“Dövlət iqtisadiyyatda yalnız tənzimləyici rol oynamalıdır” Siyasət

“Dövlət iqtisadiyyatda yalnız tənzimləyici rol oynamalıdır”

BAXCP sədri: "Əhalinin marağını qoruyan, sosial rifahının yaxşılaşmasını təmin edən bütün islahatları dəstəkləyir və bəyənirik"

Martın 16-da Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Ali Məclisinin növbəti iclası keçirilib. İclasda təşkilati, ictimai-siyasi vəziyyət və digər məsələlər müzakirə olunub.
Ənənəvi olaraq iclas Azərbaycan himninin oxunmasından sonra başlayıb. İclası açan BAXCP Ali Məclisinin sədri, professor Vaqif Abışov iclasın gündəliyində duran məsələlərlə bağlı qısa məlumat verdikdən sonra gündəlik səsə qoyularaq qəbul edilib.
Təşkilati məsələlərinin müzakirəsi çərçivəsində BAXCP-nin Ali Məclisinə və İdarə Heyətinə yeni üzvlərin seçkisi olub. Səsvermə nəticəsibdə Nəsimi İsayev və Azər Qasımov BAXCP Ali Məclsisinin, daha sonra isə İdarə Heyətinin üzvləri seçiliblər.
Xatırladaq ki, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Nəsimi İsayev daha öncə BAXCP sədrinin hüquq məsələləri üzrə köməkçisi, ixtisasca həkim olan Azər Qasımov isə partiya sədrinin müşaviri kimi fəaliyyət göstəriblər.
Daha sonra ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı BAXCP-nin sədri, millət vəkili Qüdrət Həsənquliyev geniş məruzə ilə çıxış edib.
Sədr çıxışını öncə İdarə Heyətinə və Ali Məclisə qəbul olunan yeni üzvlərinə uğurlar diləyib və bütün azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edib, xalqımıza rifah, əmin-amanlıq diləməklə yanaşı, işğal altındakı torpaqlarımızın tezliklə azad olunmasını arzulayıb.
Daha sonra Qüdrət Həsənquliyev martın 16-da Milli Məclisdə dinlənilən hökumətin hesabatına toxunub. Sədr Milli Məclisin aktiv deputatlarından biri kimi nə qədər cəhd etsə də bu dəfə çıxışa yazıla bilmədiyini bildirib: "Hökumətin hesabatı ilə bağlı fikirlərimi orada səsləndirə bilməsəm də bu gün sizin qarşınızda bölüşəcəm. Güman edirəm ki, bu fikirlərimi mətbuat ictimailəşdirəcək. Bilirsiniz ki, hökumətin hesabatına mənfi qiymət verən yeganə deputat və partiya sədri mən oldum ".
Qüdrər Həsənquliyev hökumətin fəaliyyətini qənaətbəxş hesab etməməsinin səbəblərinə də aydınlıq gətirib. Bildirib ki, Nazirlər Kabineti Azərbaycanda iqtisadiyyatın tənzinləməsində hər hansı bir rol oynamır: "Faktiki olaraq hökumət iqtisadiyyatı idarə edir. Bu idarəetmə isə əksinə, iqtisadiyyatın inkişafının qarşısını alır. Dünya təcrübəsi göstərir ki, bir ölkədə hökumət iqtisadiyyatı idarə edirsə, o iqtisadiyyat sonda iflasa uğrayır. Dövlət yalnız iqtisadiyyatda tənzimləyici rol oynamalıdır və bazar iqtisadiyyatının prinsipləri ondan ibarətdir ki, qanunlar hökumət tərəfindən müəyyənləşir, amma qalan hər şey azad rəqabətə buraxılır. Sahibkarların azad şəkildə fəaliyyətinə imkanlar və yol açılır. Yəni dövlət bu sahəni inhisara almır, heç bir şərt və tələb qoymur. Dövlət yalnız əlverişli kredit şərtlərini, qanunların aliliyini, əmlakın, mülkiyyətin toxunulmazlığını təmin edir. Sahibkarlar hansı sahəyə daha çox investisiyanın yatırılması və yaxud da xarici investorların cəlb etməsində azad seçim etməlidirlər. Yəni dövlət bu tip tənzimləyici bir funksiyanı yerinə yetirir. Amma bizdə dövlət iqtisadiyyatı idarə edir və hər bir sahənin fəaliyyətinə öhdəlik qoyur ki, sonda bu da özünü doğrultmur. Baxmayaraq ki, biz sosialist iqtisadiyyatından imtina etmişik, amma iqtisadiyyatın bütün aparıcı sahələri yenə də dövlətin tam nəzarətindədir. Dövlət xarici investorlarları tam əmin etməlidir ki, onların fəaliyyəti qanunun aliliyi prinsipləri çərçivəsində qorunacaq, əmlaklarının toxunulmazlığı hüquqi baxımdan təmin olunacaq. O zaman burada fəaliyyət göstərən investorlar dövlət səviyyəsində təminat aldıqlarına əmin olub kapitallarını xaricə daşımayacaqlar".
