

Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlıq 20 illik mərhələyə çatıb.
Bu sözləri Qazaxıstanın Avrasiya İnteqrasiyası İnstitutunun aparıcı analitiki Nuralı Kamal APA-ya açıqlamasında deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycan və Qazaxıstan arasında münasibətlər ən yüksək səviyyəyə çatıb və “strateji tərəfdaşlıq” statusu daimi siyasi etimad və ortaq regional baxışlara əsaslanır.
“İki ölkə arasında 160-dan çox sənədi – dövlətlərarası müqavilələri, hökumətlərarası sazişləri və memorandumları əhatə edən geniş hüquqi baza mövcuddur. Azərbaycan və Qazaxıstan BMT, Türk Dövlətləri Təşkilatı, ATƏT və TÜRKSOY kimi beynəlxalq platformalarda da sıx əməkdaşlıq edirlər,” – deyə Kamal vurğulayıb.
O, həmçinin qeyd edib ki, bu il Azərbaycan və Qazaxıstan arasında Strateji tərəfdaşlıq və müttəfiqlik haqqında Müqavilənin imzalanmasının 20 illiyi qeyd olunur. Analitikin fikrincə, 2022-ci ildə imzalanan yeni bəyannamə iki ölkə arasında əlaqələri daha da dərinləşdirib.
Kamal əlavə edib ki, hər iki ölkə regionda “orta güc” statusuna malik olmağa çalışır və bu, onların milli maraqları ilə tam uzlaşır.