“Maskanın qiymətini 5 qəpik etmək lazımdır” Siyasət

“Maskanın qiymətini 5 qəpik etmək lazımdır”

Fazil Mustafa: “Karantin rejimini polisin üzərinə qoymamalıyıq, dünyada bu yükü səhiyyə sistemi idarə edir

Milli Məclisin növbədənkənar sessiyasının növbədənkənar sessiyasının dördüncü plenar iclası iclası keçirilib. Spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə 17 məsələ daxil edilib.
Deputatlar əvvəlcə cari məsələləri müzakirə ediblər.
Spiker Sahibə Qafarova deyib ki, Nikol Paşinyan yenə də beynəlxalq səviyyəli tədbirdə heç bir cavab verə bilmədi. O bildirib ki, dünən Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında Sammiti keçirilib. Azərbaycan Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb: “Ölkə başçısı dünənki sammitdə vurğulayıb ki, biz artıq Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi ilə bağlı danışıqların yekun mərhələsindəyik və mətnin 90 faizi artıq razılaşdırılıb: “Belə bir mərhələdə sammitin keçirilməsi Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlərin gələcək inkişafı baxımından çox əhəmiyyətlidir. Cənab Prezidentin çıxışında digər diqqətçəkən məqam isə onun növbəti dəfə Ermənistanın Baş Nazirini ifşa etməsi oldu. Möhtərəm Prezident Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli barədə ölkəmizin qəti və ədalətli mövqeyini bir daha beynəlxalq ictimaiyyətə çatdırdı. Dövlət başçısı Ermənistan hakimiyyətinin danışıqları pozmaq cəhdlərini açıq mətnlə ifşa edərək dedi ki, Ermənistan beynəlxalq təşkilatlar tərəfindən münaqişəyə dair qəbul edilmiş müvafiq sənədlərə əməl etmir, işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirir, danışıqların mahiyyət və formatını məhv etməyə çalışır. Azərbaycan Prezidentinin səsləndirdiyi təkzibedilməz faktlar və dəlillər qarşısında Ermənistanın Baş Naziri növbəti dəfə beynəlxalq ictimaiyyət qarşısında aciz vəziyyətə düşdü”.
Vitse-spiker Adil Əliyev bildirib ki, ölkə başçısının və birinci vitse-prezidentin şəhid ailələrinə daim qayğısı var. O bildirib ki, şəhidlərimiz, qazilərimiz üçrəngli bayrağın daim dalğalanması üçün insan üçün ən uca nemət olan canlarından keçiblər: “Bizi narahat edən məqam ondan ibarətdir ki, vətənpərvərlik duyğularından uzaqlaşmış bəzi şəxslər sosial şəbəkələrdə, KİV-də şəhidlərimizlə bağlı xoşagəlməz ifadələr işlədirlər. Cinayət Məcəlləsində təhqir edilən şəxslərlə bağlı xüsusi maddə var. Qeyd olunan proses isə kifayət qədər ağrılıdır. Bununla, o ailəyə ikiqat əziyyət edilir. Təklif edirəm ki, Cinayət Məcəlləsinə şəhid olmuş şəxslərin şərəf və ləyaqətinin qorunması ilə bağlı xüsusi maddə əlavə edilsin”.
Deputat Fazil Mustafa deyib ki, bizdə insanlarda virusa qarşı inamsızlıq var: “Çünki insanları inandıracaq tibbi kadrlar, xüsusilə də virusoloqlarımız yoxdur”. O qeyd edib ki, təcili İsraildən mütəxəssislər dəvət edilməlidir: "Onlar xalqın qarşısına çıxıb bununla bağlı izahatlar verməlidirlər. Biz karantin rejimini polisin üzərinə qoymamalıyıq. Dünyada bu yükü səhiyyə sistemi idarə edir. Bundan əlavə, tibbi maskanın qiymətini 5 qəpik etmək lazımdır. Qoy xüsusilə də avtobus sürücülərinin maska taxmamaqla bağlı bəhanələri olmasın. Lazım olsa Milli Məclisin iclaslarını da təxirə salıb onlayn şəkildə keçirməliyik".
