MSK böhtan atan namizədi necə cəzalandıra bilər? Siyasət

MSK böhtan atan namizədi necə cəzalandıra bilər?

Deputatlığa namizədlər təbliğat-təşviqat kampaniyasını davam etdirir. 23 gün ərzində namizədlər arasında təbliğatlarını fərqli formada quranlarla yanaşı, digər namizədin əleyhinə fəaliyyətlə gündəmə gələnlər də olur.
“Filankəs namizədliyini geri götürdü”, “Filankəs 3 dəfə evlənib” kimi qara piar diqqət çəkir.

Qanunvericilikə namizəd təbliğatını necə aparmalıdır?

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı mövzu ilə bağlı bildirib ki, normalda güclü namizəd başını aşağı salıb işini görür:
“Güclü namizəd qanun çərçivəsində təbliğatını aparır. Digər namizədlərin təbliğatı onu maraqlandırmır. Dünyanın hər yerində qara piar deyilən məsələ var ki, namizədlər biri-birinə qarşı bundan istifadə edirlər. Qara piardan istifadə halları Azərbaycanda da var. Ancaq Azərbaycanda qara piarı elə aparırlar ki, bundan hamı xəbər tutur. Bu zaman həmin şəxsin kimliyi də bəlli olur. Qara piar naməlum olmalıdır, bilinməməlidir. Təbliğat-təşviqat kampaniyasının gur vaxtı belə məlumat yayılır, məsələn, “Filankəs ailəsini boşayıb, uşaqlarını atıb” və sairə. Haqqında belə şaiyə yayılan namizəd də heç vaxt evli olmadığını sübut edə bilmir. Beyinlərə işləyən belə informasiyalar çox olur. Bəzən də əksini görürük. Digər namizədin rəqibi haqqında həqiqəti əks etdirməyən informasiyanı yaymasından sonra hamı onu tanıyır. Təbii ki, bu da qeyri-peşəkar yanaşmadır”.
Məhərrəm Zülfüqarlı bildirib ki, ən sağlam mübarizə debatlarla mümkündür: “Normal mübarizə aparan namizəd alternativini debata dəvət edə bilər. Bu zaman hər ikisi seçki platformasını elan edər. Təbii ki, belə mübarizə zamanı hansının üstün olduğuna seçici qərar verə bilər. Debatların təşkil edilməsi sağlam rəqabəti göstərir. Ancaq namizədlərin çoxu sağlam debatlardan imtina edirlər”.
Təbliğat-təşviqat kampaniyası çərçivəsində daha çox müşahidə olunan qara piardan danışan ekspert cəzanın olmasını da istisna etməyib: “Qara piar həmişə zəif namizədlər tərəfindən aparılır. Güclü namizəd heç vaxt belə səviyyəyə enmir. Qara piar naməlum olan məsələdir. Əgər bu açıq formada olursa, o zaman böhtan hesab edilir. Böhtana görə həmin namizəd MSK tərəfindən cəzalanmalıdır”.