Yenə ara qarışdı, məhzəb itdi... Siyasət

Yenə ara qarışdı, məhzəb itdi...

AXCP-Müsavat qovğası digər partiyalara da sirayət etdi

Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyası arasında uzun sürən səssizlikdən sonra qarşıdurma yenidən başlayıb. Müsavat Partiyasının başqanı İsa Qəmbərin təşəbbüsü ilə Leyla Yunus və Arif Yunus da daxil olmaqda həbsdəki hüquq müdafiəçilərini və siyasi məhbus hesab olunan şəxslərin müdafiəsi məqsədilə Birləşmiş Hüquq Müdafiə Mərkəzi təsis edilib, mərkəzə KXCP sədri Mirmahmud Mirəlioğlu sədr seçilib.
Lakin Müsavat Partiyasının bu təşəbbüsü Əli Kərimlini və onun faktiki olaraq nəzarət etdiyi Milli Şuranı qıcıqlandırıb. Buna görə də AXCP "Birləşmiş Hüquq Müdafiə Mərkəzində baş verə biləcək intriqalardan uzaq olmaq" bəhanəsi ilə bu təşəbbüsü rədd edib və qurumun toplantılarında iştirakdan imtina edib.
AXCP sədrinin müavini Razi Nurullayev açıqlamasında bildirib ki, buna səbəb partiyanın bu birlikdə baş verə biləcək intriqalardan uzaq olmasıdır: "Ümumiyyətlə, siyasi partiyalar istənilən mövzu ətrafında bir araya gəlir, lakin sonradan dağılır. Bir-birini günahlandırmağa başlayırlar və həmişə də AXCP hədəfə alınır. Bu baxımdan partiya bu tip birliklərdən və gözlənilən intriqalardan uzaq olmağa çalışır. Bu birliklərin arxasında nəyin gizləndiyi bilinmir".
Müsavat Partiyası başqanının müşaviri Səxavət Əlisoy bildirib ki, Əli Kərimlinin İsa Qəmbərin təşəbbüsü ilə təsis edilən Birləşmiş Hüquq Müdafiə Mərkəzinin toplantılarına qatılmaması AXCP ilə Müsavat Partiyası arasında olan soyuq müharibənin təzahürlərindən biridir: "Bu soyuq müharibə hələ bələdiyyə seçkilərinə qədər davam edəcək. Bələdiyyə seçkilərində ya ümumi blok, ya da digər formada iştirak barədə qərar qəbul edənə qədər və ya bələdiyyə seçkilərinə qədər olmasa, gələn il parlament seçkilərində birgə iştirak istiqamətinə yaxınlaşmaya qədər AXCP ilə Müsavat arasında olan soyuq müharibə davam edəcək. Biri hər hansı bir şəkildə müdafiə komitəsi düzəldəcək və yaxud başqa bir təklif irəli sürəcək, o biri bunu bəyənməyəcək. 20 ildir belə davam edir, bundan sonra da belə davam edəcəyinin şahidi olacağıq".
İki ənənəvi düşmən arasında yaranmış gərginlik hər iki partiyanın qarşılıqlı ittihamlarına yenidən yol açıb. Müsavat başqanının gənclərlə iş üzrə müşaviri Rüfət Hacıbəyli Əli Kərimlini onların işini təftiş etməkdə ittiham edib.
Maraqlıdır ki, AXCP-Müsavat qarşıdurmasının bu dəfəki mərhələsində Ümid Partiyası da Əli Kərimli tərəfindən sərt şəkildə hədəfə alınıb və İqbal Ağazadənin ünvanına təhqiramiz ifadələr yağdırılıb.
İqbal Ağazadə AXCP-nin ona qarşı yenidən başlatdığı kampaniyanı cavabsız qoymayıb və "Yeni Müsavat"a müsahibəsində Əli Kərimlini nəzərdə tutaraq, 1993-cü ildə tanınmış bir müxalifət liderinin digər bir müxalifət liderini kasetlə şantaj etdiyini bildirib. Onun sözlərinə görə, şantaj qadınla danışığın lentə alınması ilə edilmişdi. Düzdür, İqbal Ağazadə həmin müsahibəsində həmin şəxsin kim olduğunu açıqlamayıb. Lakin radikal müxalifət düşərgəsində hər kəs həmin şantajı edən şəxsin Əli Kərimli olduğu bilir.
ADP sədri Sərdar Cəlaloğlu isə şantajın məhz həmin vaxt AXC-yə sədrlik edən, sonradan Müsavat Partiyasının rəhbərliyində təmsil olunan İbrahim İbrahimliyə qarşı yönəldiyini açıqlayıb: "O, həmin vaxt AXC-yə sədrlik edirdi. Onu düşünülmüş şəkildə şantaj etdilər. İbrahim İbrahimli bundan sonra özü könüllü olaraq sədrlikdən getdi".
İbrahim İbrahimli isə məsələ ilə bağlı mətbuata danışmaqdan imtina edib.
Sərdar Cəlaloğlu Müdafiə Mərkəzinin Əli Kərimli tərəfindən sabotaj edilməsinə də sərt reaksiya verib: "Pərakəndəlik bu gün Azərbaycan xalqının durumu ilə bağlıdır. Cəmiyyətin siyasi kəsimində ciddi siyasi deqradasiya prosesi gedir. Artıq siyasi mədəniyyət və münasibətlər tam mahiyyətini itirib və ona görə də bu cür qeyri-siyasi proseslər gedir. Biz ora həbs olunanların müdafiəsini təşkil etmək üçün cəmiyyətin daha böyük kəsiminin qoşulmasına çalışırıq. Amma bəziləri kiminsə müxalifətçi olmamaqda və yaxud özünü müxalifətçi kimi təqdim etməyə cəhd etməkdə ittiham edirlər. Bu gün az qala müxalifətçilik uğrunda böyük bir savaş gedir. Onlar yeri gəlsə, ölkə başçısını da müxalifətçilikdə ittiham edərlər. Odur ki, dəhşətli bir vəziyyət yaranıb. Burada mənim başa düşdüyüm budur ki, bu müxalifətçiliyi bu qədər özəlləşdirilməsinin bir məqsədi var".
Sərdar Cəlaloğlunun fikrincə, ola bilsin ki, müəyyən qüvvələr tərəfindən maddi dəstək ola bilər və bu adamlar o maliyyə dəstəyini almaq üçün bu qədər can-fəşanlıq edirlər: Şəxsən mən heç bir vaxt özümü müxalifətçi olmağımızı qabartmamışam. Sadəcə olaraq fikrimi bildirmişəm və fikrimdən də hamı bilib ki, mən müxalif mövqeli adamam. Bəzi adamlar "müxalifətəm, müxalifətəm" deməklə elə bil ki, kiməsə işarə edir ki, bax müxalifət mənəm ha, nəbadə çaşıb İsa Qəmbəri, Sərdar Cəlaloğlunu, İqbal Ağazadə, Mirmahmud ağanı müxalifət sayasan.... Amanın günüdür onlara müxalifət demə... Təssüflər olsun. Əgər bu şəxslər insanların həbsə düşməsindən yenə alver edib pul qazanmaq istəyirlərsə, yazıqlar olun onlara. Nə deyim vallah..."