İrəvanı İran üçün vacib edən məqamlar Siyasət

İrəvanı İran üçün vacib edən məqamlar

İran və Ermənistan arasındakı münasibətlərdə iqtisadi artım, əslində, son zamanlar rəsmi Tehrana qoyulmuş iqtisadi qadağalarla bağlıdır. Bu sözləri İran və Ermənistan arasında ticarət dövriyyəsinin ABŞ sanksiyalarından dərhal sonra kəskin artmasını şərh edən politoloq Zaur Məmmədov deyib. O bildirib ki, İran Ermənistan vasitəsilə çirkli pulların yuyulması prosesini həyata keçirir: "Hazırda İran üçün Ermənistan bir çıxış yoludur. Çünki İranın qonşularına baxdıqda görürük ki, bu ölkə üçün ən yaxşı variant Ermənistandır. Tehran məhz İrəvan vasitəsilə çirkli pulların yuyulması və s. kimi məsələləri həll etməkdədir. Digər tərəfdən, İran da Ermənistan üçün lazımlı dövlətdir. Ermənistanın iqtisadiyyatı hazırda pis vəziyyətdədir, Gürcüstan Ermənistana istədiyini verə bilməz. İranda yaşayan ermənilər də Ermənistan-İran ticarətində xüsusi rola sahibdir".
Politoloq ABŞ-ın İrəvana İranla artan iqtisadi münasibətlərindən dolayı sanksiya tətbiq edəcəyini düşünmür: "İran-Ermənistan əlaqələrinə baxsaq görərik ki, 90-cı illərdən başlayaraq, müxtəlif ingilisdilli nəşrlərdə Ermənistan vasitəsi ilə Rusiya silahlarının İrana daşınmasından, narkotrafik yolundan söhbət gedirdi. Qarabağ separatçılarının rəhbərliyi narkotik qaçaqmalçılığı, insan alveri, eyni zamanda, qadağan olunmuş silahların daşınması ilə məşğul idi. Bu haqda ingilis jurnalistin araşdırması da bir müddət öncə sizin saytda işıqlandırılmışdı. Orada qondarma rejimin hansı beynəlxalq cinayətlərlə məşğul olması haqqında məlumat verilirdi".
Politoloq vurğulayıb ki, bu gün İrana qarşı sanksiyalar fonunda İrəvan-Tehran münasibətləri davam edir: "Fevralın 27-də Paşinyanın İrana səfəri gözlənilir. Bütün bunlar bölgədə maraqlı proseslərin getdiyini deməyə əsas verir".