“Münaqişələri həll etmədən Avropada sülh olmayacaq” Siyasət

“Münaqişələri həll etmədən Avropada sülh olmayacaq”

Moldova ombudsmanı: "Qarabağ müharibəsi zamanı cinayətkarlar cəzasız qalıb"

"Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinə hələ də yetərincə diqqət vermir. Hələ də bir çox faktlar barədə fikir bildirilmir. Hansısa ictimai-siyasi qiymət var, lakin hüquqi qiymət yoxdur. Mən öz çıxışlarımda Qarabağ müharibəsi zamanı cinayətkarların beynəlxalq cinayət məsuliyyətinə hələ də cəlb edilmədiyini dəfələrlə qeyd etmişəm. Beynəlxalq aləm bu münaqişələrə hüquqi qiymət verməsə, müsbət heç nə gözləmək olmaz".
Bunu APA-nın Gürcüstan bürosuna Tiflisdə "Şərq tərəfdaşlığı ölkələrində işğal olunmuş ərazilərin hüquqi fəsadları" adlı beynəlxalq konfransda iştirak edən Moldova parlamentinin ombudsmanı Aureliya Qriqoriu bildirib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ, eləcə də Dnestryanı münaqişə barədə cəmiyyət əsl həqiqətləri bilmir: "Qarabağda, Dnestryanı bölgədə, indi də Ukraynada baş verən hadisələrə vaxtında qiymət verilməməsi ucbatından münaqişələr uzanır. Təbii ki, münaqişəyə hüquqi qiymət vermək çox çətindir, çünki Qarabağ müharibəsi zamanı cinayətkarlar cəzasız qalıb. Avropa bu münaqişələrə diqqətlə yanaşmalı və münaqişələrin həllini tapmağa kömək etməlidir. Bu məsələləri həll etmədən Avropada sülh olmayacaq və Avropa elə etməlidir ki, sülh yolu ilə bu münaqişələrdən azad olsun".
Moldova ombudsmanı Azərbaycanı çox sevdiyini də bildirib: "Azərbaycan mənim qəlbimdir. Mən bu ölkəni və Azərbaycan xalqını çox sevirəm".