Partiya sədri vurğulayıb ki, dəfələrlə hökuməti bu islahatları həyata keçirməyə səsləyib: "Bilirsiniz ki, Prezident tərəfindən əhalinin sosial rifahının yaxşılaşdırılması üçün müəyyən addımlar atılır və partiya olaraq bunu dəstəklədik. Hesab edirik ki, bu islahatlar davamlı olmalıdır. Onu da bilirsiniz ki, bu islahatların həyata keçirilməsini istəməyən qüvvələr də var. Bir qrup insan fikirləşir ki, bu islahatlar hakimiyyətin ömrünü uzada bilər, ona görə bunda maraqlı deyil. Digəri hökumət daxilindəki qruplardır ki, onlar bu islahatlar nəticəsində mövqelərini və vəzifələrini itirmək təhlükəsi ilə üzləşə biləcəklərini düşünürlər".
Qüdrət Həsənquliyev onu da vurğulayıb ki, islahatların aparılmasında marağı olmayan radikal düşərgədə olan qruplar islahatların daha çox onların təzyiqi ilə aparldığını iddia edirlər. BAXCP sədri bu islahatların dəstəklənməsini və bundan sonra da stimullaşdırıcı addımların atılmasına nail olunmasının tərəfdarı olduğunu bildirib: "Yoxsa biz mitinq keçirdik, hakimiyyət bizdən qorxub bu islahatlara getdi və digər bəyanatlarla çıxış etmək məntiqsizlikdir və əslində bu prosesin davamlı olmasına ziyan vurur. Biz müxalifət partiyası olaraq həmişə islahatların aparılmasını istəmişik. Bizim məqsədimiz dəyişikliklərin inqilab yolu ilə deyil, islahatlar vasitəsilə aparılmasına nail olmaqdır. Əhalinin marağını qoruyan, sosial rifahının yaxşılaşmasını təmin edən bütün islahatları dəstəkləyir və bəyənirik".
BAXCP sədri onu da qeyd edib ki, Azərbaycanda inqilabi yolla hər hansı bir dəyişikliyə nail olmaq faciəyə səbəb ola bilər. Qüdrət Həsənquliyevin fikrincə, iqtisadi islahatların ardınca ölkədə siyasi islahatlar aparılmalı, ölkə parlamentli respublika idarəetmə sisteminə keçməli, proporsional seçki sistemi bərpa olunmalıdır: "İqtisadi islahatların aparılmaması bəzi qanunsuzluqların mövcudluğuna gətirib çıxarır. Bankdan 10 milyardlarla vəsait oğurlanır və zamanında üstü açılmır. 5 milyard vəsait qanunsuz olaraq ölkədən çıxarılır, amma qarşısı alınmır. Bəzi insanlar görəndə ki, digərləri dövlətin vəsaitini talamaqla zənginləşir, ölkədən milyardlarla vəsait çıxarılır, məmur özbaşınalığı hökm sürür o zaman, ölkənin gələcəyi barədə düşünmür, içində bir qissas hissi yaranır.
