Qarabağ kəfkiri Siyasət

Qarabağ kəfkiri

Azərbaycanın nə istədiyi aydındır - Bəs Ermənistanın?

ATƏT-in Xarici İşlər Nazirləri Şurasının Bratislavada keçirilən 26-cı toplantısı çərçivəsində Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında danışıqların növbəti raundu baş tutub. Bu, Zöhrab Mnatsakanyan ilə Elmar Məmmədyarov arasında bu il keçirilmiş sayca beşinci görüş idi.
İl ərzində iki ölkənin rəhbərləri arasında da görüşlər keçirilib, üstəlik, ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlərin rəhbərlərilə danışıqlar aparılıb, vasitəçilər regiona bir neçə dəfə səfər edib. Bütün bunlar danışıqlar prosesinin intensivləşdiyini göstərir. Lakin bir problem var: görüşlərin və əlaqələrin kəmiyyəti keyfiyyətdə əksini tapmayıb – Cənubi Qafqazın ən mürəkkəb problemlərindən olan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair praktiki qərarlar hələ də qəbul edilməyib.
Məsələ ondadır ki, münaqişə tərəfləri müzakirə olunan məsələlərin heç birində güzəştə getmək istəmir (Dağlıq Qarabağın gələcək statusu, ətraf rayonların işğaldan azad edilməsi, qaçqınların qayıtması).
Politoloq Sergey Markedonov “Kommersant”da yazıb ki, bu ilin mayında Dağlıq Qarabağda atəşin müddətsiz dayandırılması haqqında Sazişin 25 yaşı tamam olsa da, atəşkəs vaxtaşırı pozulur. Beləliklə, biz “Qarabağ kəfkiri”nin durmadan işlədiyini görürük – danışıqların yeni raundunu hər dəfə təmas xəttində gərginliklər əvəzləyir. Üstəlik, bu, heç də yeganə təhlükə mənbəyi deyil. Silahlı qarşıdurmalar Ermənistan-Azərbaycan dövlət sərhəddində də qeydə alınır ki, bu da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının birbaşa və ya dolayısı ilə münaqişəyə cəlb olunması təhlükəsini yaradır.
2019-cu ilin iyulunda başqa bir əlamətdar hadisənin onilliyi qeyd olunub – on il əvvəl münaqişənin həllinə dair “baza prinsipləri”nin yenilənmiş variantı qəbul edlib və ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişə tərəflərinə bu prinsiplərin əsasında razılığa gəlməyi tövsiyə edib. Lakin ötən dövr ərzində tərəflər konkret tədbirlərin görülməsi istiqamətində əhəmiyyətli addım atmayıb.
Bütün bunlar danışıqların və görüşlərin mənasız olduğu anlamına gəlirmi? İlk baxışdan görünən odur ki, nəzərəçarpacaq nəticə omadığı üçün faydalı iş əmsalı yüksək deyil. Lakin məsələyə daha dərindən yanaşdıqda, münaqişənin hansı nöqtədə olduğunu adekvat qiymətləndirdikdə görürük ki, bu suala birmənalı cavab vermək mümkün deyil. Vəziyyət elədr ki, tərəflərin heç biri kompromisin əldə olunması üçün yetərincə siyasi iradə nümaiş etdirmir. Eyni zamanda, onlar özlərinin mütləq üstünlüyünü təmin edəcək resurslara da malik deyillər. Nəticədə “Qarabağ kəfkiri” dayanmır və bu zaman diplomatik formata “güc sınağı” da əlavə olunur.
Belə vəziyyətdə münaqişə menecmentinin vacibliyi prinsipial hal alır. Əgər bəlli bir müddətdə sülhə nail olmaq mümkün deyilsə, təmas xəttində gərginliyin azaldılması, insidentlərin aradan qaldırılması və hətta sadəcə, dialoqun qorunması özü-özlüyündə pis nəticə deyil. Bütün bunar qarşıdurmanın “donunun açılmasına” imkan verməyən qarşılıqlı fəaliyyətin davam etditilməsinə kömək edir.
Bütün bunlarla yanaşı, tərəflər arasında minimal da olsa etimad yaranmadan münaqişənin nizamlanması üzrə məzmunlu dialoq mümkün görünmür. Bu etimadın əldə olunması və perspektivdə daha da güclənməsi isə “öz-özünə” yaranmayacaq – bunun üçün gərgin işləmək lazımdır. Bu işi mütəmadi görüşlər, sammitlər və danışıqlarsız təsəvvür etmək mümkün deyil.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyi məlumdur. Bu mövqe sonuncu dəfə Xarici İşlər nazirlərinin son görüşündən əvvəl açıqlanıb.
Azərbaycanın tələbləri aşağıdakılardır:
a) Ermənistan Silahlı Qüvvələrinin keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətini və ətraf ərazilərini tərk etməsi;
b) Azərbaycanlı qaçqınların Qarabağa qayıtması;

c) Bundan sonra Qarabağın azərbaycanlı və erməni icması tərəfindən Qarabağın statusunun təyin edilməsi.
Tələblərin sonunda Azərbaycan digər variantlarla razılaşmadığını olduqca qəti bir şəkildə əlavə edib.
Artıq neçənci gündür ki, erməni KİV-ləri və rəsmiləri bu bəyanata kəskin reaksiya verməklə yanaşı, müharibə ilə bağlı qorxularını dilə gətirməyə məcbur olur və məsələni müxtəlif istiqamətlərdən təhlil etməyə çalışırlar. Məsələn, erməni KİV-lərindən biri yazır: “Bəllidir ki, Ermənistanda və ya dünyanın heç bir ölkəsində belə bir həll yoluna razılıq verən hər hansı bir erməni yoxdur. Lakin bu da bir həqiqətdir ki, Ermənistan və Azərbaycan Xarici İşlər nazirləri görüşüb və bəzi məsələləri müzakirə ediblər.
Bununla da iki çox təbii sual ortaya çıxır:
1) Bir tərəfin mövqeyi aydın və bu şəkildə qətidirsə, nə ətrafında danışıqlar aparılır?
2) Ermənistan tərəfi bu sərt mövqeyə qarşı hansı əks arqumentləri qoyur?
Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi açıqlamasına görə, “atəşkəs rejimi, etimadın möhkəmləndirilməsi tədbirlərinin həyata keçirilməsi” haqqında, həmçinin “xalqları sülhün bərqərar edilməsinə hazırlamaqda əldə edilən təvazökar nəticə” kimi nəzərdən keçirilib.
Amma Ermənistan cəmiyyətində hər hansı bir layihənin müzakirə edildiyi, Azərbaycanın yuxarıda göstərilən tələblərinə cavab verəcək konkret mövqe yoxdur. Bunun əksini inandırmaq üçün, yəqin ki, eyni dərəcədə Ermənistan tərəfinin də danışıqlardakı mövqeyini əks etdirən açıqlamalarını bilməliyik.
Ermənistan Xarici İşlər Nazirinin Bratislavada 26-cı ATƏT Nazirlər Konfransı çərçivəsində, Qarabağda yaşayan əhalinin “öz müqəddəratını təyin etmə və təhlükəsizlik” hüququnu vurğulayan çıxışı, bu baxımdan kifayət deyil. Azərbaycan dəqiq bir plan açıqlayır, Ermənistan isə yalnız şərtləri irəli sürür”.