O zaman söyləmişdim ki, Əli Əhmədovu ya şantaj edəcəklər, ya da... Siyasət

O zaman söyləmişdim ki, Əli Əhmədovu ya şantaj edəcəklər, ya da...

50 rektor dəyişsələr də heç nə olan deyil...

Millət vəkili, BAXCP sədri Qüdrət Həsənquliyevin Moderator.az-a müsahibəsinin sonuncu bölümünü təqdim edirik:

-Azərbaycanın son illər ənənə halını almış bir acı reallığı da ağır xəstə olan görkəmli adamlarla bağlı bəzən çox gecikmiş, bəzən min kərə xahiş- minnətdən sonra müalicəsi üçün ən yüksək səviyyədə qərar verilməsidir. Sonuncu belə olay görkəmli alim Firudin Cəlilovu ölümün pəncəsindən almaq üçün Kəmaləddin Heydərovun onu Türkiyəyə müalicəyə göndərməsi oldu. Olmazmı ki, bir fond yaradılsın və heç olmasa millət üçün əlindən gələni əsirgəməmiş cəfakeş məhşurlarımızın harayına vaxtında çatmaq mümkün olsun, iş işdən keçəndən sonra nə dövlət, nə ayrı-ayrı məmurlar əl-ayağa düşməsin?

-Hesab etmirəm ki, tanınmış adamlar üçün dövlət irəli durduğu halda deyək ki, bir kasıb müalicə pulu tapmadığına görə ölməlidir. Ona görə də ölkədə tibbi sığorta həyata keçirilməsi üçün biz illərdi danışırıq. Bu yaxınlarda baş nazirin müavini Əli Əhmədov açıqlama vermişdi ki, biz icbari tibbi sığortanın tətbiqinə başlamağa hazırlaşırıq. Mən o zaman söyləmişdim ki, onu ya şantaj edəcəklər, ya da pulla ələ almağa çalışacaqlar ki, bu məsələ gündəmdən çıxsın, ən azı məsələ mümkün qədər yubansın. Ona görə ki, ortada çox böyük pullardan söhbət gedir. Ölkədəki səhiyyə sisteminə rəhbərlik edən şəxslər imkan verməzlər ki, bu proses tezliklə həyata keçirilsin. Həkimin xəstədən aldığı pulun hamısı onun özünə çatmır ki. O yığdığının böyük hissəsin şöbə müdirinə verir, şöbə müdiri də aparıb baş həkimə verir, baş həkim də öz növbəsində daha yuxarıların haqqın verir. Yəni bu cür eybəcər mexanizm bu formada davam edir. Elə Əli Əhmədovun müsahibəsində də vardı ki, icbari tibbi sığorta tətbiq edilsə xəstədən pul alma məsələsi də aradan qalxar. Yəni deməyim odur ki, biz insanlarımızın hamısına icbari tibbi sığortanı tətbiq etməliyik ki, heç kimin hansısa xeyriyyəçiyə və ya xeyriyyə təşkilatlarına ehtiyacı olmasın. Elə sistem tətbiq edilməlidir ki, sığorta şirkəti hər bir vətəndaşımızın bütün müalicə xərcini qarşılamq iqtidarında olsun, bu xərc 50 min manat da olsa, 100 min manat da. Bundan başqa əlbəttə müəyyən xeyriyyə fondları da ola bilər ki, sığorta şirkətləri tələb olunan vəsaitin hamısını ödəmək imkanında olmayanda həmin fondlar yardımçı olsunlar. Amma qlobal şəkildə bu problemin həlli icbari tibbi sığortanın tətbiqindən keçir.

-Bir müddət öncə Tənzilə Rüstəmxanlı və Moderator.az saytı birlikdə bir xoşməramlı kampaniya başlatdı ki, Firudun Cəlilov kimi görkəmli ziyalıya, keçmiş istiqlalçı deputata, bu millət üçün canını, enerjisini fəda etmiş elm xadiminə prezident təqaüdü verilsin. Amma Prezident Adminstrasiyasından səs çıxmadı.

