Politoloq: “Tramp burada özünün qanuna sığmayan ideyalarını həyata keçirməyə cəhd göstərir” Siyasət

Politoloq: “Tramp burada özünün qanuna sığmayan ideyalarını həyata keçirməyə cəhd göstərir”

“Müqavilə fələstinlilərin iştirakı olmadan hazırlanıb”“Əsrin müqaviləsi” ölü doğulmuş uşaqdır”. Bunu politoloq Tofiq Abbasov ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq konfliktnin həlli ilə bağlı təqdim etdiyi “Əsrin müqaviləsi”ni şərh edərkən deyib. O, bu razılaşmanın yalnız İsrailin xeyrinə hazırlandığını söyləyib: “Əsas problem ondan ibarətdir ki, o müqavilə fələstinlilərin iştirakı olmadan hazırlanıb. Fələstinlilərin bəzi təşkilatlarını təmsil edən fiqurlar bu prosesə cəlb olunsalar da, Fələstin Prezidenti Mahmud Abbas administrasiyası, həm də Qəzza bölgəsindəki HƏMAS təşkilatı bu təşəbbüsü əvvəlcədən ölümə məhkum etdilər. Çünki bu, bütövlüklə İsrailin xeyrinədir və fələstinlilərin gözləntilərini, maraqlarını yalnız qismən nəzərə alan bir yanaşmadır. Artıq 3 milyondan artıq fələstinli qaçqın həyatı sürür, müxtəlif ölkələrdə məskunlaşıblar və hamısı vətənə qayıdacağı günü gözləyir. Bu yanaşma göstərir ki, Tramp ümumiyyətlə, özünün seçki öncəsi kampaniyasındakı problemləri həll etməkdən ötrü birtərəfli şəkildə İsrailin xeyrinə belə bir plan cızıb. O, demək olar ki, 50 milyarda fələstinlilərin qeyrətini almaq istəyir. Bu, satın alınası bir şey deyil. Hesab edirəm ki, “Əsrin müqaviləsi”ndəki yanaşma çox ədalətsizdir və Tramp burada özünün qanuna sığmayan ideyalarını həyata keçirməyə cəhd göstərir. Layihənin həyata keçirilmə şansı çox mistikdir. Çünki Tramp əvvəlcə Qüdsü İsrail dövlətinin paytaxtı elan etdi, lakin İsraildən başqa heç bir dövlət və təşkilat onu dəstəkləmədi. Digər tərəfdən Qolan yüksəkliklərini Suriyanın yox, İsrailin ərazisi kimi təqdim etməyə çalışdı. Bu da valyutarist gedişdir. Tramp indi də 50 milyardlıq razılaşma irəli sürür. Trampın sözügedən layihəsinə heç vaxt fələstinlilər, digər ərəb məmləkətləri və dünya birliyi razılıq verməyəcək.
Tramp bu layihə ilə hər nə qədər dünyanı birqütblü göstərməyə, öz hegemonluğunu nümayiş etdirməyə çalışsa da, bu artıq belə deyil.
Belə başa düşürəm ki, Rusiya Federasiyasının rəhbərliyi də məsələni araşdırır və yaxın saatlarda öz münasibətini bildirəcək”.
Politoloq Trampın “Əsrin müqaviləsi”ndə təkid etməsinin səbəbini belə izah edib:“Bu razılaşma qeyri-konstruktivdir və onun əsasında İsrailin bütün gözlətinlərinə cavab vermək niyyəti dayanır. Tramp bu gedişlərlə özünün qarşıdan gələn seçki kampaniyasının maliyyə məsələlərini İsrailin ABŞ-da olan yəhudi lobbisinin iştirakı ilə həll etməyə çalışır və bu açıq-aşkar görünür”.
T.Abbasov Trampın “Əsrin müqaviləsi” ilə bağlı paylaşdığı İsrail-Fələstin xəritəsindəki bölgülərdən də danışıb:
“Trampın paylaşdığı xəritədə ərazilər qırıq-qırıq xətlərlə göstərilib. Ərazilərin bir-birilə əlaqəsi son dərəcə kövrək və şübhəlidir. Bu planda xüsusilə Qüdsün müqəddəratı kobud şəkildə İsrailin xeyrinə həll olunur və vəd edilir ki, guya şəhərin şərqində fələstinlilərin də paytaxtı ola bilər. Digər tərəfdən guya fələstinlilərə aid ərazilər iki dəfə artırılacaq. Ancaq onlar strateji əhəmiyyət daşıyan ərazilər deyil. Burada Misir tərəfdə, səhralıqlar istiqamətində ayrılan ərazilərdən söhbət gedir. Müqaviləyə görə, İordan vadisi İsrailin ixtiyarına verilir. Bu da bütün regionun açarının birmənalı şəkildə Təl-Əvivin əlində olması deməkdir. Düzdür, orda bildirilir ki, həmin xətlər magistral yollarla bir-birilə əlaqələndiriləcək, ancaq bu, müstəqil dövlətin mövcudluğu üçün çox şübhəli və qeyri-funksional bir mexanizmdir. Əgər Tramp bu prosesdə həqiqətən də obyektivlik prinsipini üstün tuturdusa, gərək layihənin hazırlanmasında fələstinlilərin adminstrasiyası iştirak edəydi. Bütün məsələ ABŞ və İsrailin maraqlarına uyğun olaraq gizli şəkildə həllini tapıb və onun reallaşdırılması perspektivləri sıfır səviyyəsindədir”.
Qeyd edək ki, D.Tramp ötən gün “Əsrin müqaviləsi”ndə nəzərdə tutulan İsrail-Fələstin sərhədlərinin xəritəsini Tvitter səhifəsində paylaşıb.