Məhkəmə-hüquq sahəsində islahatlara ciddi ehtiyac var Siyasət

Məhkəmə-hüquq sahəsində islahatlara ciddi ehtiyac var

Prezident İlham Əliyev: "İslahatlar yenilik, yeni yanaşma, mövcud problemlərin həlli deməkdir"

"Bu gün Azərbaycan mədəniyyətinin inkişafı ilə bağlı sizinlə danışmaq istərdim. Mənim ölkəmizin görkəmli mədəniyyət xadimləri ilə bir çox görüşlərim olub, həm fərdi qaydada, həm müxtəlif tədbirlərdə, mərasimlərdə, mədəniyyət ocaqlarının açılışlarında. Bu gün isə biz daha geniş formatda görüşürük".
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşdə deyib.
"Hesab edirəm ki, buna ehtiyac var. Çünki ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyur, bütün sahələrdə çox ciddi islahatlar aparılır. İslahatların yeni mərhələsinin anonsu keçən il prezident seçkilərindən sonra verilmişdir. Ciddi islahatların hazırlanması üçün keçən ilin ikinci yarısında çox fəal iş aparılırdı və bu ilin əvvəlindən genişmiqyaslı islahatlara start verildi. Bu islahatlar bütün sahələri əhatə edəcək. Buna ehtiyac var. Hətta inkişaf etmiş ölkələrdə daim islahatlar aparılır. İslahatlar yenilik, yeni yanaşma, mövcud problemlərin həlli deməkdir. Bu baxımdan 2019-cu il əvvəlki illərdən fərqlənən çox ciddi il olacaqdır", - dövlət başçısı bildirib.


"Bakı şəhərində xaotik tikinti prosesi artıq sona çatır"


Prezident İlham Əliyev Bakı şəhərində xaotik tikinti prosesinin artıq sona çatdığını bildirib.
Dövlət başçısının sözlərinə görə, Şəhərsalma və Arxitektura Komitəsi qarşısında çox ciddi vəzifələr qoyulub ki, buna son qoyulsun: "Əlbəttə, biz imkan verə bilmərik ki, inşaat sektorunda durğunluq yaransın. İnşaat iqtisadiyyatın təkanverici sektorlarından biridir, on minlərlə iş yeri yaradan sahədir. Ancaq Bakının bundan sonrakı şəhərsalma qaydaları baş plan əsasında olmalıdır və gözəl şəhərimizin gözəl siması daha da gözəlləşdirilməlidir. Şəhər nəqliyyatı, şəhər təsərrüfatı ilə bağlı islahatlar aparılır. Hesab edirəm ki, biz bu islahatların aparılmasında uğurlar əldə edəcəyik".

Vətəndaşlar razıdırlar

Dövlət başçısının qeyd edib ki, səhiyyə sahəsində çox ciddi islahatlar aparılır: "Qərar qəbul olunub və ümid edirəm ki, biz gələn ildən icbari tibbi sığorta sisteminə keçəcəyik. Bir neçə şəhərdə pilot layihələri icra etdik və bu layihələr çox müsbət nəticə verir. Həm vətəndaşlar razıdırlar, həm də tibbi xidmət yüksək səviyyədə göstərilir. Deyə bilərəm ki, bu şəhərlərdə səhiyyə sahəsində şəffaflıq tam təmin edilib. Beynəlxalq maliyyə qurumları, ilk növbədə, Dünya Bankı, - bu yaxınlarda onların nümayəndələri ilə mənim görüşüm olubdur, - bunu çox yüksək qiymətləndirirlər. Hesab edirəm ki, hər bir Azərbaycan vətəndaşı bunun faydasını görəcək. Bu, çox ciddi bir islahatdır, sadə məsələ deyil, bəzi ölkələr illər boyu bu islahata doğru gedirdilər, bunu əldə edə bilməyiblər. Ancaq biz nisbətən qısa müddət ərzində bütün lazımi sənədləri hazırladıq və səhiyyə sahəsində çox ciddi dönüş yaranacaq. Çünki keçən dövrdə biz bütün şəhərlərimizdə müasir xəstəxanalar, diaqnostika mərkəzləri tikmişik, yəni, infrastruktur mövcuddur", - deyə dövlət başçısı vurğulayıb.


