“ABŞ-da baş verən qətliama da öz təpkimizi göstərməliyik” Siyasət

“ABŞ-da baş verən qətliama da öz təpkimizi göstərməliyik”

Səidə Qocamanlı: “Silahları açıq satışa buraxıb, insanların həyatına təhlükə yaratmaq yolverilməzdir”

Novella Cəfəroğlu: “Amerikada silahların satışına qanunla icazə verilməsi doğru deyil”

ABŞ-ın Texas və Ohayo ştatlarında 30 nəfərin ölümünə, çoxlu sayda insanın yaralanmasına səbəb olan qətliamlar məni dərindən sarsıtdı.
Bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlamasında deyib. Faciə qurbanlarının yaxınlarına başsağlığı verən, yaralılara şəfa diləyən BAXCP sədri qeyd edib ki, baş verənlərin ciddi səbəbləri var:
“Amerika Birləşmiş Ştatlarında insanların mütəmadi olaraq, psixi problemləri olan şəxslər tərəfindən, yaxud nifrət zəminində güllələnmələri adi bir hal alıb. Çox təəssüf ki, bu ölkənin dövlət xadimləri, siyasətçiləri bu problem haqqında mütəmadi olaraq uzun-uzadı danışsalar və mübahisə etsələr də real addımlar atmırlar. Səbəb isə çox sadədir. Amerika Birləşmiş Ştatlarının siyasi sistemi korrupsiyaya uğrayıb...Hər dəfə ABŞ-da oxşar hadisələrdən sonra problemlə bağlı müzakirələr aparılsa da, nəticə etibarilə bütün bunlar silahdan istifadənin məhdudlaşdırılması istiqamətində real addımların atılmasına gətirib çıxarmır.
Bəhanə olaraq da, konstitusiyada vətəndaşların silah saxlamaq hüququnun olduğu göstərilir. Amma açıq söyləyək ki, bu sadəcə bəhanədir. Çünki istənilən hüquqdan istifadə qaydaları qanunla müəyyən olunmalıdır. Məsələn, tank da silahdır, artilleriya qurğuları, uzaq mənzilli ballistik raketlər də, atom bombası da silahdır. Bu o deməkdir ki, vətəndaşa atom bombası saxlamağa icazə verilməlidir? Yaxud imkan verilməlidir ki, bu və ya digər şəxs ABŞ-ın, yaxud başqa bir dövlətin ərazisinə raket atsın? Sözsüz ki, “silah saxlamaq hüququ” ilə bağlı iddiaların hamısı cəfəngiyyatdır. Təbii ki, əgər istəsələr, avtomotik atəş açan silahları qanunla tam məhdudlaşdıra bilərlər. Silah almasına icazə verilən şəxslərin dairəsi xeyli dərəcədə məhdudlaşdırıla, çox ciddi yoxlamalardan sonra bu və ya digər şəxslərin silah almasına icazə verilə bilər. Silahların saxlanılmasına görə ciddi məsuliyyət nəzərdə tutula bilər ki, bu silahlar uşaq və yeniyetmələrin, psixoloji problemləri olan şəxslərin əlinə keçməsin. Amma biz görürük ki, real həyatda bunların heç biri edilmir. Bunun da bir səbəbi var, o da korrupsiyadır”.
BAXCP sədri heç bir günahı olmayan insanların nifrət zəminində amansızcasına qətlə yetirilməsini ürək ağrısı ilə izlədiyini deyib: “ABŞ irqi və dini ayrı-seçkiliyin aradam qaldırılması istiqamətində ciddi tədbirlər görməlidir. Dünyanın bütün tərəqqipərvər qüvvələri, siyasətçilər, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri, hüquq müdafiəçiləri buna öz etirazlarını bildirməlidirlər. ABŞ-ın korrupsiyaya bulaşmış senator və konqresmenləri görməlidirlər ki, bütün dünya onları lənətləyir.
