“Suriyadan erməniləri Azərbaycan ərazilərinə köçürürlər” Siyasət

“Suriyadan erməniləri Azərbaycan ərazilərinə köçürürlər”

"ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri zamanı Azərbaycanın münaqişənin həlli ilə bağlı mövqeyi bir daha onların nəzərinə çatdırılıb".
Bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Hikmət Hacıyev qeyd edib ki, münaqişənin həlli prosesinə nəzərə yetirsək, hazırda Ermənistan tərəfindən müəyyən iddialar səsləndirilir: "Bu, danışıqlar prosesinin ümumi ruhuna xələl gətirir. Hesab edirik ki, beynəlxalq ictimiayyət və həmsədr ölkələr daha aktiv səylər göstərək Ermənistanın danışıqlar prosesində konstruktiv rol oynamasını təmin etməlidirlər. Azərbaycan danışıqlar prosesini dəstəkləyir və konstruktiv mövqeyimiz beynəlxalq ictimiayyət tərəfindən yüksək dəyərləndirilir".
PA-nın şöbə müdiri vurğulayıb ki, hazırda Azərbaycan xə Ermənistan xarici işlər nazirlərinin, həmçinin hər iki ölkənin rəhbərlərinin yaxın gələcəkdə görüşünə dair hər hansı bir məlumat yoxdur.
Hikmət Hacıyev deyib ki, ermənilərin Azərbaycanın işğal olunmuş torpaqlarında qanunsuz fəaliyyəti bu gün də davam edir.
PA rəsmisinin sözlərinə görə, Ermənistan işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyətini daha da genişləndirib, Azərbaycanın təbii və mineral sərvətlərini istismar edərək, dünya bazarında satışa çıxarır.
Hikmət Hacıyev, həmçinin əlavə edib ki, beynəlxalq qanunvericiliyə əsasən işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərmək qadağan olunur: "Lakin Ermənistan tərəfi beynəlxalq qanunlara əməl etmir. Azərbaycan tərəfinin müraciəti əsasında ATƏT-in faktaraşdırıcı missiyası Azərbaycanın işğal olunmuş ərazilərində monitorinq keçirib və Ermənistanın qanunsuz fəaliyyəti təsdiq olunub. Ermənistan tərəfinin qanunsuz fəaliyyəti münaqişənin sülh yolu ilə həllinə maneə törədir".
Hikmət Hacıyev bildirib ki, güc tətbiq olunmuş vəziyyətin nəticələri heç vaxt legitim ola bilməz: "Güc tətbiqi nəticəsində yaranmış vəziyyət zamanı qeyri-qanuni fəaliyyətlərin həyata keçirilməsi qəbuledilməzdir"
Hikmıt Hacıyev beynəlxalq ictimaiyyətə müraciətində qeyd edib ki, Ermənistanın belə qeyri-qanuni fəaliyyətinə göz yummasınlar: "Bu ölkələrin fiziki və hüquqi şəxslərinin Azərbaycanın işğal altında olan torpaqlarında qeyri-qanuni fəaliyyətinə son qoya biləcək istiqamətində işlər aparsınlar. Bəzən xarici ölkələrin fiziki və hüquqi şəxsləri Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət göstərirlər. Biz bunu fundamental faktlar, diplomatik notalarla onların vətəndaşı olduğu ölkələrə təqdim etdiyimiz halda, həmin ölkələrin müvafiq qurumları qeyd edirlər ki, onların qanunvericiliyində belə bir hal yoxdur. Onda belə bir mənzərə yaranır ki, həmin ölkələrin qanunlarını pozmaq olmaz, Azərbaycanınkını isə olar. Amma unutmamaq lazımdır ki, milli qanunvericilik üzərində, beynəlxalq hüquqi qanunvericilik və beynəlxalq normalar var ki, hər bir dövlət buna görə məsuliyyət daşıyır".
PA-nın şöbə müdiri əlavə edib: "Biz münaqişənin həllində irəliləyiş, münaqişənin sülh yolu ilə həllini istəyiriksə, bu növ qeyri-qanuni fəaliyyətlərin qarşısı alınmalıdır. Əks təqdirdə, yəni qeyri-qanuni fəaliyyətlər münaqişənin həlli istiqamətində real və ciddi problemlər yaradır".
Hikmət Hacıyev Ermənistan tərəfi qeyri-qanuni şəkildə Suriyadan erməniləri Azərbaycanın işğal olunmuş ərazilərinə köçürdüyünü vurğulayıb
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri deyib.
PA-nın şöbə müdiri bildirib ki, Ermənistan humanitar siyasət adı altında öz çirkin məqsədlərini həyata keçirərək Surayadan erməniləri işğal edilmiş Azərbaycan ərazilərinə köçürür: "Ermənistan tərəfi beynəlxalq humanitar qanunları kobud şəkildə pozur və erməniləri heç vaxt yaşamadıqları Azərbaycan ərazilərinə köçürürlər. Beynəlxalq qanunlara əsasən insanları kütləvi şəkildə münaqişə zonasına köçürmək yolverilməzdir. Lakin Ermənistan tərəfi buna məhəl qoymur və öz qanunsuz fəaliyyətini davam etdirir. Bu, bir daha göstərir ki, Ermənstan tərəfi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına maraqlı deyil".