Düşmənə cavab vermək zamanıdır Siyasət

Düşmənə cavab vermək zamanıdır

Qüdrət Həsənquliyev: "Ordumuz ağır artilleriyadan istifadəyə keçməlidir"
Bahar Muradova: "Ermənistan görəndə ki, bu cür hərəkətlər cəzasız qalır..."
Fəzail Ağamalı: "Ermənistana Azərbaycanı təxribata çəkməklə bağlı göstəriş verilib"

"11 əsgərin öldürülməsi cavabsız qalmamalıdır. Ordumuz ağır artilleriyadan istifadə etməklə hücuma keçməli, kəskin şəkildə cavab verməlidir".
Bu sözləri Axar.az-a Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev cəbhənin təmas xəttində 11 əsgərimizin şəhid olması ilə bağlı informasiyanı şərh edərkən bildirdi.
Millət vəkili qeyd etdi ki, 11 əsgərimizin şəhid olmasına qarşılıq matəm elan etmək yox, ciddi cavab vermək lazımdır: "Müharibə davam edir və müharibədə baş verən hərbi itkilərə görə matəm elan etmək yox, cavab vermək lazımdır. Bu, artıq kiçik insident deyil, Azərbaycana qarşı irimiqyaslı əməliyyatın həyata keçirilməsidir. Ordumuz ağır artilleriyadan istifadə etməklə, hava hücumuna keçməklə kəskin şəkildə cavab verməlidir. Ordumuz torpaqlarımızı azad etmək gücündədir və ermənilər heç də atəşkəsin pozulması kimi qiymətləndirilməsi mümkün olmayan, əsl döyüş sayılan bu hücumun qarşılığını, müdafiə nazirinin dediyi kimi, on qat artıq almalıdır".
Q.Həsənquliyevin fikrincə, bu atışmalar müharibənin başlaması üçün bir qığılcımdır: "Ancaq səbəbkar biz deyilik. Belə bir şəraitdə bu qədər əsgərimizin öldürülməsi ilə Azərbaycan barışa bilməz. Bu bizim növbəti dəfə Ermənistana uduzmağımız kimi qəbul ediləcək və onların daha da harınlamasına səbəb olacaq. Bu gün hansı istiqamətdə atəşkəs pozublarsa, ordumuz da bütün imkanlardan istifadə edərək o istiqamətdə hücuma keçməli, düşməni darmadağın etməlidir. Bu o demək deyil ki, atəşkəslə bağlı imzalanmış protokolu pozuruq, sadəcə, 11 əsgərin öldürülməsi cavabsız qalmamalıdır. Bizim cavabdan sonra onların atacağı addımla anlaşılacaq ki, atəşkəs tamamilə pozuldu, ya hələ də problemin sülh yolu ilə həllinə ümidlər var".
Q.Həsənquluyev baş verən hadisəyə səbəb kimi iki versiya irəli sürdü: "Rusiyaya qarşı sanksiyalar qüvvəyə minir. Bu, təxribat da ola bilər. Rusiya Avropaya göstərmək istəyir ki, regionda yenidən sabitlik pozulacaq. Bir başqa səbəb isə Ermənistanda daxili vəziyyətin kifayət qədər acınacaqlı və kritikliyi ilə bağlıdır. Ermənistanda gərginlik, hökumət əleyhinə narazılıq artıb. Ölkə sürətlə boşalır. İğtişaşlar artmaqdadır. Hökumət əhalinin diqqətini sosial narazılıqdan yayındırmaq üçün bundan istifadə etmək istəyir. Əlbəttə, başqa səbəblər də istisna deyil".
Milli Məclisin sədr müavini Bahar Muradova ermənilərin cəbhə xəttində tez-tez atəşkəsi pozmasına münasibət bildirərkən deyib: "Ermənistan güc yolu ilə, yalnız öz imkanları hesabına yox, xarici dairələrin köməyi ilə işğal etdiyi Azərbaycan torpaqlarında daha artıq möhkəmlənmək istəyir, eyni zamanda, qeyri-qanuni, separatçı bir rejimi tanıtdırmaq istiqamətində səylərini ortaya qoymaqla yanaşı, atəşkəs rejimini pozaraq diqqəti bu məsələlərdən yayındırmağa çalışır".
B.Muradova qeyd edib ki, Ermənistan provokasiyaları özü törətməklə Azərbaycan tərəfini ittiham etməyə cəhd göstərir: "Bu, açıq-aşkar ortadadır və bunun məntiqi də yoxdur, çünki normal məntiqlə yanaşsaq, qonşu ölkənin torpaqlarını işğal etmək heç bir məntiqə sığmır. İşğala qanuni don geyindirməyin beynəlxalq hüquqda heç bir əsası yoxdur. Ancaq Ermənistan bunu pərdələmək üçün millətlərin öz müqəddəratını təyinetmə prinsipi ətrafında fikirlərin dolaşmasına çalışır. Ermənistan Azərbaycan torpaqları hesabına ikinci bir Ermənistan dövlətinin yaradılmasına çalışır. Ermənistanın fəaliyyətinin görünən məntiqsiz məntiqi bundan ibarətdir".
Onun sözlərinə görə, hazırda dünyada gedən proseslər, dünyanın bir çox regionlarında yaranmış münaqişəli vəziyyətlər Ermənistanın bir az da əl-qolunu açır: "Ermənistan görəndə ki, bu cür hərəkətlər cəzasız qalır və dünyanın diqqəti başqa istiqamətlərə yönəlib, daha artıq bölgədə möhkəmlənmək üçün, işğal etdiyi ərazilərə hüquqi don geyindirmək üçün fəaliyyətini genişləndirməyə çalışır. Amma əlbəttə ki, Azərbaycan da Ermənistanın beynəlxalq hüququn prinsiplərinə zidd olan fəaliyyətini ifşa etmək istiqamətində öz işini davam etdirir".
Vitse-spiker əlavə edib ki, Azərbaycan özünün artan imkanları ilə, həyata keçirdiyi qlobal layihələrlə Ermənistanı iqtisadi əməkdaşlıqdan, regionda olan ölkələrin, o cümlədən Azərbaycanın imkanlarından məhrum etməklə düzgün yol tutub: "Haqq-ədalət Azərbaycanın tərəfindədir və odur ki, Azərbaycanın fəaliyyətinin məntiqli, hüquqi əsaslı olduğu açıq-aşkar görünür, Ermənistanın isə məntiqsiz məntiqi daha ciddi dalana dirənəcək və öz fəaliyyətinə adekvat qiymət alacaq".
Milli Məclisin deputatı Fəzail Ağamalı isə hesab edir ki, Ermənistan bu əməllərini davam etdirirsə, demək, kənardan Ermənistana Azərbaycanı təxribata çəkməklə bağlı göstəriş verilib: "Ermənistanın Azərbaycan ilə təkbaşına müharibə aparmaq gücü yoxdur. Cəbhə xəttində baş verənlər düşünülmüş hadisənin tərkib hissəsidir: "Azərbaycana qarşı olan bu təxribat müəyyən dairələr tərəfindən həyata keçirilə bilər. Amma qəti fikir söyləmək çox çətindir. Bu hadisələr davamlı və sistemli xarakter alarsa, bu, Azərbaycana qarşı hazırlanmış təzyiqin ciddi formasıdır."