Bizim ölkəmizdə insan haqları ilə bağlı hər hansı bir problem yarananda, əksər hallarda isə təsdiqini tapmamış məlumatlar əsasında problemin yarandığ barə ehtimal irəli sürüləndə ABŞ-ın hüquq-müdafiə təşkilatları dərhal reaksiya verirlər. Mən Azərbaycandakı hüquq-müdafiə təşkilatlarının bu qətliama, yaxud bu qəbildən olan başqa faciələrə nə üçün reaksiya vermədiklərini başa düşə bilmirəm vu buna təəssüflənirəm. Nə üçün bizim hüquq müdafiəçiləri, deputatlar, ombudsman bu hadisə ilə bağlı öz etiraz səsini ucaltmır? Mən hesab edirəm ki, biz baş verənlərə öz açıq etirazımızı bildirməliyik və ABŞ rəsmiləri də görməlidirlər ki, bütün dünya günahsız insanların nifrət zəminində, irqi və dini motivlərlə qətlə yetirilməsindən narahatdır. Hesab edirəm ki, biz bu kampaniyanı başlatmalıyıq. Birləşmiş Ştatlar da həm silahdan istifadənin məhdudlaşdırılması, həm də irqi, dini ayrı-seçkiliyin aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirməlidir”.
“Xalq cəbhəsi” qəzeti BAXCP sədrinin toxunduğu problemlə bağlı hüquq müdafiəçilərinin mövqeyini öyrənib.
Hüquq müdafiəçisi Səidə Qocamanlı qəzetimizə açıqlamasında bildirdi ki, hüquq müdafiəçiləri təkcə insan hüquqlarının pozulması ilə bağlı deyil, ümumiyyətlə dünyada baş verən hadisələrə, dünyaya, insan həyatına təhlükə yaradan hadisələrə mütləq reaksiya verməli, səslərini çıxarmalı və öz mövqelərini söyləməlidir: “O cümlədən Amerikada baş verən qətliama da öz təpkimizi göstərməliyik. Silahları açıq satışa buraxıb, insanların həyatına təhlükə yaratmaq, xələl, dərd gətirmək, dünyanı dağıtmaq yolverilməzdir. Təbii ki, bizim hüquq müdafiə təşkilatlarının monitorinq qrupu həmişəki kimi bu hadisəyə də öz mövqeyini bildirməlidir”.
Hüquq müdafiəçisi Səadət Bənənyarlı isə diqqətə çatdırdı ki, silah daşınmasına icazə verilməyən dövlətlərdə də belə hadisələr baş verir. Onun sözlərinə görə, ölkədən asılı olmayaraq bu cür hadisələrə qiymət verməliyik: “Hadisə necə baş verir, insan hüquqlarına hansı formada təsir edir, insan hüquqlarının pozulmasına gətirib çıxarırsa mütləq münasibət bildirilməlidir. Silahların psixi problemi olan insanlara verilməsi qətiyyən yolverilməzdir. Hadisənin Rusiya, Amerika, yaxud istənilən Şərq ölkəsində baş verməsinin fərqi yoxdur. İstənilən halda insan hquqları pozulursa, belə məsələlər cavabsız qalmamalıdır”.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu vurğuladı ki, Amerikada silahların satışına qanunla icazə verilməsi doğru deyil: “Bu cür hallar Amerikada dəfələrlə baş verib. Bundan əvvəl məktəbdə də qətliam törədildi. Amerika hüquq müdafiəçiləri digər dövlətlərdə baş verən ən xırda hadisəyə belə sərt reaksiya verirlər. Buna görə də öz ölkələrində baş verən bu cür hadisələrə sərt təpki göstərmələri vacibdir və dövlət də cinəyatkarlara ən ağır cəza tətbiq etməlidir. Amerika oturuşmuş və demokratik dövlətdir. Amma bu cür hadisələrin baş verməsi Amerikanın nüfuzuna xələl gətirir. Əgər dünyaya nümunə olmaq istəyirsə bu cür hadisələrlə bağlı da örnək olmalıdır...”.

Əli