“Vətəndaşlar Nazirlər Kabinetinin qaydalarına riayət etməlidirlər” Siyasət

“Vətəndaşlar Nazirlər Kabinetinin qaydalarına riayət etməlidirlər”

Vaqif Qarayev: “Məsuliyyətsiz davranan ölkələrdə vəziyyət nəzarətdən çıxıb və tibb aciz durumdadır”

Fuad Hüseynzadə: “Koronavirusun ölkəmizdə geniş yayılmaması üçün milli həmrəyliyə böyük ehtiyac var”

Elnur Eltürk: “Pandemiya bəlasına qarşı birgə mübarizə aparmalıyıq”

Bütün dünyada tüğyan edən koronavirus pandemiyası ciddi fəsadlar yaradıb. Vaxtında tədbir görməyən ölkələr daha ciddi problemlərlə üz-üzədir. Azərbaycan isə digər ölkələrdən fərqli olaraq vaxtında və düşünülmüş tədbirlər planı hazırladı. Amma təhlükə davam edir və daha kritik mərhələyə qədəm qoyub. Ekspertlər hesab edirlər ki, bu səbəbdən də vətəndaşlar qaydalara tam əməl etməlidirlər.
Tanınmış həkim Vaqif Qarayev “Xalq Cəbhəsi”nə bildirdi ki, qorunma ilə bağlı tövsiyələrə ciddi şəkildə əməl olunmalıdır. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri əsas götürülməlidir”. Vaqif Qarayev əlavə etdi ki, vətəndaşlar Nazirlər Kabinetinin qaydalarına riayət etməlidirlər: “Məsuliyyətsiz davranan ölkələrdə vəziyyət nəzarətdən çıxıb və tibb aciz durumdadır. Son günlər həm Ümumdünya Səhiyyə Təşkilatı, həm də epidemiyanın dinamikasını izləyən mütəxəssislər bir fikri tez-tez vurğulayırlar ki, aprel ayı epidemiyanın pik ayıdır, sonra sönməyə doğru gedəcək! Buna görə də bu kritik dövrdə özümüzü qoruyaq, qaydalara əməl edək və evdə qalaq”.

“Karantin rejiminin tələblərinə riayət edilməlidir”

Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə dedi ki, hazırda koronavirusdan qorunmağın əsas yollarından biri sosial təcrid vəziyyətində evdə qalmaqdır: “Bunun üçün ən vacib məsələ cəmiyyət arasında maarifləndirmə və təbliğatı gücləndirməkdir. Bu gün koronavirusun ölkəmizdə geniş yayılmaması üçün milli həmrəyliyə böyük ehtiyac var. Bu virusa qarşı mübarizədə dövlət bütün lazımı önləyici tədbirləri görüb, eyni zamanda, iqtisadi vəziyyəti ayaqda saxlamaq üçün əhaliyə sosial yardım paketləri veriləcək. Məqsəd isə insanların maksimum şəkildə sağlamlığını qorumaq və sosial rifahı yaxşılaşdırmaqdır. Belə bir məqamda isə insanların üzərinə düşən əsas məsuliyyət karantin rejiminin tələblərinə riayət etməkdir. Bunun üçün də insanlar evdə qalmaqla həm özlərini, həm də ətrafdakıları qorumuş olurlar. Artıq bu istiqamətdə vətəndaş cəmiyyəti də təbliğatı gücləndirib. Artıq "Evdəqal" şüarı ilə bu istiqamətdə təbliğat aparılır. Diqqət çəkən məqam odur ki, ölkə başçısı da vətəndaşlara bu baxımdan tövsiyələr verir. Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası bu baxımdan vətəndaş cəmiyyətini ayağa qaldıraraq müxtəlif səpkili kampaniyalar keçirir. Xəbər verildiyi kimi, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası REAL TV ilə birlikdə koronavirusun yayılmasının qarşısının alınmasına ictimai dəstəyi təmin etmək məqsədilə "Evdə qal, cəmiyyəti qoru" adlı ictimai monitorinq və məlumatlandırma kampaniyasına başlayıb. Martın 31-dən Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi olaraq bu kampaniyaya qoşulmuşuq. Bu kampaniyada iştirak edən QHT-lərin koronavirusla mübarizə istiqamətində hər hansı fəaliyyətləri və ya açıqlamalarının medida işıqlandırılmasına dəstək göstərəcəyik”.

“Virus sürətlə yayılmaqdadır”

Diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk diqqətə çatdırdı ki, koronavirus pandemiyasi bəşəriyyətin bəlasına çevrilib: “Bu da insanların həyat tərzini, eyni zamanda, iqtisadi, beynəlxalq əlaqələri alt- üst edib. Dünya dövlətləri mübarizə aparsalar da, təəssüf ki, virus sürətlə yayılmaqdadır və hər gün minlərlə insan dünyasını dəyişir. Bəzi dövlətlər pandemiyani ciddi faktor kimi qəbul etmədilər. Nəticəsi bu gün yaran dəhşətli mənzərədir. Cəmiyyətimizdə də məsuliyyətsiz davranış İtaliya, İran, İspaniya, Amerika, Çin və başqa ölkələrdə yaranan dəhşətli vəziyyətlə üz-üzə qoya bilər. Dəstək verməliyik ki, dövlətmiz virusa qarşı tədbirlərini effektiv görə bilsin. Dövlətimiz bütün vasitələrlə insanlarımızı qorumağa çalışır. Bütün gərəkən addımlar atılır. Bəzi insanların məsuliyyətsiz addımları millətimizi təhlükəyə ata bilər. Pandemiya bəlasına qarşı birgə mübarizə aparmalıyıq ki, bəladan qurtula bilək. Səbr və təmkinli olmalıyıq. Yoxsa, yaranan vəziyyətdən çıxa bilməyəcəyik. Ailələrini, yaxınlarını təhlükə altına atırlar. İnsanlar arasında məsafə saxlanılmalıdır. Xüsusilə, Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına əməl etməlidirlər. Səbrli ola bilsək, ondan sonra həyat öz axarına düşəcək. Ən azından virusun yayılması zəifləyər və vəziyyətə müsbət təsir göstərər. Başa düşürəm ki, insanlar işləmək, evinə çörək aparmaq istəyir. Onlar məcburiyyətdən işə gedirlər. Dövlət aztəminatlı, günəmuzd işləyən insanlarımıza dəstək üçün proqram hazırlayıb. Bu dəstəyin özü insanlarımız arasında stimul yaradacaq”.

“Qabaqlayıcı kompeks tədbirlər”

Millət vəkili Aydın Hüseynov hesab edir ki, Azərbaycan dünyanın bir parçasıdır və qlobal xarici şoklar bütün ölkələr kimi Azərbaycan iqtisadiyyatına da öz neqativ təsirlərini göstərməkdədir: “Pandemiyanın yayıldığı ilk gündən başlayaraq Azərbaycan dövləti bu faciə ilə mübarizədə qabaqlayıcı kompeks tədbirlər görməyə başladı”. Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin birbaşa nəzarətində olan bu məsələ ilə bağlı müxtəlif önləyici addımlar atıldı, ilk növbədə, vətəndaşların sağlamlığının qorunması, təhlükəsizliyinin və sosial rifahının təmin edilməsi istiqamətində səmərəli və təsirli tədbirlər görüldü: “Bununla yanaşı, hökumət komandası pandemiyanın iqtisadi inkişafa vurduğu zərbənin təsirlərini qiymətləndirmək üçün iqtisadiyyatın dərin və əhatəli diaqnonstikasını apardı. Nəzərə alsaq ki, yeni qlobal böhranın 2008-2009-cu illərin böhranından daha da ağır olacağı proqnozlaşdırılır, pandemiya beynəlxalq maliyyə və əmtəə bazarlarına, o cümlədən neftin qiymətinə mənfi təsirlərini daha da artırmaqdadır. Belə bir vəziyyətdə Azərbaycan hökumətinin xüsusi qabaqlayıcı antiböhran paketi hazırlayaraq qəbul etməsi labüdləşdi. “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı da məhz qlobal resessiyaların ölkəmizin iqtisadiyyatına təsirlərini qarşılamaq kimi strateji məqsədi daşıyır. Dövlət başçısının imzaladığı həmin Sərəncamdan irəli gələn məsələlərin həlli məqsədilə müvafiq dövlət qurumlarının nümayəndələrindən ibarət işçi qrupu yaradıldı. İşçi qrupunun və özəl sektorun, biznes icmasının birgə apardığı qiymətləndirmələrə əsasən, dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı geniş antiböhran paketi- dəstək proqramları hazıranıb. Proqramlar hazırlanarkən, ilk növbədə, pandemiyadan zərər çəkmiş bütün sahələrin dərin diaqnostikası aparılaraq iqtisadi və sosial sektorlarda ən çox, əhəmiyyətli və minimum ziyan çəkən sahələr müəyyən edilib”.

Dəstək proqramlarının əsas hədəfi

Hökumətin dəstək paketi zərərçəkən 4 sektoru və 20 fəaliyyət istiqamətini əhatə edir. Dəstək proqramlarının əsas hədəfi biznes sektorunun, istehsal, xidmət müəssisələrinin, rentabelli təşkilatların dayanıqlılığını təmin etməkdir. Biznesin üzləşdiyi sosial-iqtisadi təsirlərin qısa bir zamanda aradan qaldırılması, qabaqlayıcı tədbirlərin görülməsi ümumi iqtisadi sabitliyin, dayanıqlılığın təmin edilməsində daha əhəmiyyətli rol oynayır. Bu isə birbaşa sğzügedən məsələdə dövlətin ədalətliliyini və humanizmini nümayiş etdirir. Bu proqramların maliyyə tutumu 2,5 milyard manatdır və Azərbaycanın ÜDM-nin 3,1%-ni təşkil edir. İqtisadiyyatın həcmi ilə müqayisədə nə MDB məkanında, nə regionda bu həcmdə dəstək paketi nəzərdə tutulmayıb. Müqayisə üçün bildirim ki, bir çox region ölkələri də koronavirusla mübarizəni nəzərdə tutan dəstək proqramları hazırlayıb. Məsələn, Gürcüstanda bu göstərici ÜDM-in 2 faizi, Rusiyada ÜDM-nin 0,3 faizi, Türkiyədə ÜDM-in 2 faizi, Qırğızıstanda ÜDM-in 1 faizi, Özbəkistanda ÜDM-in 1,5 faizi həcmindədir. Azərbaycan hökumətinin pandemiyanın zərələrini qarşılmaq üçün gerçəkləşdirdiyi dəstək proqramı digər ölkələrlə müqayisədə həm maliyyə tutumuna görə, daha böyük, eyni zamanda, sektorların dəstəklənməsinə görə, genişmiqyaslıdır".

Əli