-Firudin müəllimi mən illər öncədən çox yaxşı tanıyıram. Firudin müəllim doğrudan da prezident təqaüdünə layiq bir adamdır. Onun səhhətindəki problemləriylə bağlı mən özüm də müxtəlif şəxslərlə söhbət etmişəm, bu məsələni onların qarşısında qaldırmışam. Deməyim odur ki, mən onun səhhətindəki problemlərdən xəbərdar idim və heç zaman ona qarşı diqqətsiz qalmamışam. Ona da bir Azərbaycan ziyalısı kimi çox böyük hörmətim var. Hesab edirəm ki, ona prezident təqaüdü verilsəydi, çox yaxşı olardı. Çünki o buna layiqdir və öz fəaliyyətiylə həm də bir istiqlalçı deputat kimi bunu qazanıb. Amma bayaq da qeyd etdiyim kimi qlobal mənada mənim baxışlarım bu məsələdə bir qədər fərqlidir. İnsanlar qanun qarşısında bərabər olmalıdır. Mən tələbələrə xüsusi təqaüdlərin də verilməsinin əleyhinəyəm. Bu baxımdan mən insanlara ünvanlı təqaüdlərin də verilməsini doğru hesab etmirəm. Çünki bu vətəndaşların konstitusiya ilə qanun qarşısındakı bərabərliyi prinsipini pozur. Tutaq ki, ziyalısı, şairi və yazıçısı da kitabını satıb yaşamalıdır. Yəni biz bir sivil Avropa ölkəsi olub Avropa dəyərələrini mənimsəmək istəyiriksə bu belə olmalıdır. Yoxsa bizdə məsələn, kimsə professordur və ali məktəbdə dərs deyir maaş alır və pensiyaya çıxır. Çıxandan sonra ona əlavə olaraq prezident təqaüdü də verirlər. Bəs o biri professorlar? Axı qanun qarşısında harda oldu hamının bərabərliyi? Xüsusi xidmətlərə görə birdəfəlik mükafatlar verilə bilər. Yoxsa daimi əsaslarla kimsə kiminsə təqdimatını verəcək, onun adın həmin siyahıya salacaqlar, başqaların yada da salan olmayacaq, bu cür meyarla elmi hörmətdən salırıq. Obyektiv araşdırma aparaq görək prezident təqaüdünə düşən professorun digər professorlardan hansı üstünlüyü var? Bu fərqi kim müəyyənləşdirir, kriteriyalar nədir, hansı komissiya bunu seçir? Yaxud fəxri adların verilməsini götürək. Bəzən görürsən ki, incəsənətdən, mədəniyyətdən xəbəri olmayan birinə xalq artisti və ya əməkdar artist adı verilir, canını bu sənətə qoyanı heç yada da salan olmur. Burda hansı kriteriyalsr əsas götürülür bəs? Yəni deməyim odur ki, bu sahədə bizdə bir xaos var və qanunun gücündən yox, acizliyindən danışmaq lazım gəlir. Bayaq tələbələrdən danışdım, kimsə məni ittiham etməsin ki, tələbələrə xüsusi təqaüd verilməsinin əleyhinəyəm. Bilirsiniz, hər şey qanunla tənzimlənməlidir. Təhsil haqqında qanunda konkret göstərilməlidir ki, yaxşı oxuyan tələbə filan qədər təqaüd almalıdır. İndi ixtisaslar üzrə seçimlər edilir və ən yüksək bal toplamış abituriyentlərə bəri başdan prezident təqaüdü verilir. O uşaqların çoxu heç gedib oxumurlar. Amma ən azından həmin tələbənin heç olmasa bir ilinin nəticəsini gözləmək laızmdır ki, bu adam doğrudanmı bu təqaüdə layiq birisidir? Amma bu gün universitetlərdə həmin tələbələr universitetin adı üçün axıradək hətta oxumasalar belə universiteti bitirənədək əlaçı kimi gedirlər. Bu formada təhsil və bu cür qiymətləndirmə olmaz. Ona görə də hesab edirəm ki, bu məsələyə də mütləq yenidən baxılmaldır. Deməyim odur ki, 10 milyonluq bir ölkədə dövlət bütün xəstələnən ziyalısının xərclərini öz üzərinə götürə bilməz. Onda gərək ayrı-ayrı şirkətlər ancaq xəstə müalicə etdirməklə məşğul olsun. Bilirsiniz müraciət edənlərin sayı nə qədərdir? Hətta "Heydər Əliyev Fondu" da müraciətlərin hamısını qarşılaya bilmir. Çünki müraciət edənlərin sayı-hesabı yoxdur. Məhz ona görə sığorta şirkətləri yaradılır və vətəndaşa da deyilir ki, sən əvvəlcədən həmin şirkətlərə pul ödə ki, sabah səhhətində problem yarananda sənin əməliyyat xərcini həmin sığorta şirkəti ödəyə bilsin. Biz inkişaf etmiş dünyanın keçdiyi yola çıxmaq üçün sürətlə addımlamalıyıq. Yoxsa lap Heydər Əliyev Fondu kimi 10 dənə fond yaradılsa da mümkün olan şey deyil. Tutaq ki, Heydər Əliyev Fondu ildə min xəstəni əməliyyat etdirir, o biri fondlar da lap hərəsi min xəstəni müalicə etdirsin. Amma təkcə ildə İrana müalicəyə bir milyon adam gedir. Ona görə də ilk növbədə Azərbaycanda səhiyyənin səviyyəsini qaldırmaq lazımdır. Cəmiyyətin diqqətini xırda işlərə deyil, bu cür fundamental məsələlərə yönəltmək lazmdır ki, niyə Azərbaycanda bu qədər dövlət səhiyyə müəssisələri var? Axı biz bazar iqtisadiyyatına keçmiş ölkəyik. Niyə səhiyyə obyektlərini də özəlləşdirmrik? Məqsəd və maraq nədir burda? Yaxud niyə bu qədər dövlət universitetləri var? Niyə bazar iqtisadiyyatına keçəndən sonra zavod və fabiklər özəlləşdirildi, amma ali məktəbləri özəlləşdirmək "yaddan çıxdı"? Yəni bu məsələləri biz zaman-zaman qaldırırıq, sizlərin də bir jurnalist kimi borcunuzdur ki, daim gündəmdə saxlayasınız və sual verəsiniz ki, niyə buna olar, o birinə olmaz? Yəni hamı da yaxşı anlayır ki, universitetlər özəlləşdirilməyənədək və təhsil kreditləri verilməyənədək ali məktəblərdəki neqativ halları aradan qaldımaq mümkün olmayacaq. 50 rektor dəyişsələr də heç nə olan deyil. Olsa-olsa müəyyən kosmetik dəyişikliklər ola bilər ancaq. Ancaq təhsildə fundamental dəyişiklikər baş verəsi deyil. Eləcə də icbari tibbi sığortaya keçməyənə və xəstəxanalar özəlləşdirilməyənə qədər səhiyyə sistemində də ciddi nailiyyətlərdən söhbət gedə bilməz. Təhsillə səhiyyəsi zəif olan ölkədə isə vətəndaşın sosial rifahından danışamğın yeri qalmır.

