
Qüdrət Həsənquliyev: "Müharibənin davam etdirilməsi Rusiya dövlətinin varlığına son qoya bilər"
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev “AzPolitika”ya müsahibəsində Ukraynanın genişlənən dron zərbələrindən sonra Rusiyada yaranmış vəziyyət, mövcud hakimiyyəti gözləyən təhlükələr, İran-ABŞ hərbi qarşıdurmasının perspektivi və bu ölkə daxilində proseslərlə bağlı sualları cavablandırıb.
Müsahibəni təqdim edirik:
– Qüdrət bəy, müsahibə üçün təşəkkür edirəm. İlk sualım Ukrayna pilotsuz sistemlərinin zərbələri nəticəsində Rusiya cəmiyyətində yaranmış vəziyyətlə bağlıdır. Ölkə neft emalı müəssisələrinin 40 faizini itirib, yanacaq qıtlığı getdikcə dərinləşir, artıq oliqarxlar, bəzi hökumət rəsmiləri müharibənin dayandırılmasının zəruriliyi ilə bağlı çıxışlar edirlər. Sizcə, Putin hakimiyyəti bu çağırışlara qulaq asacaq, yoxsa Ukraynaya qarşı daha böyük gücün toparlanması - səfərbərlik, müharibə qanunlarının qəbul edilməsi və s. addımlara gedəcək?
– Rusiyada hakimiyyət üçün müharibədən çıxmaq da qorxuludur, müharibəni davam etdirmək də. Çıxmaq ona görə qorxuludur ki, müharibənin nəticələrini xalqa qələbə kimi təqdim etmək çətin olsa, bu halda ölkədə inqilab baş verə bilər. Tarix bunu göstərir. Müharibənin davam etməsi isə ona görə təhlükəlidir ki, Ukrayna müasir silahlar əldə edir, Rusiyanın strateji obyektlərinə zərbələr endirir, iqtisadiyyat isə artan hərbi xərcləri qarşılamaq gücündə deyil.
Atəşkəs əldə olunması barədə Ukraynanın hazırda qəbul etməyə hazır olduğu indiki şərtlər gələcəkdə olmaya bilər. O halda müharibənin nəticələri Rusiyanın vahid dövlət kimi varlığını şübhə altına ala bilər. Ona görə də düşünürəm ki, sağlam düşüncə qalib gələcək, Rusiya daha az təhlükəli variantı seçəcək və müharibəni dayandıracaq.
– NATO sammitində qəbul edilən qərarlar Birləşmiş Ştatlar və Avropanın Ukraynanı hərbi, iqtisadi cəhətdən dəstəkləməkdə qətiyyətli olacağını göstərir. Biz Fransanın Ukraynaya ən müasir qırıcılar və HHM sistemləri ötürəcəyinə dair mövqeyini oxuduq, digər Avropa ölkələri də bu istiqamətdə addımlar atacaq. Bu dəstək müharibənin taleyinə necə təsir göstərə bilər?
– Həmişə o fikirdə olmuşam ki, Qərb, xüsusilə də ABŞ istəsəydi, bu müharibənin qarşısını ala bilərdi. Əgər Ukraynaya zamanında müasir silahlar verilsəydi, müharibənin sona çatmasını tezləşdirmək də olardı. Rusiya əmin olsa ki, müharibədə istədiklərinin hamısına nail ola bilməyəcək, əldə etdikləri ilə kifayətlənib müharibəni dayandıra bilər. Hər şey Ukraynaya ediləcək köməyin miqyasından asılı olacaq.
– Beynəlxalq media yazır ki, Çin artıq Putinin əvəzlənməsi ilə bağlı ssenarilər üzərində işləyir. Şübhəsiz ki, Qərbin də bu istiqamətdə hansısa planları var. Böyük güclərin planlarının icrası üçün Rusiya hakimiyyətində dayaqlar axtarması da qanunauyğunluqdur. Bu baxımdan, ilin sonuna qədər Kremldə səssiz çevriliş mümkündürmü?
