Azay Quliyev ATƏT-ə müraciət etdi Siyasət

Azay Quliyev ATƏT-ə müraciət etdi

"Ermənistanın davranışı regionda onsuz da gərgin olan vəziyyəti daha da gərginləşdirir"

"Cəbhə xəttində Ermənistan qoşunları tərəfindən bu cür zorakılıq halları daimi xarakter daşıyır və çoxlu sayda itkilərə səbəb olur".
Bunu ATƏT Parlament Assambleyasının Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini, deputat Azay Quliyev Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdiyi son təxribatlarla bağlı ATƏT PA-nın Prezidenti İlkka Kanerva və onun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Suaresə ünvanladığı müraciətdə bildirib.
Müraciətdə ermənilər tərəfindən törədilən son təxribatlar zamanı 13 Azərbaycan hərbçisinin həlak olduğu və onlarla hərbçinin və dinc vətəndaşın yaralanması onların diqqətinə çatdırılır.
Müraciətdə o da qeyd olunur ki, Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini hər gün pozması səbəbindən, cəbhə xəttinə yaxın kəndlərdə yaşayan dinc sakinlər daim öz həyatlarını itirmək təhlükəsi və qorxusu ilə yaşayır. Bu səbəbdən, kəndlərdə yaşayan insanlar gündəlik fəaliyyətləri ilə məşğul ola bilmirlər.
Müraciətdə onların diqqətinə çatdırılır ki, Ermənistan qüvvələrinin bu cür destruktiv əməlləri Helsinki Yekun Aktının bütün prinsiplərinə, həmçinin "münaqişə zonasının həllində gücün tətbiq edilməməsi prinsip"inə tamamilə ziddir. Ermənistanın bu cür davranışı regionda onsuz da gərgin olan vəziyyəti daha da gərginləşdirir və əgər Ermənistan bu aqressiv davranışını davam etdirərsə, bütün danışıqların dalana dirənməsinə səbəb olacaq: "Mən ATƏT PA-nı Ermənistanın bu cür davranışlarını pisləməyə və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün mühüm əhəmiyyət kəsb edən atəşkəs rejiminə əməl etməsinə məcbur etməyə çağırıram".