-Hər dəfə Həcc mövsümündə cəmiyyətdə və mətbuatda bu mövzu dartışılır ki, 4 min adam gedib Həccdə 5 min manat pul xərcləyir, amma tutaq ki, qonşusu 500 manat tapıb əməliyyat oluna bilmədiyinə görə dünyasın dəyişir, yaxud pulsuzluqdan digər faciələr yaşanır. Bu məsələyə Sizin baxışınız necədir?

-Həcc ziyarəti hər bir zəvvara təxminən 5 min manata başa gəlir. Amma siz heç təsəvvür edirsinizmi hər il turist kimi xaricə dincələməyə nə qədər soydaşımız gedir? İl ərzində təkcə 60-70 min adam Gürcüstana gedir. Özü də bir çoxunun həmin istirahəti 5 minə yox, 10 min manatdan baha başa gəlir. Yəni bunları eyniləşdirmək istəməzdim, biri gəzmək, istirahət etmək üçün o qədər pul xərcləyir, bir başqası isə Allah qarşısında borcunu yerinə yetirmək üçün müqəddəs yerləri ziyarət etmək istəyir. Bilirsiniz, demək olmaz ki, ay filankəs, sən Həcc ziyarətinə getmə, amma həmin pulu apar bir ürək əməliyyatı üçün xərclə. Mən bu cür yanaşmanı qəbul edə bilmirəm. Bu məsələni hərənin öz vicdanlına, baxışlarına və dünyagörüşünə buraxmaq lazımdır. Amma elə məsələlər var ki, orda qayda-qanun yaratmaq lazımdır. Məsələn, indi restoranlarda qayda-qanun yarada bilmirlər, ki, səsi çox verib toya gələnlərin əsəblərin pozmasınlar, kondisioneri toy başlayan kimi söndürməsinlər, bahalı yeməkləri toyun sonunda gətirməsinlər. Bunu nizama salmaq istəmirlər, indi də təklif səsləndirirlər ki, gəlin Tacikistandakı kimi toya 100 nəfərdən artıq adam çağrılmasın, toyda da tutaq ki, ancaq iki növ yemək verməlisən. Adama deyərlər ki, mənim qonağıma nə verəcəyimi sənmi müəyənləşdirməlisən? Tutaq ki, bir biznesmen oğluna toy edir, o qonaqlara kürü verəcək, o birisi kasıbdırsa bunu verməyəcək. Bazar iqtisadiyatına keçmiş ölkədə bu cür bərabərlik işarəsi qoymaq nə dərəcədə doğru olar? Bunları ona görə söyləyirəm ki, biz bəzən sahibkarın üstünə gedə bilmirik ki, sən orda qanunlara hörmət elə, başlayırıq ümumi təbliğat kampaniyası aparmağa. O ki, qaldı Həcc ziyarətinə, burda da artıq eybəcərliklərə əl atılmasına başlanılıb. Bir də görürsən ki, kimsə gedib o Müqəddəs yerlərdən özü öz şəklin çəkib göndərir Bakıya ki, qoy baxsınlaar bu adam hardadır. Halbuki həmin məqamda o bütün varlığıyla, ruhuyla Allahına bağlanmalıdır. Yəni orda olan adam ibadətdən savayı başqa nə düşünə bilər ki? Amma təəssüf ki, ora reklam naminə gedən də var. Belələri də var, amma əksəriyyət inanclı insanlar Kəbəyə Allah qarşısında günahlarını yumağa gedirlər. Ona görə də bu məsələdə bir qədər ehtiyatlı olmalıyıq. Mən bilirsiniz nədən qorxuram? Azərbaycanda dini ekstremizm güclənir, ölkədən xeyli sayda gənclər gedərək terror təşkilatlarının tərkibində döyüşürlər. Biz bunun qarşısını ala bilmirik. Yəni Azərbaycanda münbit baza var ki, İŞİD burdan əsgər yığdığını bəyan edir. Hesab edirəm ki, diqqəti daha çox bu məsələlərə yönəltməliyik.