Zakir Həsənov Rusiyanın hərbi attaşesi ilə görüşüb Siyasət

Zakir Həsənov Rusiyanın hərbi attaşesi ilə görüşüb

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə fəaliyyət müddəti başa çatan Rusiya Federasiyasının Silahlı Qüvvələrinin hərbi attaşesi polkovnik İqor Lobastov ilə görüşüb. Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşdə ölkələrimiz arasında hərbi, hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub, ikitərəfli əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin regionda təhlükəsizliyin təmin edilməsi üçün vacibliyi qeyd edilib.
Bundan əlavə, görüşdə Rusiya istehsalı olan müasir, yüksək dəqiqlikli döyüş texnikası, silah və digər hərbi təyinatlı vasitələrin ordumuzun silahlanmasına daxil edilməsi, bu sahədə fəaliyyətlərin hər iki dövlətin qarşılıqlı anlaşma və razılığı əsasında daha da genişləndirilməsi və davamlılığı məsələləri müzakirə olunub.
Görüşdə iki ölkənin birgə hərbi təlimlərinin keçirilməsi, qarşılıqlı səfərlərin, işçi görüşlərinin təşkili, ekspertlər səviyyəsində təcrübə mübadiləsinin aparılması, Rusiyanın hərbi məktəblərində azərbaycanlı kursant və mütəxəssislərin hazırlanması məsələlərinə də diqqət yetirilib.
Səmimi qəbula görə minnətdarlığını bildirən hərbi attaşe ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.