyyət göstərən qurumların daxilindəki strukturlar birləşdirildi".
F.Ağamalı qeyd edib ki, Azərbaycanda əldə edilən uğurların ən başlıca səbəblərdən biri ölkə başçısı tərəfindən idarəçilik sistemində mükəmməlliyin təmin edilməsidir: "Xatırladım ki, Prezident İlham Əliyev 2003-cü ildə ölkə başçısı seçildikdən sonra bir neçə nazirlik yaradıldı, bəziləri birləşdirildi. Bu günə qədər dünyada gedən proseslərin məntiqindən doğan çağırışların mahiyyətinə uyğun olaraq Azərbaycanı davamlı inkişaf ölkəsinə çevirmək kimi böyük layihələrin reallaşmasının ən vacib şərtlərindən biri kimi ölkə başçısının idarəçilik sisteminin əsas xətti olub. Proses davam edir və bundan sonra da davam edəcək".
Deputat, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu isə deyib ki, Azərbaycanda dövlət idarəçiliyinin təkmilləşdirilməsi məqsədilə həyata keçirilən struktur islahatları əslində 2015-ci ildən bəri həyata keçirilən dərin hüquqi və institusional islahatların davamı kimi xarakterizə edilməlidir.
O vurğulayıb ki, Azərbaycan dinamik və hərtərəfli inkişaf edən ölkədir və bu inkişaf daha çevik struktura malik olan optimal idarəetmə tələb edir: "Çünki məqsəd əldə edilən nailiyyətlərin davamlılığını təmin etməklə gələcək üçün daha səmərəli şərtlər formalaşdırmaqdır. Ona görə də bir-biri ilə paralel olan yaxud səmərəliliyi arzu edilən səviyyədən aşağı olan struktur vahidlərinin ləğv edilməsi, birləşdirilməsi yaxud daha çevik mexanizmlərlə əvəzlənməsi idarəetmənin aktual tələbi kimi meydana çıxmışdı. Prezident İlham Əliyevin fərmanı ilə həyata keçirilən struktur islahatları da məhz bu sahənin tənzimlənməsini təmin edəcək".
Baş redaktor bildirib ki, həyata keçirilən islahatlar idarəetmənin optimallaşdırılması ilə yanaşı onun səmərəliliyini də artıracaq və davamlı hal alacaq: "Çünki hazırda malik oluğumuz siyasi- iqtisadi sistemin modernist səciyyəsi daima yenilik tələb etməklə bütün sahələr üzrə ölkəmizin rəqabət qabiliyyətliliyini artırır. Hazırda dünyanın bir çox reytinq təşkilatları müxtəlif sahələr üzrə Azərbaycanın inkişaf indeksini ən yüksək pillələrdə müəyyən edir. Əgər bunun gələcəkdə də belə olmasını istəyiriksə, bütün sektorlarda, o cümlədən idarəetmədə islahatlar davam etdirilməlidir ki , hazırda biz buna şahidlik edirik. Məsələnin ən vacib tərəflərindən bir də budur ki , indiyədək həyata keçirilən islahatlar nəticəsində iqtisadiyyatın, sənayenin, ən müxtəlif sahələrində olduqca münbit biznes mühiti yaranıb. İdarəetmə aparatını süni şəkildə ağırlaşdıran struktur vahidləri və onlara ayrılan xərclər inkişafın digər aktual sektorlarına yönəldilməklə daha səmərəli nəticələr əldə etməyə imkan yaradar. Ümumilikdə struktur islahatları desentrilizasiya siyasətinin tərkib hissəsi olmaqla dövlətin yükünü azaltmağa liberal iqtisadi münasibətlərin formalaşmasına və yerli özünüidarəetmə institutlarının səmərəliliyinin artmasına böyük töhfələr verəcək".