Bazar iqtisadiyyatı olan ölkədə investisiyaya cəlb etməyin ən vacib yollarından biri də sahibkarların səhmlərinin satılması üçün birjalar yaratmaqdır. Dünyanın bütün iqtisadi inkişafda olan dövlətlərində bu sistem var, amma Azərbaycanda yoxdur. Ona görə ki, bazar iqtisadiyyatı anlayışı bizdə ancaq kağız üzərindədir. Dünyanın hər yerində idxalla məşğul olan şirkət çalışır ki, malın qiymətini yuxarı göstərsin. Bu da gömrükdəki vergilərlə bağlıdır. Azərbaycanda isə əksinə malın qiymətini aşağı göstərirlər. Nəticədə gömrük sisteminə daxil olan vəsait artır. Elə buna görə də Azərbaycanda kömrükdə toplanan vəsait vergilərdən toplanan vəsaitin təxminin 70 faizini təşkil edir. Rusiya kimi bir ölkədə bu rəqəm 7 faizdir. Neftin qiyməti aşağı düşərsə o zaman büdcəyə daxil olan gəlir azalacaq və bu da 2015-ci ildə üzləşdiyimiz təhlükəni yenidən bizə yaşada, nəticədə əhalinin sosial vəziyyətini daha da ağırlaşa bilər. Ona görə də biz tələb edirik ki, nə qədər ki, ölkədə siyasi sabitlikdir, neftin qiymətində az da olsa artım var, bu islahatlar həyata keçirilsin. Əgər ölkədə qarşıdurma, xaos yaranacaqsa o zaman aparılan iqtisadi islahatlar gözlənilən nəticəni verməyəcək".
Neft Fondunun illik gəlirinə toxunan Qüdrət Həsənquliyev qeyd edib ki, bu göstərici 4 faizdir. 2018-ci ildə isə bu rəqəm 0,35 faiz olub: "Bunun hec bir izahı yoxdur ki, 45 milyard dolları aparıb xaricdə saxlayasan, xarici şirkət sahibləri həmin vəsaiti banklardan 3-4 faizlə götürüb öz iqtisadiyyatını inkişaf etdirsin. Ancaq azərbaycanlı sahibkar, fermer isə yüksək faizlə kredit götürür. Bu da rentabelli, gəlirli biznes qurub pul qazanmağı mükünsüz edir. Hər dəfə parlamentdə büdcə məsələləri müzakirə ediləndə mən bu mövzunu qaldırıram və hələ də buna bir məntiqli cavab verilmir. Bir-iki dəfə Elman Rüstəmov açıqlama verdi ki, bizim iqtisadiyyatımız o qədər pulu həzm edə bilməz. Ona sual edirsən ki, o pulun hamısından söhbət getmir. Söhbət 3-4 milyard dollar vəsaidən gedir Onsuz da banklarımız gedib o pulu gətirib öz vətəndaşlarına yüksək faizlə kredit verirlər. Daha bir arqument isə Neft Fondundan olan vəsaitdən ayrı-ayrı layihələr vasitəsilə istifadə edildiyidir. Bunları başa salmaq olmur ki, biri var Neft Fondunun vəsaiti məmur düşüncəsi, dövlətin nəzarəti ilə xərclənə, biri də var ki, sahibkar dünyagörüşü, bacarığı kimi iqtisadiyyata yatırıla. Sahibkarların azad bazar iqtisadiyyatı şəraitində faəliyyəti belə vasitələrlə əngəllənir. Ona görə də Azərbaycanın imkanlı sahibkarları vəsaiti xaricdə daşınmaz əmlaka qoyur. Əvvəllər banklara qoyulurdu, banklar iflasa uğradıqdan sonra sahibkarlar xaricə üz tutmaq məcburiyyətində qalıblar. Ancaq həmin vəsiti ölkədə fabrik və zavodların fəaliyyətinə qoyulsa bu daha gəlir əldə etmək demək olacaq. Dövlətdən təminat ala bilmədiyindən vəsait ölkədən çıxarılır. Hökumət vəziyyətin ağırlığını başa düşür amma nəzarətdən də imtina etmir. Hətta ayrı-ayrı sahibkarlara məxsus sərnişindaşınma xidmətlərini də onların əlindən alaraq Bakı Nəqliyyat Agentliyi adı altında öz nəzarətinə götürdü. Halbuki sahibkarlara verilən kreditlər əsasında onlar ölkəyə daha modern avtobuslar gətirə bilərdilər".
BAXCP sədri öz çıxışında Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə bağlı yaranmış vəziyyətə də toxunub. Qüdrət Həsənquliyev qeyd edib ki, erməni xalqı döyüş meydanında ağır məğlubiyyətə düçar edilmədən danışıqların perspektivi olmayacaq.
Daha sonra Ali Məclisin üzvləri BAXCP sədrinin çıxışı ətrafında müzakirələr aparıblar.