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının sədri Volkan Bozkır Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 75-ci sessiyasının sədri seçilib. Tarixdə ilk dəfədir Türkiyə nümayəndəsi bu vəzifəyə seçilib.
Komitə sədri bu münasibətlə Volkan Bozkırı təbrik edib.
Daha sonra çıxış edən Milli Məclisin Sədri Sahibə Qafarova da təbrikə qoşulub. Spiker qeyd edib ki, Volkan Bozkır Türkiyə xalqının ləyaqətli oğludur.
Milli Məclisin deputatları çıxışlardan sonra bu münasibətlə V.Bozkırı alıqşlayıblar.
Deputat karantin rejiminin uzadılması ilə bağlı məsələyə də münasibət bildirib: “Karantin rejiminin müddətinin uzadılması ilə bağlı bizə olan müraciətlərin vaxtında həll edilməsi üçün bu məsələləri aidiyyəti qurumlar qarşısında vaxtında qaldırmalıyıq. Bizə olan müraciətləri vaxtında aidiyyəti qurumlar qarşısında qaldırsaq, ölkəmizdə bu qədər problem olmaz".
Deputat İqbal Məmmədov diqqətə çatdırıb ki, bir millət vəkili kimi bizim əsas vəzifələrimizdən biri sözsüz ki, seçicilərimizin problemləri ilə maraqlanmaq, onları narahat edən məqamları, eyni zamanda arzu və istəklərini dilə gətirməkdən ibarətdir. O, qeyd edib ki, mən buradan seçicilərimin mənə ünvanladıqları problemlərlə əlaqədar müraciətlərini səsləndirmək istəyir: "Seçicilərin haqlı narazılıqları haqqında dəfələrlə müvafiq orqanlara rəsmi müraciətimə baxmayaraq çox təəsüf ki, bu günə kimi bu problemlər həllini tapmayıb. Bildiyiniz kimi təmsil etdiyim Lerik rayonu ölkəmizin dağlıq relyefinə malik rayonlarından biridir. Rayonumuzun ən böyük problemlərindən biri yol problemidir. Yol, hər bir rayonun inkişafı və mədəniyyətin güzgüsüdür. Təəssüf hissi ilə qeyd edim ki, 17 yaşayış məntəqəsini birləşdirən 9 min nəfərdən yuxarı əhali yaşayan Əliabat-Kiravüd-Vamazqon avtomobil yolunun, 14 yaşayış məntəqəsini birləşdirən 10 min nəfərdən çox əhalinin yaşadığı Piran-Küçəkəran-Veri avtomobil yolunun, 9 yaşayış məntəqəsini birləşdirən 8 min nəfər əhalinin yaşadığı Lerik-Mastail-Livədirgə-Laman avtomobil yolunun tamami ilə yararsız vəziyyətdə olması ölkəmizin qət etdiyi inkişaf yoluna yaraşmayacaq səviyyədədir. Bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm ki, 2 qonşu rayon olan Lerik və Yardımlı rayonları arasında tarixən abad yol olmayıb. Aralarında 25-30 km yol olmasına baxmayaraq bir körpü və 4 km bərbad yol olması ucbatından əhali 180 km Lerik-Lənkəran-Masallı-Yardımlı dairəvi yolunu qət edirlər.Digər bir problem Lerik əhalisinin fasiləsiz elektrik enerjisi ilə təminatıdır. Lerik rayonunun ərazisində çəkilmiş elektrik xəttləri əsasən ötən əsrin 60-cı illərinə təsadüf edir. Odur ki, o zamanlar çəkilmiş elektrik xəttləri və ağac dirəkləri istismar müddətini başa vurmuş, yararsız vəziyyətə düşüb.
Bunları nəzərə alaraq kəndlərdə 10 və 0.4 Kva-lıq elektrik hava xəttlərinin əsaslı təmiri və sipkabelləşdirilməsi əhalinin elektrik enerjisinə olan tələbatını təmin edərdi. Bununla əlaqədar da etdiyim müraciətlərə baxmayaraq aidiyyatı qurumlar tərəfindən müsbət addım atılmayıb.
