Zurabişvili Bakıya elə bir məqamda gəldi ki... Siyasət

Zurabişvili Bakıya elə bir məqamda gəldi ki...

Gürcüstan Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında fikir ayrılıqlarına son qoyulması baxımından vaxtında atılmış bir addım idi. Bunu Gürcüstan Prezidenti Salome Zurabişvilinin Bakıya səfərini şərh edən iqtisadçı Natiq Cəfərli deyib. Ekspert bildirib ki, Azərbaycanla Gürcüstan arasında enerji məsələləri və yatırımlarla bağlı strateji və uzunmüddətli tərəfdaşlıq bundan sonra da davam edəcək: "Gürcüstan Azərbaycanın iqtisadi uzantısıdır. Azərbaycanı Qərblə bağlayan və enerji resurslarımızı dünya bazarına çıxaran bütün marşurutlar Gürcüstan üzərindən keçir. Gürcüstanda son dəyişikliklər və Rusiyanın təzyiqlərinin artdığı bir dövrdə Azərbaycansız çox davam gətirə, ayaqda qala bilməzdi. Bunun Gürcüstanın siyasi çevrələri də çox yaxşı bilirlər. Ona görə də bu səfər son zamanlar iki ölkə arasında soyuqluğun yaranması ehtimallarının qarşısının alınması baxımından mühüm əhəmiyyətə malikdir".
Ekspert qeyd edib ki, Gürcüstan Azərbaycanın dəstəyini və iqtisadi rolunu çox yaxşı anlayır: "Bu, Gürcüstan tərəfinin verdiyi bəyanatlardan da məlum olur. Gürcüstanın ən böyük vergi ödəyicisi və investoru olan SOCAR bu ölkədə qazpaylayıcı şirkətlərə də nəzarət edir. Bütün bu məsələlər Azərbaycanın Gürcüstan iqtisadiyyatında oynadığı önəmli roldan xəbər verir. Bu mənada Zurabişvilinin ölkəmizə səfəri iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsində mühüm rol oynayacaq".