“Əli Kərimli özünü ifşa edir” Siyasət

“Əli Kərimli özünü ifşa edir”

Niyaməddin Orduxanlı: "Mitinq keçirməklə bəynəlxalq təşkilatların tapşırığını yerinə yetirir"
Aydın Mirzəzadə: "Jurnalistlər və polislərin sayı mitinq iştirakçılarından çox olacaq"
Əli Oruclu: "Milli Şuranın mitinq qərarı vaxtında və yerində deyil"
Taliyət Əliyev: "İnsanları kütləvi aksiyalara cəlb etmək çox çətindir"

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) və bəzi qurumların daxil olduğu Milli Şura oktyabrın 12-nə Bakıda mitinq təyin edib. Qurum mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət məktubu ünvanlamağa hazırlaşır.
Qeyd edək ki, əvvəllər belə mitinqlər üçün meriya müxalifətə Bakının Səbail rayonu, Bibiheybət qəsəbəsindəki Sürcülük məktəbinin həyətindəki stadionu təklif edirdi.
Amma bu arada məlum olub ki, Bibiheybət qəsəbəsindəki Sürücülük məktəbinin həyətindəki həmin stadion təmirə bağlanıb. Əməkdaşımız müşahidə edib ki, dəmir hasarla dövrəyə alınan stadionda hazırda təmir başlayıb. Yəni artıq o meydana insanların toplaşması mümkün olmayacaq.
Bir sıra ekspertlər Milli Şuranın uzun fasilədən sonra birdən birə mitinq qərarı verməsini təsadüfi saymırlar. Bəzi fikirlərə görə bu, Avropa Parlamentinin məlum qətnaməsindən sonra planlı şəkildə atılmış addımdır.
Buna münasibət bildirən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı diqqətə çatdırdı ki, Əli Kərimli açıq şəkildə özünü ifşa edir ki, bu, adam birbaşa sifariş əsasında işləyir: "Mitinq keçirməklə bəynəlxalq təşkilatların tapşırığını yerinə yetirir. Qəsdən bu vəziyyət yaradır ki, istintaqı gedən QHT sədrləri ev dustaqlığına çıxarıla bilməsin. Bir sözlə hakmiyyətə "qıcıq" verir ki, həbs olunanlara qarşı münasibət dəyişməz qalsın. Bu gün Əli Kərimli bütün imkanı ilə çalışır ki, həmin QHT sədrləri həbsxanada qalsınlar. Bu onun maraqlarına uyğundur. Özü də bilir ki, partiyasında adam qalmayıb, Rusiyanın yaratdığı Milli Şura da çoxdan dağılıb. Kimlə mitinq keçirəcəksən? Kimdir sənin mtinqinə gələn? Göründüyü kimi əsas məqsəd sifarişi yerinə yetirmək və hakmiyyətlə beynəlxalq təşkilatların münasibətini gərkinləşdirməkdir...".
Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov da Milli Şuranın oktyabrın 12-ə təyin etdiyi mitinq haqda danışıb. Siyavuş Novruzov "Qafqazinfo"ya deyib ki, Milli Şuranın özünün heç bir perspektivi yoxdur: "Ölü bir təşkilatın mitinq təyin etməsi gülüş doğurur. Çünki belə bir qurum qeydiyyatdan keçməyib. Azərbaycanda belə bir qurum yoxdur, əvvəldən də belə bir təşkilat fəaliyyət göstərməyib. O baxımdan onların nə təşkil edəcəyi bəlli deyil. Seçki vaxtı deyirdilər 40-a qədər təşkilat birləşib mitinq keçirirdi. Stadiona vur-tut 400-500 adam çıxara bilirdilər. İndi bu ölmüş təşkilatın arxasıyca kim gedəcək!? Yəqin ki, özlərinin ətrafında olan 1-2 nəfər və cinayət törətmiş, hazırda həbsdə olan məhbusların yaxın adamları gələcək". YAP funksioneri qeyd edib ki, mitinq keçirmək xaricdən sifariş olunub: "Bu mitinqin heç bir effekti olmayacaq. Artıq aksiya əhval-ruhiyyəsi bitib. Söhbət kütləvi askiyadan yox, o aksiyanın qarşısında getməkdən