“ÜST-nın müraciətindən öncə ilkin addımları Azərbaycan məhz özü atıb” Siyasət

“ÜST-nın müraciətindən öncə ilkin addımları Azərbaycan məhz özü atıb”

Politoloq: “Dövlət artıq karantin dövründən çıxmaq üçün mərhələli addımların atılmasını nəzərdə tutur”

“Sosial məsələlərlə bağlı aparılan siyasət pandemiya dövründə dövlətin və iqtidarın konstitusyon borcu öz vətəndaşları qarşısında yerinə yetirmək istiqamətində atdığı növbəti təqdirəlayiq addımlardan biridir. Ümumdünya Səhiyyə Təşkilatı fevralın 28-də koronavirusu pandemiya elan edib və bu istiqamətdə ÜST-nın müraciətindən öncə ilkin addımları Azərbaycan məhz özü atıb. Bu addımlar prafilaktiki addımlar idi və bu addımlar da Azərbaycanda koronavirus pandemiyasının doğura biləcəyi fəlakətin minimuma endirilməsi baxımından çox əhəmiyyətli və vaxtında düşünülmüş siyasət idi”. Bunu politoloq Elşən Manafov deyib.
Onun sözlərinə görə, dövlət təkcə sərt karantin rejiminin tətbiq edilməsi ilə kifayətlənməyib, eyni zamanda karantin rejimində vətəndaşların sosial müdafiəsinin təmin edilməsi istiqamətində məqsədyönümlü və düşünülmüş addımlar atıb: “Dövlət Başçısının sərəncamı ilə Əhalinin Əmək və Sosial Müdafiəsi nazirliyi, o cümlədən İqtisadiyyat nazirliyi tərəfindən birgə düşünülmüş və həyata keçirilmiş layihələr Prezident tərəfindən təsdiq olunub. Əvvəlcə 200 min daha sonra isə 600 min nəfər ölkə vətəndaşının sosial müdafiəsinin gücləndirilməsi üçün dövlət büdcəsindən vəsaitlər ayrılıb. Bundan əlavə təxminən 50 mindən çox ictimai əsaslarla iş yerlərinin açılması nəzərdə tutulur. Dövlət tərəfindən işləməyən hər bir vətəndaş üçün, o cümlədən əhalinin məşğulluq idarələrində qeydiyyata düşən vətəndaşların sosial müdaifəsi üçün 190 manat vəsait verilməsi müəyyən edilib. Bütün bunlar karantin rejimində ölkə iqtidarının vətəndaşların sosial müdafiəsi və onların sağlamlığının qorunması üçün atılmış son dərəcə gərəkli və vacib addımları idi”.
Politoloq bildirib ki, bununla yanaşı ölkə iqtidarı pandemiya dövründə əhalinin sağlamlığı ilə əlaqədar problemlərin həlli istiqamətində çalışan və burada böyük məsuliyyətli işi öz öhdəsinə götürən Azərbaycan Səhiyyəsinin işçilərini unutmayıb: “Onların da əmək haqqlarını, xüsusən də koronavirusa qarşı xəstəxanalarda mübarizə aparan, bu xəstələrlə işləyən səhiyyə işçilərimizin də maaşları 3-5 mislinə qədər artırılıb. Bütün bunlar önləyici tədbirlər olmaqla yanaşı, dövlətin-iqtidarın öz vətəndaşlarının sosial müdafiəsi, onların sağlamlığının qorunması istiqamətində atılmış vacib addımları idi. Təbii ki, dövlət artıq karantin dövründən çıxmaq üçün mərhələli addımların atılmasını nəzərdə tutur. İlk növbədə pandemiyanın ölkə iqtisadiyyatına vurduğu ziyanın aradan qaldırılması və qısa müddət ərzində ölkə iqtisadiyyatının əvvəlki vaxtına qaytarılması üçün də müvafiq planlar artıq hazırdır. Bu planlar da ona görə vacibdir ki, iqtisadiyyatın əvvəlki vəziyyətinə gətirilməsi əhalinin gəlirlərinin yenidən yüksəlməsi, bundan əlavə ölkə iqtisadiyyatının öncəki vəziyyətinin bərpa edilməsi əsas prioritetdir”.