"Problemli kreditlər məsələsini həll etməyə qərar verdik və bunu bacardıq"

Azərbaycan Prezidenti iqtisadi sahədə aparılan islahatların gözəl nəticələr verdiyini bildirib: "Bu ilin birinci ayının göstəriciləri bunu deməyə əsas verir. İqtisadiyyatımız demək olar ki, tamamilə bərpa edilib".
Dövlət başçısı qeyd edib ki, bu il iqtisadi inkişaf baxımından çox ciddi nəticələr olacaq: "Bilirsiniz, dünyada baş vermiş çox dərin maliyyə və iqtisadi böhran bizim ölkəmizdən də yan keçmədi və 2015-ci ildən sonra demək olar ki, bütün ölkələrdə iqtisadi tənəzzül müşahidə olunurdu. İlk növbədə, iqtisadiyyatı neft-qaz sektoru ilə bağlı olan ölkələrdə bu tənəzzül özünü daha çox büruzə vermişdir. Təsəvvür edin ki, qısa müddət ərzində ölkənin gəlirləri təxminən 4 dəfə aşağı düşür. Bu, nə deməkdir? O deməkdir ki, biz öz xərclərimizi 4 dəfə azaltmalı idik, çox qısa bir müddət ərzində çox ciddi addımlar atmalı idik, heç bir ölkə buna hazır deyildi, o cümlədən də biz. Biz bunu etiraf edirik və əlbəttə ki, bu böhranlı vəziyyət ölkəmizə böyük zərbə vurdu. O vaxt bizim əsas məqsədimiz vətəndaşların sosial müdafiəsini gücləndirmək və bu iqtisadi böhrandan az itkilərlə çıxmaq idi. Hesab edirəm ki, biz buna nail ola bilmişik. 2017-ci il iqtisadi sabitləşmə ili olmuşdur. Keçən il biz artıq iqtisadi inkişafa qədəm qoyduq. Bu il isə artıq inkişaf daha da böyük ölçülərlə özünü göstərir".
Prezidentin sözlərinə görə, iqtisadi islahatlar imkan verdi ki, sosial sahədə çox ciddi addımlar atılsın: "Bu ilin əvvəlindən keçən il ərzində hazırlanmış sosial layihələr icra edilməyə başlanmışdır. Azərbaycan vətəndaşları bunu yaxşı bilirlər. Minimum əməkhaqqının, minimum pensiyanın təxminən 40 faiz artırılması 830 minə yaxın insanı əhatə edir. Sosial müavinətlərin orta hesabla 100 faiz artırılması təxminən 600 min insanı əhatə edir. Çoxmənzilli binaların sənədləşdirilməsi təxminən 350-400 min insanı əhatə edir. Şəhid ailələrinin problemlərinin həlli, müavinətlərin artırılması və ödənişlərin verilməsi minlərlə insanı əhatə edir. Tələbələrin təqaüdləri əhəmiyyətli dərəcədə artırıldı, bu da 100 mindən çox tələbənin maliyyə vəziyyətini yaxşılaşdırır. Digər sosialyönümlü addımlar, dünən imzaladığım Fərman 800 min insanı əhatə edir və deyə bilərəm ki, bu Fərmanın dünyada analoqu yoxdur. Fərmanı oxuyan, onu təhlil edən hər bir vətəndaş bunu görə bilər. Bu, çox ciddi bir sosial təşəbbüsdür. Dövlət bir daha göstərir ki, öz vətəndaşının yanındadır. Bizim iqtisadi imkanlarımız yarandıqca, ilk növbədə, problemli kreditlər məsələsini həll etməyə qərar verdik və bunu bacardıq. Onu da bildirməliyəm ki, ciddi devalvasiyadan əziyyət çəkən ölkələrin sayı kifayət qədər çoxdur və bizdən də dərin devalvasiyaya uğramış ölkələr vardır. Ancaq heç bir ölkədə bu dərəcədə sosialyönümlü, vətəndaşın marağını güdən addım olmamışdır. Yəni, bütün bu sosial paket təqribən 3 milyona yaxın insanı əhatə edir və bir daha bizim niyyətimizi göstərir".

"Müəllim peşəsinə ənənəvi hörmət qayıdır"

Azərbaycan Prezidenti bütün digər sahələrdə olduğu kimi təhsil sahəsində də islahatların aparıldığını vurğylayıb: "Deyə bilərəm ki, müəllim peşəsini seçən abituriyentlərin sayı kəskin artıb. Yəni cəmiyyətdə müəllim peşəsinə ənənəvi hörmət qayıdır və bu, islahatlar nəticəsində mümkün olub".
Prezident vurğulayıb ki, təhsil sahəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi, 3200-dən çox məktəbin tikilməsi, əlbəttə ki, böyük dəyişikliklərə gətirib çıxarıb.
"Digər sahələrdə, məsələn, məhkəmə-hüquq sahəsində islahatlara çox ciddi ehtiyac var və müvafiq göstərişlər verilib", - dövlət başçısı vurğulayıb.