“Prezidentin əfv sərəncamı hümanist addımdır” Siyasət

“Prezidentin əfv sərəncamı hümanist addımdır”

Musa Qasımılı: “Əfv aktı Azərbaycan Prezidentinin insanpərvər siyasətinin növbəti təzahürüdur”

Naqif Həmzəyev: “Hər bir ölkə vətəndaşı Prezident İlham Əliyevin diqqət mərkəzindədir”

Prezident İlham Əliyev tərəfindən növbəti humanist addım atılıb. Dövlət başçısının “məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” 2020-ci il 6 aprel tarixli Sərəncamına əsasən 176 məhkum, o cümlədən 165 kişi və 11 qadın cəzanın çəkilməmiş hissəsindən azad edilib.
Sərəncam koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyacı olan, yaşı 65-dən yuxarı bir sıra məhkumlara şamil olunub.

“Belə bir qərarı yalnız alqışlamaq lazımdır”

Millət vəkili Musa Qasımlı “Xalq Cəbhəsi”nə bildirdi ki, cənab Prezident İlham Əliyevin imzaladığı bu sənəd ilk növbədə hümanist addımdır. Azadlığa buraxılan məhkumlar ailələrinə, qohumlarına, dost və tanışlarına qovuşdu. Nəzərinizə çatdırım ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin humanizm ənənələrini davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” 2020-ci il 6 aprel tarixli Sərəncamına əsasən 176 məhkum, o cümlədən 165 kişi və 11 qadın cəzanın çəkilməmiş hissəsindən azad edilib.
Əfv məsələsinə baxılarkən məhkumların və onların ailə üzvlərinin müraciətləri, məhkumların səhhəti, törətdikləri cinayətlər, cəza çəkdikləri müddətdə davranışları və digər məsələlər nəzərə alınıb. Sərəncamda əfv edilən şəxslərin bu humanist aktdan düzgün nəticə çıxaracağına, Azərbaycan dövlətinin qanunlarına gələcəkdə dönmədən əməl edəcəklərinə inanırıq. Sayca 34-cü olan hazırkı əfv aktı Azərbaycan Prezidentinin insanpərvər siyasətinin növbəti təzahürüdur. Digər tərəfdən ölkəmizdə vətəndaşların daha sağlam, təhlükəsiz və rahat yaşamasına yönəlmiş bir addımdır. Belə bir qərarı yalnız alqışlamaq lazımdır”.

“Dövlət başçısı dünyaya nümunə olacaq qayğıkeşlik nümunəsi göstərdi”

Millət vəkili Naqif Həmzəyev isə bildirdi ki, dövlət başçısı dünyaya nümunə olacaq ali humanistlik, qayğıkeşlik nümunəsi göstərərək, 176 məhkumun əvf sərəncamına imza atdı: “Sərəncama əsasən 165 kişi və 11 qadının cəzanın çəkilməmiş hissəsindən azad edilməsi ölkəmizdə həyata keçirilən insanpərvər siyasətinin növbəti təzahürüdür. Ənənəvi olaraq, ölkə Prezidenti bayram günlərində, bir sıra əlamətdar tarixlərdə əfv sərəncamları imzalayardı. Bu dəfə fərqli bir vaxtda, ölkəmizin koronavirus pandemiyası kabusu ilə çarpışdığı zamanda imzalanan əfv sərəncamı bir daha onu nümayiş etdirdi ki, statusundan, tutduğu mövqedən asılı olmayaraq hər bir ölkə vətəndaşı Prezident İlham Əliyevin diqqət mərkəzindən kənarda qalmır”.
Xatırladaq ki, dövlət başçısının imzaladığı qanunvericilik aktlarına əsasən, indiyə kimi 4871 şəxs əfv edilib. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul edilmiş amnistiya aktları 40412 şəxsi əhatə edib, onlardan 8580 nəfər azadlıqdan məhrum etmə cəzasından azad olunub.

Əli