Avrasiya İttifaqında Qarabağsız Ermənistan Siyasət

Avrasiya İttifaqında Qarabağsız Ermənistan

İşğalçı "dilənçi ölkə" statusunu dəyişmək istəyir

Cavid

MDB dövlət başçılarının son Sammitində Ermənistan Avrasiya İqtisadi İttifaqına üzv qəbul olunub. Müvafiq müqaviləni Minskdə oktyabrın 10-da dövlət başçıları imzalayıblar. Bununla da Ermənistan Rusiya, Belarus, Qazaxıstanla birlikdə Avrasiya İttifaqının tam hüquqlu üzvü olub. Aİİ 2015-ci il yanvarın 1-dən fəaliyyətə başlayacaq. Ermənistanın bu təşkilata üzv qəbul olunması birmənalı qarşılanmayıb və əsl reallıq fərqlidir. Bəzi Ermənistan təhlilçiləri və ölkənin hakim dairələri Ermənistanın Aİİ-yə daxil olmasını həm iqtisadi, həm də təhlükəsizliyi baxımından əlverişli olduğunu, ölkənin daxili, iqtisadi siyasəti, eləcə də regional kontekstdə ciddi əhəmiyyət daşıyacağını söyləyirlər.
Ermənistan müxalifəti isə təşkilata üzvlüyə mənfi baxır, Ermənistan hakimiyyətinin bu addımını Dağlıq Qarabağın gələcək iqtisadi və siyasi durumu ilə bağlı tənqid edirlər: "Ermənistanın üzvlüyü iqtisadi baxımdan düzgün addım deyil. Bu, ilk növbədə ittifaqın iqtisadiyyatına zərər vuracaq."
Onu vurğulamaq yerinə düşər ki, Ermənistan rəhbərliyi bu addımı atmaqla Qazaxıstan, Türkmənistan, Belarus kimi ölkələrdən yardım umur, "dilənçi ölkə" statusunu dəyişmək istəyir. Hazırda bu ölkədə yaşayış səviyyəsi təhlükəli həddə çatıb. Prezident Serj Sarkisyan, digər rəsmilər düşünürdülər ki, üzvlüklə bağlı yaranmış vəziyyətdən istifadə edərək, Dağlıq Qarabağı da qeyri-rəsmi şəkildə bu birliyə üzv edəcək və bununla da Azərbaycanın işğal altındakı torpaqlarında istehsal olunan məhsulları Ermənistan üzərindən Rusiya, Belarus və Qazaxıstanın bazarına daşımaq istəyəcək. Lakin bu çox təhlükəli oyunun qarşısı Azərbaycan prezidenti İlham Əliyevin uzaqgörənliyi ilə alındı. Belə ki, bu il mayın 29-da Astanada Avrasiya Ali İqtisadi Şurasının geniş tərkibdə keçirilən iclasında Ermənistanın üzvlüyü məsələsi Qazaxıstan prezidenti Nursultan Nazarbayevin qeyd-şərti səbəbindən təxirə salındı. N.Nazarbayev Azərbaycan prezidenti İlham Əliyevdən aldığı məktuba istinadən Ermənistanın Avrasiya İttifaqına BMT tərəfindən tanınmış sərhədləri çərçivəsində qəbul olunmasını tələb etdi. Bu, əslində Ermənistanla bir iqtisadi məkanda olan Dağlıq Qarabağın Ermənistan Respublikasından gömrük məntəqəsi ilə ayrılması demək idi.
Bundan başqa, Minsk sammiti ərəfəsində Azərbaycan xarici işlər nazirinin Minskə baş çəkməsi və Belarus prezidenti tərəfindən xüsusi ehtiramla qəbul olunması ermənilərin bicliyini alt-üst etdi. Oktyabrın 10-da Minskdə Qazaxıstan prezidenti Nursultan Nazarbayev bəyan etdi ki, Ermənistanın üzvlüyünə dair bütün hüquqi və iqtisadi məsələlər razılaşdırılıb. Eyni zamanda bizim Ermənistanın hansı sərhədlər daxilində qoşulduğuna dair verdiyimiz həssas sual ətrafında kompromis əldə etmək mümkün olub. Qazaxıstan Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü üçün maneə görmür. Beləliklə, S.Sərkisyan Azərbaycan prezidentinin məktubunda vurğulanan şərtlə razılaşıb və nəticədə N.Nazarbayev Ermənistanın üzvlüyünə yaşıl işıq yandırıb. Bunu Azərbaycanın xarici siyasətinin qələbəsi saymaq olar.
Avrasiya İqtisadi Birliyinə və Gömrük İttifaqına qəbulun Ermənistan üçün hansı ağır iqtisadi şərtlər diktə etdiyi başqa bir söhbətin mövzusudur. İttifaqa Dağlıq Qarabağsız qəbul Ermənistan üçün siyasi şillədir, çünki İrəvan faktiki olaraq Gömrük İttifaqına daxil olmaq üçün "DQR"lə sərhəddə gömrük məntəqələri yaratmağa məhkum edilib. Bu addımın siyasi çəkisi İrəvan üçün göründüyündən də ağır olacaq. Çünki Ermənistan Gömrük İttifaqına beynəlxalq çərçivədə tanınmış sərhədləri daxilində qəbul edilir. Bu o deməkdir ki, ittifaqın üzvləri növbəti dəfə Dağlıq Qarabağı Ermənistan ərazisi kimi tanımırlar.
