Həmsədrlərdən növbəti bəyanat Siyasət

Həmsədrlərdən növbəti bəyanat

Azərbaycan və Ermənistan liderləri yaxın vaxtlarda Minsk qrupu həmsədrlərinin himayəsilə görüşmək barədə vasitəçilərin təklifini qəbul ediblər

ATƏT-in Minsk qrupu həmsədləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şofer (ABŞ) regiona səfərlərinin yekununa dair birgə bəyanat yayıblar.
Bəyanatda bildirilib ki, mümkün mövzular da daxil olmaqla, yaxın zamanlarda liderlərin görüşünə hazırlıq məsələlərinin müzakirəsi üçün ATƏT-in Minsk qrupu həmsədləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şofer (ABŞ) 20 fevralda İrəvanda Ermənistan baş naziri Nikol Paşinyan və 21 fevralda Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüş keçiriblər.
Həmsədrlər həmçinin, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin də iştirakı ilə Ermənistan və Azərbaycan XİN rəhbərləri ilə müzakirələr aparıblar.
"Keçirilən görüşlərdə Azərbaycan və Ermənistan liderləri bu ilin yanvarında Davos Dünya İqtisadi Forumu çərçivəsində apardıqları söhbət barədə həmsədrləri məlumatlandırdılar. Liderlər və həmsədrlər yerdəki vəziyyəti və gələcək addımlarla bağlı gözləntilərini müzakirə etdilər."
Qeyd olunub ki, Minsk qrupu həmsədrləri təmas xəttində itkilərin olmaması ilə müşayiət edilən davamlı vəziyyəti müsbət qiymətləndiriblər. Vasitəçilər həm də əhalini sülhə hazırlamaq barədə regionda gedən diskussiyaları məmnunluqla qarşılayıblar.
Həmçinin vurğulanıb ki, İrəvan və Bakıda keçirilən görüşlərdə Azərbaycan və Ermənistan liderləri yaxın vaxtlarda Minsk qrupu həmsədrlərinin himayəsilə görüşmək barədə vasitəçilərin təklifini qəbul ediblər.
Regiona səfərlərindən sonra həmsədrlər və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi 28 fevralda Vyanaya, 1 martda isə Bratislava səfər edərək keçirdikləri görüşlər və Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyətlə bağlı ATƏT-in Minsk qrupuna üzv ölkələrin daimi nümayəndələrini, ATƏT-in baş katibi Tomas Qreminqeri və ATƏT-in fəaliyyətdə olan sədri – Slovakiyanın xarici işlər naziri Miroslav Layçakı məlumatlandırıblar.