Bizim əsas iş prinsipimiz birinci növbədə xalqımızın qayğı və probleminin həlllini təşkil etməkdir. Seçicilərimizin inam və etibarını itirməmək, onların bizə olan ümidini doğrultmaq bizim üçün əsas prioritetdir. Lakin vətəndaşlarımızı narahat edən bu tip problemlərin zamanında həll olunmaması bizə olan etimadın zədələnməsi ilə nəticələnməkdədir.
Buradan aidiyyəti təşkilatlara səslənib bu işlərin həyata keçirilməsindən ötrü növbəti illərin dövlət investisiya proqramlarına daxil edilməsi və icrasından ötrü maliyyə vəsaitinin ayrılmasını xahiş edirəm”.
Deputat Əli Məsimli diqqətə çatdırıb ki, aprel və may aylarında sahibkarlara və əhaliyə verilən dəstək sonradan ona görə kəsildi ki, karantin rejimi formasını dəyişdi: “Biz yenidən karantin rejiminin əvvəlki formasına qayıdırıqsa, bir neçə istiqamətdə işlərimizi sürətləndirməliyik”.
Deputat bildirib ki, aprel və may ayında verilən 190 manatlıq birdəfəlik ödəniş iyun və iyul ayında da verilməlidir: “Pandemiyada əziyyət çəkən sahələrə də iyun və iyul aylarında ödəniş edilməsi vacibdir”.Maliyyə naziri Samir Şərifov işsizlərə verilən 190 manatlıq birdəfəlik ödənişlə bağlı “Əli Məsimlinin qaldırdığı məsələ hökumətin və dövlət başçısının diqqətindən kənarda deyil”, - deyə vurğulayıb. O bildirib ki, təxirə salınmadan müvafiq qərarlar qəbul ediləcək.
Deputat Qənirə Paşayeva vurğulayıb ki, Samir Şərifovdan xahiş edirəm, mədəniyyət sahəsində olan abidələrin tikintisi, mühafizəsi sahəsinə ayrılan pulların aidiyyəti üzrə xərclənməsinə nəzarət edilsin. O bildirib ki, Göytəpə Arxeoloji Parkının yaradılması ilə bağlı sərəncamın icrası üçün pul ayrılıb: “Bu işlərin gecikdirilməsi abidənin dağılmasını sürətləndirir. Muzeylərdə bu gün vəziyyət yaxşı deyil. Bəzi muzeylərdə işıq yoxdur. İşıq olmayan muzeydə nə nümayiş etdiriləcək?”
Deputat Tahir Mirkişili deyib ki, Büdcənin 97 faiz icra edilməsi dünyada yaxşı nəticə kimi qəbul olunur: “Rusiyada bu 94 faizdir”. O bildirib ki, büdcə xərclərindən qalan pullar sosial xərclərin ödənilməsinə yönəlib: “Əgər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dövlət büdcəsindən oğurlanan pulların qarşısını alırsa, bunun nəyi pisdir? Xərclənir, deyirlər niyə xərclənir, xərclənməsə, deyilir, niyə xərclənmir?! Bu gün büdcə xərcləri qənaət rejimində yerinə yetirilir”.
I vitse-spiker Əli Hüseynli deyib ki, bu gün cəza siyasəti humanistləşdirilib, həbs qətimkan tədbirinin yerinə isə digər cəza növləri seçilir. Ə.Hüseynli bildirib ki, bu gün elektron nəzarət vasitələrini daşıyan məhkumların sayı 3000-dən çoxdur: “Bu gün probasiya ilə məşğul olan icra məmurlarının əməkhaqqı çox aşağıdır. Bu baxımdan qanun layihəsində təklif edilən vəsaitin icra məmurlarının maddi vəziyyətinin yaxşılaşdırılmasına yönəldilməsi təqdirəlayiqdir. Bu vəsaitdən istifadə qaydası Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək”.
Müzakirələrdən sonra qanun layihələri səsə qoyularaq qəbul edilib.

Əli Zülfüqaroğlu