Şeyxülislam Qahirədə mükafat alan 5 müsəlmandan biri oldu Siyasət

Şeyxülislam Qahirədə mükafat alan 5 müsəlmandan biri oldu

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, millət vəkili Cavanşir Paşazadə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibinin və Misir hökumətinin dəvəti ilə fevralın 4-5-də Misirdə səfərdə olublar.
Səfər çərçivəsində şeyxülislam Misirin, eləcə də İslam aləminin görkəmli ictimai, din və elm xadimləri ilə görüşüb. Misir parlamenti sədrinin birinci müavini, Şəriflər Cəmiyyətinin rəhbəri Seyid Əl-Şəriflə görüşdə Allahşükür Paşazadə Prezident İlham Əliyevin salamlarını dost Misir xalqına çatdırıb. O, Azərbaycan ilə Misirin bütün sahələrdə, o cümlədən dini sahədə uğurla əməkdaşlıq etdiyini bildirib.
Seyid Əl-Şərif Misirlə Azərbaycan arasında yüksək səviyyəli əlaqələrə toxunaraq qeyd edib ki, hələ 1994-cü ildə ulu öndər Heydər Əliyevin Qahirəyə səfəri zamanı onu qarşılamaq şərəfinə nail olub. Növbəti belə imkanı isə Prezident İlham Əliyevin 2007-ci ildə bu ölkəyə səfəri zamanı qazanıb. O, Azərbaycana mütəmadi səfərlər etdiyini bildirərək, ölkəmizin daha da inkişafının əyani şahidi olduğunu vurğulayıb. Əlavə edib ki, bu uğurların təməlində Prezident İlham Əliyevin səyləri durur. Bu gün Azərbaycan tolerantlıq, multikulturalizm mərkəzi kimi bütün dünyaya öz səsini eşitdirir.
Misir Prezidentinin müşaviri Usama Əl-Əzhəri 1962-ci ildə Asuan səddini inşa edən Zakir Məmmədovun timsalında Azərbaycan xalqının dost Misir xalqına çoxsaylı töhfələrinin qeyd edilə biləcəyini deyib.
Həmin gün Qafqaz Müsəlmanları İdarəsinin sədri və nümayəndə heyətinin üzvləri bu ölkənin Fətva İdarəsinin rəhbəri, Misir diyarının baş müftisi Şövqi Əllamla da görüşüb. Allahşükür Paşazadə ölkələrimiz arasında tarixi əlaqələrin bu gün də uğurla inkişaf etdiyini bildirib. O, bunun əsas səbəbi kimi iki ölkə başçısının şəxsi dostluq münasibətlərini göstərib.
Baş müfti Şövqi Əllam da iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu qeyd edib.
Növbəti görüş vəqflər naziri Məhəmməd Muxtar Cümə ilə olub. Görüşdə İslam dininin əsl mahiyyətinin akademik səviyyədə təbliğinin vacibliyi qeyd olunub.
Səfər zamanı QMİ sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti İmam Hüseyn məscidini ziyarət edib. Nadir hallarda xüsusi qonaqlar üçün açılışına icazə verilən "Şərəfli otaq" (Əl-Ğurfa Şərifə) şeyxülislama nümayiş etdirilib.
Qeyd edək ki, Şeyxulislamın rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri İslam Əməkdaşlıq Təşkilatının (İƏT) birinci festivalında da iştirak ediblər.
Açılış nitqlərindən sonra İslam dünyasına xüsusi töhfələri olan şəxslərin təltif edilməsi mərasimi keçirilib. Mükafata layiq görülən beş görkəmli müsəlmandan biri də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə olub.
Tədbir çərçivəsində Allahşükür Paşazadə İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Əhməd əl-Useymin ilə görüşüb. Söhbət zamanı baş katib şeyxülislamın müsəlman dünyasında oynadığı rola diqqət çəkib. Qeyd edib ki, sülhpərvər mövqeyi həm ölkə daxilində, həm də xaricdə ona rəğbət qazandırıb.
İƏT-in baş katibi bildirib ki, Prezident İlham Əliyevin Şərq və Qərb sivilizasiyasını dialoq platforması ilə daha da yaxınlaşdırmaq təşəbbüsü real nəticələrini verir. Bunun nəticəsidir ki, Azərbaycan Şərqlə Qərb arasında mənəvi körpü rolunu oynayır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın humanitar sahədə gördüyü işlərin mədəni yaxınlığı daha da sürətləndirdiyini deyən baş katib onun bütün müsəlman xanımları üçün bir nümunə olduğunu bildirib. Baş katib Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair İƏT-in qəbul etdiyi qərar və qətnamələrdə ölkəmizin ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının birmənalı şəkildə dəstəkləndiyini və bu mövqeyin dəyişilməz olaraq qalacağını vurğulayıb.
Şeyxülislam Allahşükür Paşazadə İƏT-in müsəlman ölkələrində gördüyü işlərin sülhə və tərəqqiyə səbəb olduğunu bildirib, qurumun təşkilatçılığı ilə baş tutan festivalın davamlı olacağına əminliyini ifadə edib.