““Yalnız dünya siyasətinə təsir gücü və iddiası olan dövlətlər bu cür mötəbər tədbirlər keçirə bilər” Siyasət

““Yalnız dünya siyasətinə təsir gücü və iddiası olan dövlətlər bu cür mötəbər tədbirlər keçirə bilər”

"Cənab prezident İlham Əliyevin Forumun açılış nitqində qeyd etdiyi kimi bu il 55 ölkədən 500-dən çox nümayəndə Forumda iştirak edir. Qlobal Bakı Forumu qısa müddət ərzində dünyada çox önəmli beynəlxalq tədbirə çevrilib".
Bunu açıqlamasında Beynəlxalq münasibətlər üzrə mütəxəssis, politoloq Nəzakət Məmmədova deyib.
O bildirib ki, ölkə başçısı çıxışında həmçinin, bütün dünyaya, ələlxüsus Ermənistana çox önəmli mesajlar verib: "Danışıqlar yalnız danışıqlar xatirinə aparılmamalıdır. Hazırkı status-kvo qəbuledilməzdir, onun dəyişdirilməsi üçün isə Ermənistan Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarmalıdır" deyərək dünyanın diqqətini bir daha bu problemə yönəldib. Forumun ən mühüm əhəmiyyətli tərəflərindən biri də məhz budur. Bu cür mötəbər tədbirlərdə Ermənistanı ifşa etmək".
Politoloq əlavə edib ki, Forumun əhəmiyyəti çoxşaxəlidir, onun siyasi-diplomatik nəticələri Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyini daha da gücləndirəcək: "Uğurlu beynəlxalq iqtisadi, mədəni, idman layihələrinin təşəbbüsçüsü olan və həyata keçirilməsinə bilavasitə rəhbərlik edən Azərbaycan növbəti dəfə öz iradəsini ortaya qoymuş olur. Beynəlxalq miqyasda qəbul edilən və maraq doğuran, izlənilən hər hansı bir tədbir siyasi dairələrin, güc mərkəzlərinin, dünya ictimaiyyətinin diqqətini istər-istəməz həmin ölkəyə çevirir, bu cür mühüm hadisələr xeyli müddət müzakirə olunur, dəyərləndirilir. Azərbaycan növbəti dəfə beynəlxalq əhəmiyyətli bir tədbirin təşkilini həyata keçirmək, ona ev sahibliyi etməklə öz beynəlxalq nüfuzunu daha da möhkəmləndirəcək, dünyada formalaşmış sivilizasiyaların dialoqu, dünyanın mədəni mərkəzlərindən biri və himayəçisi imicini artırmış olacaq".
N.Məmmdova qeyd edib ki, belə bir şəraitdə ölkəmizin bu cür böyük bir tədbirə ev sahibliyi etməsi olduqca qürurvericidir: "Yalnız dünya siyasətinə təsir gücü və iddiası olan dövlətlər bu cür mötəbər tədbirlər keçirə bilər. Məsələn, necə ki, ABŞ, Almaniya Münhen konfransı, Rusiya Valday Forumu təşkil edir, Azərbaycanın da keçirdiyi bu Forum ölkəmizin beynəlxalq nüfuzunun əsas göstəricilərindən biridir".