gedir. Müxalifətdə əhalini kütləvi aksiyalara dəvət edib onları arxasınca aparacaq bir nəfər yoxdu. Çünki əhali bilir ki, bunlar xarici aksiyaların sifarişi ilə aksiya keçirməyə başlayıblar. Bilirsiniz ki, bir neçə şəxs xarici təşkilatdan qrant alıb şəffaf istifadə etmədiyi üçün həbsdədir. Bu mitinq də bununla bağlıdır. Aldıqları digər qrantı silmək üçün mitinq təşkil edirlər". Siyavuş Novruzov mitinqi izləməyəcəyini deyib: "Dəyərli vaxtımı bunların lüzumsuz mitinqinə sərf etməyəcəyəm".
Yeni Azərbaycan Partiyasının üzvü, millət vəkili Aydın Mirzəzadə deyib ki, bu qurumun heç bir perspektivi yoxdur: "Ötən il keçirilən prezident seçkiləri ərəfəsində cəmiyyətdə insanlar arasında Milli Şura haqda hər hansı informasiya var idi. Hazırda bu qurumun yoxluğu ilə varlığı arasında heç bir fərq yoxdur. Mənə maraqlıdır, onlar mitinqi hansı güclə keçirəcəklər? Prezident seçkilərindən sonra əksər qurumlar oranı tərk edib. Mən hesab edirəm ki, Milli Şuranın keçirmək istədiyi mitinqdə jurnalistlər və polislərin sayı mitinq iştirakçılarında çox olacaq".
Bəs Milli Şuranın oktyabrın 12-nə təyin etdiyi aksiyaya digər müxalifət partiyalarının mövqeyi necədir və partiyalar Milli Şuranın aksiyasına ehtiyac görürlərmi?
Azərbaycan Milli İstiqlal Partiyası Mərkəzi Şurasının üzvü Əli Oruclu hesab edir ki, mitinq və yaxud hansısa kütləvi etiraz aksiyaları problemlərin həlli və çıxış yolları deyil: "Üstəlik də mübarizənin başqa üsulları tükənməyib. Həzərə almaq lazımdır ki, gərginlik, qarşıdurmalar, nifrət və düşmənçilik heç bir tərəfə fayda gətirməz". Əli Oruclunun sözlərinə görə, aksiyaların kütləviliyini və effektivliyini təmin etmək üçün öncə cəmiyyətin buna hazır olub-olmamasını bilmək lazımdır: "Bu bir reallıqdır ki, hələ belə bir sosial sifariş və fəallıq yoxdur. Məhdud partiya üzvləri və təəssübkeşlərinin iştirakı ilə keçirilən aksiyalar isə təsirsiz qalır". AMİP rəsmisi hesab edir ki, kütləvi aksiyalar sadəcə bir qrup insanı bilərəkdən hüquq-mühafizə orqanları ilə üzbəüz qoymaq, onların cəzalandırılmasına rəvac verməkdən başqa bir şey olmur. Ona görə də mən Milli Şuranın mitinq barədə verdiyi qərarın vaxtında və yerində verilmiş qərar olduğu düşüncəsində deyiləm".
Azərbaycan Demokrat Partiyasının sədr müavini Taliyət Əliyev də hesab edir ki, kütləvi aksiyalar və mitinqlər təyin edilən zaman mövcud reallıq nəzərə alınmalıdır. ADP rəsmisinin sözlərinə görə, hər bir təşkilatın, o cümlədən Milli Şuranın da kütləvi aksiyalar, həmçinin mitinqlər keçirmək hüququ var: "O ki qaldı mitinqlərin keçirilməsi üçün siyasi sifarişin olub-olmaması məsələsinə, hesab edirəm ki, ölkədə bu cür aksiyalar keçirilə bilər. Amma, reallığı da nəzərə almaq lazımdır. Bu günkü reallıq isə ondan ibarətdir ki, cəmiyyət kifayət qədər apolitik bir vəziyyətdədir. Belə bir vəziyyətdə insanları kütləvi aksiyalara cəlb etmək çox çətindir". Taliyət Əliyev Azərbaycan Demokrat Partiyasının Milli Şuranın aksiyasına dəstək verib-verməyəcəyi məsələsinə də aydınlıq gətirib. O, hələlik təşkilatçılar tərəfindən demokratlara heç bir müraciət edilmədiyini diqqətə çatdırıb.

Əli