Donald Trampın Azərbaycan Prezidentinə məktubu bir neçə istiqamət üzrə böyük əhəmiyyət daşıyır Siyasət

Donald Trampın Azərbaycan Prezidentinə məktubu bir neçə istiqamət üzrə böyük əhəmiyyət daşıyır

ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə məktubu bir neçə istiqamət üzrə böyük əhəmiyyət daşıyır.
Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Şahin İsmayılov deyib.
Deputat deyib: “Məktubun məzmununa nəzər salsaq, ilk baxışdan önə çıxan məqam D.Tpampın Azərbaycanın suverenliyi və müstəqilliyinin ABŞ tərəfindən güclü şəkildə dəstəklənməsi faktıdır. Düşünürəm ki, bu, birbaşa olaraq D.Trampın həm də ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünə dəstək mesajı kimi şərh olunmalıdır. Çünki beynəlxalq hüquqda suverenlik konsepsiyası müəyyən ərazi hüdudlarında dövlətin hakimiyyətinin aliliyinin tanınması kimi qəbul edilir. ABŞ və Azərbaycan Respublikası bərabərhüquqlu dövlətlərdir. Dünyanın supergüc dövləti olan ABŞ-ın belə mövqeyi həm də Azərbaycan Prezidenti İlham Əliyevin apardığı xarici siyasətin kifayət qədər peşəkar olmasının növbəti göstəricilərindən biridir”.
Şahin İsmayılov qeyd edib ki, məktubda önə çıxan digər bir məqam Azərbaycanın beynəlxalq təhlükəsizliyin gücləndirilməsi, Avropanın enerji marşrutlarının və mənbələrinin şaxələndirilməsindəki strateji roludur. Azərbaycan beynəlxalq terrorçuluq, radikalizm, ekstremizm və transmilli mütəşəkkil cinayətkarlıq, Əfqanıstan da daxil olmaqla, dünyanın həssas bölgələrində çoxtərəfli sülhməramlı əməliyyatlara dəstək, qlobal inkişafa yardım, enerji infrastrukturlarının genişləndirilməsi kimi istiqamətlər kifayət qədər böyük töhfələr verir. Ərazisinin 20 faizi işğal olunan və erməni terrorundan əziyyət çəkən ölkəmiz bu kimi hallara qarşı bütün sivil dövlətlərlə, o cümlədən ABŞ-la ciddi şəkildə əməkdaşlıq edir. Eyni zamanda, Azərbaycan təbii resurslarının beynəlxalq aləmdə sülhün və sabitliyin qorunması istiqamətində strateji layihələrlə dəstəklənməsini də həyata keçirir. Yeri gəlmişkən Avropa qitəsinin enerji təminatının gücləndirilməsi üzrə həyati vacib layihələrdən biri olan Cənub Qaz Dəhlizinin uğurla reallaşdırılması bu layihələrdən biridir. Düşünürəm ki, burada ABŞ-ın və şəxsən Prezident D.Trampın Azərbaycana verdiyi böyük siyasi dəstək xüsusi vurğulanmalıdır. Müasir dünyada dövlətlərin və xalqların böyüklüyü onların ərazisi və sayı ilə ölçülmür. Onların beynəlxalq proseslərə verdikləri töhfələrlə ölçülür. Məktubda ABŞ və Azərbaycan nəzərdə tutularaq, iki böyük xalq və dövlət ifadəsindən istifadə olunur. ABŞ-ın dövlət başçısı səviyyəsində Azərbaycanı nüfuzlu və güclü dövlət olaraq qəbul edir. Bu da kifayət qədər böyük əhəmiyyət kəs edən məqamdır.
“Məktuba daha bir vacib məqam COVID-19-la bağlı olan hissədir. Hər birimizə yaxşı bəllidir ki, COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycan dövlət başçısının atdığı təxirəsalınmaz addımlar və çevik siyasət nəticəsində ölkəmiz bu qlobal bəlanın ağır fəsadlarından ən az əziyyət çəkən dövlətlər sırasındadır. Azərbaycan öz daxili imkanları hesabına pandemiya ilə mübarizə üçün kifayət qədər böyük vəsait ayırdı, qısa müddətdə tibbi maska və qoruyucu vasitələrin istehsalat prosesini təşkil etdi, səhiyyə sistemini bu pandemiyaya qarşı mübarizə üçün çevik şəkildə şəkilləndirə bildi. Ölkə Prezidentinin mesajı kifayət qədər açıq və dəqiq idi - Azərbaycan xalqının sağlamlığı bütün məsələlərdən vacibdir və dövlət bunun üçün hər şeyi etmək gücündə və iradəsindədir. Eyni zamanda, Azərbaycan pandemiyaya qarşı beynəlxalq mübarizəyə də töhfə vermişdir. Bu istiqamətdə ölkəmizin nailiyyətləri Ümumdünya Səhiyyə Təşkilatı və digər dövlətlər tərəfindən təqdir edilir. Dünya üçün belə çətin vaxtlarda ABŞ kimi Azərbaycan da xarici ölkələrə və təşkilatlara yardım əlini əsirgəmir. Azərbaycan Prezidentinin beynəlxalq səviyyədə COVID-19-la mübarizəyə mühüm töhfələri, ölkəmizin təcrübəsi, irəli sürdüyü təşəbbüslərin beynəlxalq aləmdə dəstəklənməsi bir tərəfdən Azərbaycan Respublikasının iqtisadi və siyasi gücüdürsə, digər tərəfdən ölkə rəhbərinin praqmatik lider olmasının göstəricisidir. Biz bundan əvvəl də dünyada baş verən qlobal proseslərə Azərbaycan Prezidentinin operativ və düzgün qərarlar verdiyinin şahidi olmuşuq. Məktubun sonunda Dağlıq Qarabağ məsələsinə toxunulur. Bu məsələnin ölkəmiz üçün həssaslığı bütün dünyaya məlumdur. D.Tramp ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi ABŞ-ın münaqişənin sülh yolu ilə dayanıqlı həlli üzrə aparılan danışıqlara dəstəyini davam etdirəcəyini açıq şəkildə bəyan edir. Bu şəkildə verilən mesaj Ermənistanın hazırkı başıpozuq rəhbərliyinin konstruktiv danışıqlara qayıtmalı olduğuna işarədir. Digər bir məqamsa ondan ibarətdir ki, danışıqların formatı dəyişilməz olaraq qalmalıdır. Heç bir üçüncü tərəf yoxdur. Nəhayət Ermənistan beynəlxalq hüquqa uyğun olaraq tarixi Azərbaycan torpaqlarından hər hansı bir şərt olmadan çıxmalıdır”, - deyə deputat vurğulayıb.