“Cəmiyyətin sağlamlığını təhlükəyə atmayın” Siyasət

“Cəmiyyətin sağlamlığını təhlükəyə atmayın”

Musa Qasımlı: “Evdən çıxmaq zərurəti yarandıqda tibbi maska taxın”

Tahir Mirkişili: “Karantin şərtlərinin yumşaldılması koronavirusa yoluxma hallarını artırıb”

Karantib rejiminin yumşaldılmasından sonra koronavirusa yoluxanların sayında artım müşahidə olunmağa başladı. Son günlər vəziyyət daha da pisləşib.
Millət vəkili Musa Qasımlı “Xalq Cəbhəsi”nə bildirib ki, bu virus bizdə yaranmayıb, ancaq ölkəmiz dünyanın bir hissəsi olduğundan ziyanı bizə də dəyir: “O da məlumdur ki, vətəndaşın sağlamlığını əsas götürən cənab Prezidentimiz İlham Əliyevin çevik və düzgün siyasəti nəticəsində bu bəladan indiyədək az itki ilə çıxan ölkələrdən biri Azərbaycandır”. Millət vəkili vurğulayıb ki, dövlətimiz vətəndaşın sağlamlığının qorunması, sosial təminatı ilə bağlı olaraq özündən asılı olan hər şeyi edib, edir və yük onun çiyinlərindədir: “Ancaq çox şey vətəndaşların özündən asılıdır. Onu da açıq şəkildə söyləmək lazımdır ki, biz özünütəşkil səviyyəsi yüksək olan cəmiyyət deyilik, bir çoxları "əşşi, mənə nə" deyəcək qədər laqeyddir və hər şeyi hakimiyyətdən gözləyir, eyni zamanda, hakimiyyətin də tövsiyələrinə riayət etmirlər. Sonra da deyirlər ki, toyumuz qalıb, yas məclislərinə normal gedə bilmirik. Gəlin özümüzə sual verək: bunun səbəbi nədir? Günahı kimdədir? Səbəbini və günahkarı bilməkdən ötrü ilk növbədə özümüzə, küçələrə, avtobuslara, metroya, çayxana və restoranlara baxmaq gərəkdir. Görünən odur ki, insanların bir qısmi tibbi maska taxmır, sosial məsafəni gözləmir, çay masası arxasında bir-birinə az qala yapışmış halda otururlar. Bu qədər məsuliyyətsizlik olarmı? Nə üçün belə edirlər? Soruşanda deyirlər ki, virus mənə bir şey eləməz. Birdəfəlik başa düşmək lazımdır ki, hökumət hər binanın giriş qapısına, avtobusa, metro vaqonuna, çayxanaya polis işçisi qoya bilməz. Özünüzün, ailənizin, qohumlarınızın, qonşularınızın və cəmiyyətin sağlamlığını təhlükə altına atmayın, çalışın evdə qalın, evdən çıxmaq zərurəti yarandıqda tibbi maska taxın, sosial məsafəni gözləyin, gigyena qaydalarına ciddi riayət edin. İmkan verin cəmiyyət normal hala dönsün”.
Millət vəkili Tahir Mirkişili deyib ki, son günlər ölkədə karantin şərtlərinin yumşaldılması koronavirusa yoluxma hallarını artırıb: “Artıq vəfat edənlərin də sayı artmaqdadır. Etiraf etməliyik ki, bir çox vətəndaşlar bu virusun nə dərəcədə təhlükəli olduğunu qəbul etmir və “özünü və başqalarını qoru” qaydalarını pozurlar. Bu minvalla onlar bütün cəmiyyəti sürətlə bu təhlükəyə doğru sürükləyir və dövlətin indiyə qədər həyata keçirdiyi yüksək qoruma tədbirlərinə kölgə salırlar.
Bütün bunları nəzərə alaraq, Sumqayıtdan seçilmiş deputat kimi sizlərin hər birindən xahiş edirəm bu çətin günlərdə özünüzü, yaxınlarınızı, ətrafdakıları, dövlətinizi və xalqınızı düşünərək ictimai yerlərdə qoruyucu vasitələrdən, maskalardan istifadə edəsiz, bir-birinizdən məsafə saxlayasınız. Həftə sonları evdə qalasınız! Bu bir ümumxalq problemdir. Belə problemlər yalnız yüksək intizam ilə həll olunur”.

Əli Zülfüqaroğlu