MM-in Səhiyyə komitəsinin iclasında nələr müzakirə olunub? Siyasət

MM-in Səhiyyə komitəsinin iclasında nələr müzakirə olunub?

“Gələn ildən Azərbaycanda dövlət büdcəsindən icbari tibbi sığorta sisteminə ayrılan vəsaitin xeyli artacağı gözlənilir”.
Bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında çıxış edən komitə sədri Əhliman Əmiraslanov deyib.
Ə.Əmiraslanov bildirib ki, bu il dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı icbari tibbi sığortaya ayrılan vəsait məsələsinə daha ciddi diqqət yetiriləcək, çünki dövlət maliyyə təminatının böyük hissəsini öz üzərinə götürüb.
“Münasib vaxt çatdıqda “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq”-deyən Ə.Əmiraslanov bildirib ki, mətbuatda bəzi şəkərli diabet xəstələri üçün dərman çatışmazlığı barədə məlumatlara rast gəlinir: “Bunun obyektiv səbəbi var, çünki belə xəstələrin sayı ilbəil artır. İnsanlar arasında ən böyük ölüm yaradan onkoloji xəstəliklərlə bağlı da Milli Məclisdə dinləmələrin keçirilməsi nəzərdə tutulur. Bu sahədə ən böyük problem odur ki, şiş əleyhinə dərmanlar, xüsusilə ən müasir dərmanlarla bağlı çatışmazlıqlar var”.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib ki, onkoloji xidmətlə bağlı maliyyə məsələsinə yenidən baxılmalıdır. Amma xəstələrin sayının artması müasir müalicə vasitələrinin baha olmasına görə əlavə vəsaitin ayrılmasını tələb edir.
Deputat təklif edir ki, onkoloji xəstəlliklərlə bağlı müəyyən dərmanların apteklərdə açıq satışının təşkilinə icazə verilsin.
“Azərbaycanda antibiotiklərlərin satışına nəzarətin artırılması təklif edilir”.
Bu təklifi isə Milli Məclisin Səhiyyə komitəsinin iclasında çıxış edən komitə üzvü Qənirə Paşayeva səsləndirib.
Onun sözlərinə görə, antibiotiklərlərin nəzarətsiz satışı məsələsi ciddi şəkildə nəzarətə alınmalıdır: “Onun doğurduğu problemlər artır. Azərbaycanda antibiotiklər tamam nəzarətsiz şəkildə satılır, bu məsələnin də diqqətdə saxlanılması lazımdır”.
Q.Paşayeva qeyd edib ki, insan orqanlarının donor və transplantasiyası ilə bağlı qanun layihəsinin parlamentin payız sessiyasında müzakirəyə çıxarılması çox vacibdir: “Gələn ildən icbari tibbi sığorta sistemi fəaliyyətə başlayacağı üçün bu istiqamətdə qanunvericlik bazasının yaradılması çox vacibdir. Hər gün yüzlərlə xəstə bu qanunun qəbulunu gözləyir”.
Deputat əlavə edib ki, bu gün ölkədə tibbi maarifləndirmə işində klinikaların və həkimlərin reklamları daha çoxdur: “Əhalinin müxtəlif xəstəliklərlə bağlı düzgün şəkildə maarifləndirməsi zərurətə çevrilib”.
“Məktəblərdə şagirdlər arasında skolioz və kifoz xəstəliklərinin sayı artmağa başlayıb”-deyən Qənirə Paşayevanın sözlərinə görə, bu xəstəliklərin əməliyyatlarının qiymətləri da çox bahadır və müalicə üçün çox zaman əməliyyatların həyata keçirilməsi zərurəti yaranır.
Q.Paşayeva deyib ki, anemiyadan əziyyət çəkən insanların sayının artması insanların sağlamlığı üçün təhdiddir. Buna görə də bu məsələnin həllinə nail olmaq lazımdır.