“Hesabatın hazırlanması olduqca çətin bir iş olacaq” Siyasət

“Hesabatın hazırlanması olduqca çətin bir iş olacaq”

AŞ PA sədri: "Ermənistan və Azərbaycan nümayəndə heyətləri arasındakı münasibətləri, təmasları artırmağa çalışırıq"

"AŞ PA-nın Siyasi məsələlər üzrə Komitəsinin son qərarından öncə Dağlıq Qarabağla bağlı 3 qətnamə layihəsinə təklif irəli sürülmüşdü. AŞ PA Bürosu da böyük əksəriyyətlə bu 3 təklifdən ikisini bir yerdə birləşdirərək, bir sənədin qəbuluna səs vermişdi. Parlament Assambleyasında sonuncu dəfə Dağlıq Qarabağla bağlı müzakirələrin keçirilməsi 2005-ci ildə baş verib. Bu dəfə isə büromuz bu qərarı qəbul etməklə ATƏT-in Minsk qrupunun fəaliyyətinə qarışmaq deyil, sadəcə burada Ermənistan və Azərbaycan nümayəndə heyətləri arasındakı münasibətləri, təmasları artırmağa çalışmaq istəyir".
Bunu APA-ya açıqlamasında Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sədri Ann Brassör qurumun Siyasi məsələlər üzrə Komitəsinin Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərdə vəziyyətin gərginləşməsi adlı qətnamənin hazırlanması ilə bağlı qəbul etdiyi təklif və bu məsələ ilə əlaqədar xüsusi məruzəçinin təyin edilməsini şərh edərkən deyib.
A.Brassör deyib ki, məsələ ilə bağlı məruzəçi komitədə gizli səsvermə yolu ilə müəyyənləşib: "Yeni təyin olunmuş məruzəçimizə bu fəaliyyətində uğurlar və əzm arzulayıram. Bu hesabatın hazırlanması olduqca çətin bir iş olacaq. Burada söhbət uzun müddət davam edən və həllinin tapılması vacib olan münaqişədən gedir. Bu məsələdə eyni zamanda çox böyük emosional məqamlar var. Bu işdə bir tərəfdən emosional vəziyyəti, o biri tərəfdən faktları araşdıraraq, gələcəkdə iki ölkə nümayəndə heyətləri, parlamentləri və eləcə də hökumət nümayəndələri arasındakı əməkdaşlıq şanslarını artırmaq üçün bunun bir yerdə həlli yollarını tapmağa çalışmaq lazımdır".
AŞ PA sədri deyib ki, hesabatın hazırlanma forması və məzmunu barədə hələlik nəsə deyə bilməz: "Komitənin növbəti toplantısı dekabr ayında Parisdə keçiriləcək. Düşünürəm ki, bu məsələyə həmin iclasda baxıla bilər. Təbii ki, mən məruzəçinin iş ritmini bilmirəm və onun bu fəaliyyətinə də qarışmaq istəməzdim. Çünki təyin edilmiş hər hansı bir məruzəçiyə komitə tam etibar edir və ona fəaliyyət aparması üçün bütün lazım olan sərbəstlik verilir. Mən bu işdə məruzəçiyə yalnız uğur və əzmkarlıq arzulayıram". A.Brassor Ermənistan nümayəndə heyətinin məruzəçi təyin edilməsinə olan etirazlarını və gələcəkdə məruzəçi ilə əməkdaşlıq etməyəcəklərini bildirmələrinə də münasibətini açıqlayıb: "Bir tərəfdən mən Ermənistan nümayəndə heyətinin bu reaksiyasını başa düşürəm, ötən həftə onlarla görüşüb söhbət etmişdim. Digər tərəfdən, hesab edirəm ki, yaxşı və tarazlaşdırılmış bir hesabat hazırlanması üçün onlar qalmalı və əməkdaşlıq etməlidirlər. Çünki hesabatın da məqsədi odur ki, məhz hər iki tərəfin mövqeyini aydınlaşdıra bilsin. Bu işdə iki tərəfin əməkdaşlığını görmək mümkün olmasa, o zaman təbii ki, çox çətinliklər olacaq. Hər halda, ümid edirəm ki, onlar məruzəçi ilə əməkdaşlıq etməyə razı olacaqlar. Çünki Parlament Assambleyasında əksəriyyətin qəbul etdiyi hansısa qərar varsa, o zaman bu qərarı qəbul etməyə çalışmaq lazımdır".
APA-nın əməkdaşının Rusiyanın Ukrayna və Krımla bağlı problemlərdən sonra AŞ PA-dakı nümayəndə heyətinə qarşı tətbiq edilmiş sanksiyaların Ermənistan nümayəndə heyətinə də qarşı tətbiqinin mümkünlüyü barədə sualına cavabında A.Brassör prosedur qaydalarına uyğun olaraq belə sanksiyaların istənilən ölkənin nümayəndə heyətinə qarşı tətbiq ola biləcəyini bildirib: "Yanvar ayında növbəti sessiyamız başlayacaq və hər sessiyanın ilk plenar iclası günü bütün ölkələrin nümayəndə heyətlərinin səlahiyyətləri təsdiq olunur. Həmin vaxt istənilən ölkənin nümayəndə heyətinin səlahiyyətlərinə qarşı etiraz olarsa, bu, nəzərdən keçirilə bilər. Rusiyaya qarşı tətbiq olunan sanksiyaya da yanvar ayında yenidən baxıla bilər. Yəni Rusiyanın Ukrayna ilə münaqişə məsələsində düzgün istiqamətdə irəliləyiş olmazsa, onlara qarşı tətbiq edilmiş sanksiyalara bir daha qayıtmaq mümkündür. Qurumun prosedur qaydalarına uyğun olaraq kimsə hansısa ölkənin nümayəndə heyətinin səlahiyyətlərinə qarşı etiraz edərsə, bu məsələ AŞ PA-nın prosedur qaydaları üzrə komitəsinə göndərilir və bunun üçün bütün lazımi şərtlər yerinə yetirilmiş hesab olunarsa, komitə bu məsələ ilə xüsusi məruzəsini hazırlaya bilər. Yəni belə bir prosedur hər hansı bir ölkənin nümayəndəsinə qarşı tətbiq oluna bilər".