“İslahatların ruhuna zidd addımlar ölkədə rast gəlinən ən ağır problemlərdir” Siyasət

“İslahatların ruhuna zidd addımlar ölkədə rast gəlinən ən ağır problemlərdir”

“Ölkə Prezidenti Baş prokurorla video söhbətində bu gün cəmiyyətimizi narahat edən və həlli son dərəcə vacib sayılan problemlər barədə növbəti dəfə fikirlərini açıq və konkret dedi. Haqqında danışılan problemlər insanların dövlət orqanlarına etimadı və sabaha inamları ilə birbaşa bağlıdır. Həm də bütün bunların yeni təyin edilmiş Baş prokurorla söhbətdə deyilməsi bir daha xəbərdarlıq edir ki, vəziyyət ciddidir və Prezident heç kimə güzəşt etmək fikrində deyil”.
Bu fikirləri “Xalq cəbhəsi”nə açıqlamasında “Bakı xəbər” qəzetinin Baş redaktoru, siyasi ekspert Aydın Quliyev səsləndirib. O bildirib ki, bu sözlər ilk növbədə Prezidentin dəfələrlə xəbərdarlığından hələ nəticə çıxarmaq istəməyən icra başçılarına aiddir: “Hələ də bir çoxları “mənim hansısa xidmətlərimə, ya kiminsə qohumu olduğuma görə Prezident mənə qarşı sərt olmaz” xülyası ilə yaşayır. Yerli icra sistemində korrupsiya, mərkəzi icra sistemində rüşvətə əsaslanan kadr siyasəti, ünvanlı yardımların mənimsənilməsi, xalqla özbaşına davranışlar və aparılan islahatların ruhuna zidd addımlar bu gün ölkədə rast gəlinən ən ağır problemlərdir. Prezident bu problemlər barədə çox açıq danışmaqla bir daha göstərdi ki, xalqa söykənir və xalqın nə istədiyini bilir. Prezident videoformatda qəbul keçirməklə ölkənin yeni Baş prokuroruna inandığını ortaya qoydu, ona prinsipial və şəffaf fəaliyyət çərçivəsində geniş səlahiyyətlər verdiyini nümayiş etdirdi. Ölkənin ən ağır problemləri barədə xalqın gözləri qarşısında Baş prokurorla bu söhbətin aparılmasının ayrı mənası var və bunu hər kəs başa düşməyə çalışmalıdır. Məmur ərköyünlüyü, sui-istifadə və islahatları daxilən qəbul etməmək kimi davranışları arxada qoymaq dövrü çatıb.
Xüsusilə pandemiya ilə ağır mübarizə şəraitində ünvanlı yardımların mənimsənilməsini xəyanət və vicdansızlıq sayan Prezident bu hallara münasibətdə güzəşt olmayacağını ifadə etdi.
Ən maraqlı məqam islahatların ardıcıl və dönmədən aparılacağının bir daha nümayiş etdirilməsi oldu. Prezident siyasi dialoq və onun ilk müsbət nəticələri üzərində təsadüfən dayanmadı. Siyasi dialoq ölkədə iqtisadi islahatların uğurunu və ona xalq etimadını təmin edən faktorlardan biridir. Prezident hələ də ambisiyalı motivlərlə dialoqdan kənar partiyalara bir daha şans verdi ki, özünütəcridə son qoyaraq normal siyasi sistemə və dialoqa qayıtsınlar. Eyni zamanda siyasi dialoqa sadəcə bir kampaniya kimi baxan bəzi iqtidaryönümlü ideoloq və partiya məmurlarına da xəbərdarlıq edilir ki, dialoqa formal baxanlar və ona mane olanlar da ölkənin gələcəyi üçün məsuliyyət daşıyırlar. Prezident növbəti dəfə göstərdi ki, neqativlərlə mübarizə həm inzibati, həm də institutsional qaydalarda aparılacaq.Yerli icra hakimiyyəti orqanlarının işində və kadr korpusunda yeni dəyişikliklər, hətta həbslərin olacağı gözlənilir”.