Gömrük İttifaqının üzvləri həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Ermənistanın müttəfiqləridir. Ermənistanın Dağlıq Qarabağa olan iddialarının ittifaq tərəfindən de-fakto və de-yure rədd edilməsi İrəvanın indiyədək təbliğat kampaniyasında istifadə etdiyi bir kartı vurmuş olur. Ermənistan hər zaman "Azərbaycan Dağlıq Qarabağda hərbi əməliyyatlara başlayarsa, KTMT təhlükəsizliyimiz üçün təhdidləri aradan qaldırmağa kömək edəcək" kimi ucuz təbliğat tezisindən istifadə edib. Lakin Ermənistanın Gömrük İttifaqına qəbul şərtləri bu tezisin də üzərindən xətt çəkmiş olur. Əgər "DQR" Ermənistan ərazisi kimi tanınmırsa, İrəvandan bu ərazilərlə sərhəddə gömrük məntəqələri yaratmaq tələb olunursa, onda beynəlxalq səviyyədə Azərbaycanın ərazisi sayılan Dağlıq Qarabağda hərbi əməliyyatların başlaması Ermənistanın təhlükəsizliyinə hansı təhdid formalaşdıra bilər? Ermənistan bunun əksini sübut etməyə çalışmaqla özünün işğalçı olduğunu etiraf etməli olacaq.
Ermənistanla Dağlıq Qarabağ arasında gömrük məntəqələri yaradılarsa, Moskva İrəvana qarşı əlavə təzyiq forması əldə edəcək. Yəni, Kreml Ermənistanın qondarma "DQR"lə ticarət və maliyyə əməliyyatlarına bir müddət göz yumacaq, lakin İrəvan ona cızılmış xətdən kənara çıxarsa, Rusiya dərhal həmin gömrük məntəqələrinin fəaliyyətinə nəzarət məsələsini gündəmə gətirə bilər.
Ermənistanın düşdüyü bu ağır siyasi durum havadan yaranmayıb, bu durum iki xarici siyasət faktorunun təsiri nəticəsində meydana çıxıb. Bu faktorlar Ermənistanın müstəqil xarici siyasət yürütmək imkanından məhrum olmasının və Azərbaycanın yürütdüyü ardıcıl xarici siyasət kursunun nəticəsi kimi formalaşıb. Ermənistanın Gömrük İttifaqına "DQR"siz qəbulu, "DQR" üzərində iddialardan faktiki imtinaya gətirib çıxaran şərait rəsmi Bakının Qazaxıstan, Belarus, elə Rusiyanın özü ilə qarşılıqlı maraqlara əsaslanan siyasətin yekunudur. Azərbaycan Gömrük İttifaqına üzv ölkələrlə ikitərəfli münasibətləri inkişaf etdirməklə günün şərtlərini lehinə çevirməyi bacarıb.
Gömrük İttifaqının timsalında günümüzün şərtləri bir məsələni diktə edir - bu ittifaq son məqsədindən asılı olmayaraq bir inteqrasiya layihəsidir. Öz maraqlarının bir hissəsini ümumi maraqlara güzəştə gedən Qazaxıstan və Belarus layihənin qüsursuz reallaşmasında maraqlıdır. Bu səbəbdən hansısa dezinteqrasiya faktoru Gömrük İttifaqının gələcək taleyini zərbə altına qoya bilər. Gömrük İttifaqı həm də digər hərbi və siyasi bloklardan fərqli olaraq praktik ittifaqdır, burada hansısa uğursuzluq iştirakçı dövlətlərə siyasi deyil, iqtisadi baxımdan ağır zərbə vurmuş olacaq. Qazaxıstan və Belarus bu səbəbdən Gömrük İttifaqının işlək mexanizmini pozacaq dezinteqrasiya amillərini aradan qaldırmağın vacibliyini önə çəkirlər. Ermənistan isə postsovet məkanında həmişə dezinteqrasiya faktoru kimi qəbul olunub, MDB, KTMT və digər inteqrasiya formalarının istənilən nəticə verməməsinin tək səbəbi Ermənistanın bu formatlara uyğun gəlməməsi, buna rəğmən satellit, yaxud forpost "dövlət" kimi həmin formatlarda yer almasıdır.
Ermənistanın Gömrük İttifaqına üzv qəbul olunması aysberqin görünən tərəfidir. Buz dağının görünməyən hissəsində İttifaqın diktə etdiyi şərtlərdən qaynaqlanan sürətli bahalaşma, əhalinin sosial durumunun ağırlaşması, miqrasiya prosesinin sürətlənməsi kimi amillər yer alır. Bu amillərin Ermənistanda onsuz da kövrək olan stabilliyi pozacağı şəksizdir. Ermənistan müxalifətinin kütləvi aksiyaları davamlı hala gətirməsi üçün bütün şərtlər artıq formalaşmaqdadır. Təkcə yanvarın 1-dən xaricdən idxal olunan 1000-dən artıq gündəlik tələbat məhsullarının qiymətinin bir neçə dəfə bahalaşması Ermənistan siyasətində Spitak zəlzələsindən də dəhşətli effekt yarada bilər.
Ermənistanın Gömrük İttifaqına qəbulu ətrafında baş verən proseslər siyasi nəzəriyyələrin tətbiqi və öyrənilməsi baxımından da maraq kəsb edir. Hər şeyə rəğmən maraqları maksimum balanslaşdırmaqla, bəzən güzəştə getmək bahasına olsa belə, müstəqil və ardıcıl xarici siyasət kursu yürütməyin yekunda istənilən nəticəyə gətirib çıxaracağını Azərbaycanın timsalında görmək mümkündür. Yaxud, nəzəriyyəçilər son prosesləri tədqiq etməklə ardıcıl və müstəqil olmayan xarici siyasət kursunun dövlətin müstəqilliyinin necə itirməsinə gətirib çıxardığını Ermənistanın timsalında öyrənə bilərlər.