Brüsseldə ACRE-nin növbəti şura yığıncağı keçirilib Siyasət

Brüsseldə ACRE-nin növbəti şura yığıncağı keçirilib

İyunun 27-də Belçikanın paytaxtı Brüssel şəhərində ACRE-in (Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının) növbəti şura yığıncağı keçirilib.
Şura Yığıncağının açılışında ACRE prezidenti və Avropa Parlamentinin deputatı Jan Zahradil 2019-cu ilin birinci yarımili ərzində ACRE-in fəaliyyəti və həyata keçirdiyi beynəlxalq layihələr barədə toplantı iştirakçılarına hesabat təqdim edib.
Şura Yığıncağı zamanı ACRE prezidenti Jan Zahradil iştirakçılara ACRE sturkturunda olan bəzi dəyişikliklər barədə, ACRE-in Baş Katibi Richard Milsom isə ACRE-in maliyyə hesabatı barədə ətraflı məlumat verib. Qeyd olunub ki, ACRE yaxın gələcəkdə fəaliyyətini Avropa Mühafizəkarlar və İslahatçılar Partiyası kimi davam etdirə bilər.
Şura Yığıncağı zamanı Niderlandın Demokratiya üçün Forum, İsveçin Demokratlar və İspaniyanın VOX partiyaları Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının üzvlüyünə qəbul ediliblər.
Tədbir zamanı 2019-cu ilin may ayında baş tutmuş Avropa Parlamenti seçkilərinin nəticələri də müzakirə olub və Albaniyadakı siyasi durum gündəliyə çıxarılıb. Bununla yanaşı, toplantıda ACRE-in Qadınlar Hərəkatları təşkilatının təmsilçiləri çıxış edərərk partiyaların layihələri barədə məlumat vermişlər. Tədbir ACRE-nin sentyabr ayında baş tutacaq növbəti toplantısının müzakirəsi ilə başa çatıb.
Tədbirdə BAXCP-ni partiya funksionerləri Aydın Məmmədov və Nəzakət Məmmədova təmsil ediblər.
Xatırladaq ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Avropanın aparıcı siyasi partiyalar ittifaqlarından biri olan Avropada Mühafizəkarlar və İslahatçılar Alyansı ilə yaxından əməkdaşlıq edir. Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının 22 may 2015-ci il tarixdə keçirilən toplantısında BAXCP Alyansın üzvlüyünə namizəd kimi qəbul olunub. Qarşılıqlı əməkdaşlığın genişləndirilməsi nəticəsində BAXCP ACRE-nin 13 noyabr 2015-ci il tarixdə Tunisdə keçirilən zirvə toplantısında qurumun tamhüquqlu üzvü seçilib.