“Xarici siyasətdə parlamentlə hökumətin əməkdaşlığı artırılmalıdır” Siyasət

“Xarici siyasətdə parlamentlə hökumətin əməkdaşlığı artırılmalıdır”

"Hökumətin hesabatında xarici əlaqələrə geniş yer ayrılıb. Görünür ki, bunun bir səbəbi də baş nazirin və Nazirlər Kabinetinin Aparat rəhbərinin ömrünün böyük bir hissəsini xarici siyasətə həsr etməsi ilə bağlıdır".
Bunu dünən Milli Məclisdə Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirə olunduğu plenar iclasda vitse-spiker Bahar Muradova bildirib.
Bahar Muradova parlamentlə hökumətin xarici siyasət sahəsində əməkdaşlığının artırmasını vacib sayıb: "Bu yaxınlarda parlamentin beynəlxalq təşkilatlardakı nümayəndə heyətlərinin rəhbərləri ilə Xarici İşlər Nazirliyinin görüşü keçirildi. Bu görüş çox effektli oldu. ATƏT Parlament Assambleyasının iclasında da mən bunun şahidi oldum".
Vitse-spiker qeyd edib ki, bu günlərdə keçirilən Bakı Humanitar Forumu artıq Davos Forumu ilə müqayisə edilir: "Biz beynəlxalq təşkilatlarda fəallığımızı artırmaqla Dağlıq Qarabağ münaqişəsinin həllinə nail ola bilərik. Biz eyni zamanda daha çox Azərbaycan vətəndaşlarının beynəlxalq təşkilatlarda çalışmasına nail olmalıyıq. Azərbaycan hökuməti BMT və digər beynəlxalq təşkilatlarda müxtəlif hesabatlar təqdim edir. Azərbaycan parlamenti də bu hesabatların tərtib olunması işinə cəlb olunmalı, ən azı bu hesabatlar hazır olarkən bir nüsxəsi də parlamentə təqdim olunmalıdır. Çünki biz eyni formatlı tədbirlərdə müxtəlif mövqelər ortaya qoyuruq. Novruz Məmmədovdan xahiş edirəm ki, bu fərqli məqamların olmaması üçün bir-birimizi daha çox məlumatlandıraq və əməkdaşlıq edək".
B.Muradova nəzərə çatdırıb ki, əvvəllər Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edənlərin "qara siyahı"ya salınmasına etiraz edən beynəlxalq təşkilatlar hazırda bu təcrübədən çıxış etməyə başlayıblar.