– Hal-hazırda bu ehtimal çox azdır. Amma müharibə davam edərsə və Rusiya cəbhədə ağır itkilərlə üzləşərsə, heç nəyi istisna etmək olmaz. Sözsüz ki, Putin də bu barədə düşünür. Müharibədə qarşıdakı 6 ay bir çox məsələlərə aydınlıq gətirəcək.
– Qüdrət bəy, Prezident İlham Əliyev də Şuşa Qlobal Media Forumunda Dmitri Qordonun sualına cavabında Rusiyaya müharibəni vaxtında dayandırmağın zəruriliyini tövsiyə etdiyini dedi. Biz Peskovun “biz bəzi tərəfdaşlarımızın bu mövqeyinin bütün istiqamətlər üzrə yanlış olduğunu izah etməyə davam edəcəyik” açıqlamasını eşitdik. Bu barədə nə deyə bilərsiniz?
– Həqiqi dostlar, tərəfdaşlar bir-birinə həqiqəti deməlidir. İlham Əliyev də Rusiyadakı tərəfdaşlarına həqiqəti deyir, onlardan beynəlxalq hüquqa hörmət olunmasını istəyir. Peskovun bizə nəyisə izah etməsinə ehtiyac yoxdur, biz beynəlxalq hüququn prinsiplərini də bilirik, nə baş verdiyini də görürük.
Rusiyanın dövlətçilik maraqları tələb edir ki, müharibə dayandırılsın. Təkəbbürlülük və inadkarlıq göstərərək müharibənin davam etdirilməsi Rusiya dövlətinin varlığına, ən azından indiki formada, son qoya bilər. Bizə isə lazımdır ki, qonşu ölkələrdə sabitlik və rifah olsun.
– İran-ABŞ hərbi qarşıdurması davam edir. Siz daha əvvəl - Vyanada imzalanan anlaşma memorandumuna münasibət bildirərkən hərbi əməliyyatların davam edəcəyini proqnozlaşdırmışdınız. Bu gedişat nə vəd edir, hərbi əməliyyatlar hansı nəticə ilə bitə bilər? Tərəflər yenidən danışıqlar masasına otura bilərlərmi?
– İran ABŞ-nin böyük hərb maşını ilə üz-üzədir. Müharibənin davam etməsi İran üçün ağır nəticələrə səbəb ola bilər. İran ABŞ ilə anlaşmalı, nüvə proqramından imtina etməli, Hörmüz boğazında əvvəlki qaydalar bərpa olunmalı, İrana tətbiq olunmuş sanksiyalar aradan qaldırılmalı və İrana investisiya qoyulmalıdır.
İran müharibəni davam etdirsə, ölkə böyük fəlakətlə üzləşə bilər. Bu isə heç kimə, xüsusilə də bizə lazım deyil. Tərəflərdən heç biri özünü məğlub hesab etmədiyindən indiki anda sülhə nail olmaq xeyli çətindir. İranın strateji obyektləri vurulsa, o, daha ağır şərtlərlə sülhə getməyə məcbur olacaq. İranda xalq seçdiyi prezidenti müdafiə etsə, ordu prezidentə dəstək nümayiş etdirsə, daha ədalətli sülhə nail olmaq mümkün olacaq. randa islahatları yubadılması, köhnə xarici siyasətə bağlanıb qalması ölkəyə yaxşı heç nə vəd etmir. İranda son söz sahibi xalqın seçdiyi Prezident və parlament olmalıdır.
– Avropa İttifaqı və NATO ABŞ-yə açıq hərbi dəstək verə bilərmi? Biz bu günlərdə Böyük Britaniyanın SEPAH-ı terrorçu təşkilat elan etməsinin şahidi olduq. Prezident Tramp da NATO sammitində müttəfiqlərindən ciddi narazılıq etmişdi. Nə gözləyirsiniz?
– Qərb liderlərinin öldürülməsi barədə fətva veriləndən sonra Fransa və Böyük Britaniya ABŞ-yə dəstək ola bilər. Onu da nəzərə alsaq ki, Hörmüz boğazından keçən gəmilərə İran tərəfindən rüsum tətbiq edilməsi Qərb ölkələrinin maraqlarına toxunur, bunu tamamilə mümkün sayıram. Trampı sevməsələr də, ABŞ-nin məğlub olması Qərb dünyasının maraqlarına cavab vermir.