“Dövlətimiz formal olaraq yaranan təşkilatlarda təmsil olunmayacaq” Siyasət

“Dövlətimiz formal olaraq yaranan təşkilatlarda təmsil olunmayacaq”

"Azərbaycan dövlətinin xarici siyasəti çoxvektorlu, tarazlaşdırılmış və çevikdir. Bu siyasəti Azərbaycan Prezidenti İlham Əliyev də davam etdirir. Prezident xarici siyasətə hücum taktikası da əlavə edib. Ölkə rəhbəri üçün Azərbaycan dövlətinin maraqları hər şeyin üstündədir". Bu fikirləri politoloq Elman Nəsirov bildirib. Onun sözlərinə görə, bu siyasətdən çıxış edərək ölkəmiz beynəlxalq təşkilatlar ilə əməkdaşlıq edir: "Azərbaycan hər hansı bir təşkilatda təmsil olunursa, ilk öncə Dağlıq Qarabağ münaqişəsinin həllinə cəhd edir. Ölkəmizin qoşulduğu təşkilatların bu münaqişənin həllindəki mövqeyi çox vacibdir. Lakin Ermənistanı Şanxay Əməkdaşlıq Təşkilatına dəvət edən dövlətlər bilməlidir ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsi həll edilmədən işğalçı dövlətlə heç bir təşkilatda və yaxud qurumda təmsil olunmayacaq. Rusiya və Qazaxıstan prezidentləri tərəfindən verilən təklif ölkə rəhbəri tərəfindən dəyərləndiriləcək və bu qurumda təmsil olunmağın müsbət və mənfi tərəfləri araşdırılacaq. Lakin unutmaq olmaz ki, ölkəmizə verilən təklif üzvlüklə bağlı deyil. Yəni Azərbaycan dialoq üzrə tərəfdaş statusunda bu təşkilatda təmsil oluna bilər".
Elman Nəsirov qeyd edib ki, Şanxay Əməkdaşlıq Təşkilatı ilə Azərbaycanın əlaqələr qurması Qərb dövlətləri ilə olan münasibətlərə mənfi təsir göstərməyəcək: "Azərbaycanın ABŞ, Rusiya və Avropa İttifaqının aparıcı dövlətləri ilə sıx münasibətləri mövcuddur. Bizim ölkəmizin xarici siyasəti Ermənistandan başqa heç bir dövlətə qarşı yönəlməyib. Əgər yeni yaranan təşkilat Azərbaycanın üzləşdiyi problemlərin həllinə yardım edirsə, biz bu qurumla münasibətlərin formalaşmasında maraqlıyıq. Amma dövlətimiz formal olaraq yaranan, heç bir nəticəsi olmayan təşkilatlarda təmsil olunmaq niyyətində də deyil. Azərbaycan ilə hər hansı bir təşkilatın əməkdaşlığı qarşılıqlı faydalı olmalıdır".