“Dağlıq Qarabağ münaqişəsi Ermənistanın özünü girova çevirib” Siyasət

“Dağlıq Qarabağ münaqişəsi Ermənistanın özünü girova çevirib”

"Bu məsələlərlə bağlı müxtəlif fikirlər səsləndirilir, amma heç də səsləndirilən bütün fikirlər həqiqəti əks etdirmir. Rusiyalı, amerikalı yaxud hər hansı bir ölkəni təmsil edən politoloqlar bu münaqişənin həllini arzulamırlar".
Bu fikirləri Azadinform-a siyasi ekspert Elçin Mirzəbəyli rusiyalı politoloq Stanislav Tarasovun Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
O bildirib ki, bəzən bu cür açıqlamalar qıcıqlandırıcı xarakter daşıyır və məqsədyönlü şəkildə informasiya məkanına ötürülür: "Belə fikirlər uzun müddətdir ki, səsləndirilir. İndiki şəraitdə münaqişənin tənzimlənməsi prosesində Azərbaycanın mövqelərinin önə çıxdığı hər kəsin gözü qarşısındadır. Azərbaycan sözün bütün mənalarında prosesin istiqamətləndirilməsi üçün həm beynəlxalq, həm də regionda ciddi bir mövqeyə sahiblənib. Eyni zamanda regionun güclü dövlətləri də hazırda Azərbaycanın ərazi bütövlüyünün təmin olunması məsələsində daha da birmənalı mövqe bildirməyə başlayıblar. Ermənistanın xilası isə yalnız münaqişənin həll olunmasından asılıdır. Yəni işğala son qoyulmayacaqsa Ermənistan regionda cərəyan edən iqtisadi proseslərə inteqrasiya olunmayacaq və şübhəsiz ki, iflas prosesi bundan sonra da davam edəcək, Paşinyanın seçkiqabağı verdiyi vədlərin heç biri yerinə yetirilməyəcək. İndiki vəziyyətdə yeganə çıxış yolu işğala son qoymaqdan ibarətdir".
Ekspert əlavə edib ki, prosesdə neçə rayon azad ediləcək, münaqişə hansı müstəvidə həll olunacaq, ümumiyyətlə məsələnin tənzimlənmə prosesi necə həyata keçiriləcək kimi sualların cavabı barədə mətbuata rəsmi məlumatlar verilmədiyi üçün kifayət qədər müxtəlif fərziyyələr səsləndirmək mümkündür: "Lakin bunlar o demək deyil ki, həqiqətən də belədir. Həqiqəti əks etdirən bircə məqam var - regionda Azərbaycanın yürütdüyü siyasət nəticəsində elə bir geosiyasi vəziyyət yaranıb ki, Azərbaycanın mövqeləri möhkəmlənib. Region dövlətləri, o cümlədən işğalçı Ermənistan Azərbaycanın mövqeyi ilə barışmaq məcburiyyətindədirlər. Ermənistan işğala son qoymayacaqsa, bu ölkəni heç nə xilas etməyəcək. İndiki şəraitdə Azərbaycanın apardığı siyasətin son nəticəsi ona gətirib çıxarıb ki, Dağlıq Qarabağ münaqişəsi Ermənistanın özünü girova çevirib və Ermənistan bu girovdan azad olmayınca onun hər hansı bir formada normal dövlət kimi inkişafından söhbət gedə bilməz. Prosesə bu kontekstdən yanaşmaq mümkündür. Əslində bu kontekstin özü də münaqişənin həlli üçün çox geniş imkanların yarandığını sübuta yetirir".
Qeyd edək ki, politoloq Stanislav Tarasov iyun ayında Prezident İlham Əliyevlə Paşinyanın razılaşma imzalayacağını və bir neçə işğal edilmiş rayonun Azərbaycana qaytarılacağını vurğulayıb. Bildirib ki, İrəvan Azərbaycana torpaqların qaytarılmasından bəhs etməsəydi, Prezident İlham Əliyev heç vaxt Paşinyanla söhbət etməzdi.