11:27
399
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropa Birliyinin Rusiyanın yüklərini daşıyan gəmiləri saxlayaraq Kiyev rejimini gücləndirdiyini qeyd edib. S.Lavrov əlavə edib ki, özlərinə təkcə gəmiləri dayandırıb yoxlamağa deyil, həm də yükləri götürüb satmağa və bununla müəyyən gəlir əldə etməyə icazə verilib. Nazirin sözlərinə görə, həmin gəliri isə Kiyev rejimi güclənməyə davam etsin deyə Ukraynaya verirlər.
Məsələ ilə bağlı xalqcebhesi.az-a açıqlama verən politoloq Abutalıb Səmədov bildirib ki, ABŞ Tramp hakimiyyətə gəldikdən sonra Ukraynaya yardımı dayandırdı və yalnız Avropanın ödədiyi pullar qarşılığında Ukraynaya silahlar satmağa başladı: “Təbiidir ki, Avropanın özünün də maliyyə durumu yaxşı deyil ki, bu yükü çəkə bilsinlər. Ancaq hər halda indiyə qədər əllərindən gələni ediblər və Ukraynaya ciddi yardım göstərməyə çalışırlar. Görünür, maliyyə sıxıntısı o həddə gətirib ki, artıq bu yola əl atmaq məcburiyyətində qalıblar”.
A.Səmədov həmçinin deyib ki, bu, əslində, sanksiya rejiminin sərtləşməsi deyil, sadəcə olaraq Avropanın bu addımı atmağa məcbur olmasının göstəricisidir: “Çünki müharibə başlayan ilk illərdə Ukraynaya yardımın əsas ağırlığını ABŞ çəkirdi və Avropa Birliyinin göstərdiyi yardımlar təqribən Ukraynaya göndərilən yardımın yarısından biraz az olurdu. İndi bütün yardımları Avropa maliyyələşdirməlidir və təbii ki, bu da o qədər də asan deyil. Ona görə də Avropa Birliyi ölkələri bu cür yola əl atmaq məcburiyyətində qalırlar. Ancaq güman etmək olar ki, bu, hələ son deyil. Bundan sonra buna bənzər üsullar tapıb həm Rusiyanı cəzalandırmaq, həm də Ukraynaya yardım göstərməyə çalışacaqlar”.
Röya İsrafilova